“Ətin bahalığı iqtisadi amillərdən asılı deyil”
29 Noyabr 2012 17:54 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Azərbaycan ət məhsullarına olan tələbatın 87%-ni öz hesabına təmin edir.Azərbaycana ət məhsulları əsasən Rusiya, Ukrayna və Belarusdan idxal olunur. Hazırda 1 kq ətin pərakəndə ticarət şəbəkələrində satışı 7-10 manat arasında dəyişir. Mal ətini ən ucuz qiymətə Gürcüstanda tapmaq olar. Bu ölkədə mal ətinin 1 kq-ı 4-5 manatdan baha deyil. Rusiya və Ukraynada 1 kq ət 5-5,5 manata satılır. Beləliklə, MDB dövlətləri arasında ən bahalı ət satışı Azərbaycandadır. "Azadinform"a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanda ət məhsullarının baha olmasının iqtisadi amillərdən asılı olmadığını deyir: "Bütövlükdə ətin qiymətinin bahalaşmasının səbəblərini qruplaşdırsaq, yem məhsullarının qiymətinin yüksək olması, ölkədaxili bazara çıxışda maneələr, ətin idxalı ilə bağlı qeyri-rəsmi süni maneələr ölkə daxilində ətin qiymətinin bahalaşmasına gətirib çıxarır". Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcovun fikrincə, Azərbaycanda ət məhsullarının baha olması qiymətlərin süni şəkildə artırılması ilə bağlıdır.