“Günəşli” yatağında özüllərin elektrik təchizatı yenilənir
27 Noyabr 2012 18:22 İqtisadiyyat"Günəşli" yatağındakı mövcud 13 dərin dəniz özülünün elektrik təchizatını təmin edən mənbə yenilənir.
"Azadinform"a ARDNŞ-dən verilən məlumata görə, yatağın elektrik təchizatı 1985-ci ildə istismara verilmiş "Neft Daşları"ndakı 48 saylı Qazturbin Elektrik Stansiyası ilə 2 saylı özül arası 2 ədəd 35kV-luq qidalandırıcı sualtı kabel xətti, eləcə də həmin özüldəki 2 ədəd 1000kVA transformator yarımstansiyası vasitəsi ilə təmin olunur. Sualtı kabel xətlərinin və yarımstansiya avadanlıqlarının istismar müddətinin başa çatması nəzərə alınaraq, elektrik təchizatının etibarlılığının artırılması məqsədi ilə yarımstansiyada elektrik avadanlıqlarının müasir tipli avadanlıqlarla dəyişdirilməsi, yeni 35kV-luq sualtı kabel xəttinin çəkilməsinə qərar verilib. Artıq yarımstansiya avadanlıqları yenisi ilə əvəz olunub, 2 ədəd güc transformatoru əsaslı təmirdən sonra istismara qaytarılıb. Eyni zamanda, aparılmış texniki müzakirələr və araşdırmalardan sonra Finlandiyada istehsal olunan 21 kilometr uzunluğunda 35kV-luq sualtı güc kabeli alınıb. Kabel xəttinin çəkiliş işləri ARDNŞ-nin idarə və müəssisələrinin daxili imkanları hesabına "Neftqaztikinti" Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsi tərəfindən həyata keçirilib. Quraşdırılmış sualtı kabelin trassası izlənilib, kabelin son nöqtələrində muftalar quraşdırılıb, sınaq yoxlama işləri aparılıb və müvəffəqiyyətlə başa çatdırılıb.