Bakıda yeni Forum təsis edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının 1-ci Forumu keçirilib.  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbəri, millət vəkili Azay Quliyev bildirib ki, Forumun təşkilində məqsəd quruma üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarının potensialının səfərbər edilməsidir: "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı geniş coğrafi əraziyə və böyük potensiala malikdir. Bu təşkilat çərçivəsində QHT Forumunun təsis edilməsi mühüm layihələrin həyata keçirilməsinə dəstək verəcək. Etiraf edilməlidir ki, hazırda təşkilata üzv dövlətlərin  QHT-ləri arasında koordinasiya zəifdir. Forum fəaliyyətə başladıqdan sonra regionda təhlükəsizlik məsələlərinə öz töhfəsini verəcək". Sonra Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxudu. Dövlət başçısı müraciətində bildirib ki, "Əminəm ki, yaranmaqda olan bu QHT birliyi ölkəmizi əhatə edən bütün layihələrə vətəndaş cəmiyyəti institutlarının dəstəyini təmin etməklə onların rolunu   artıracaq və regional əhəmiyyətini daha da qabarıq şəkildə dünya ictimaiyyətinə  çatdıra biləcək". Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, təşkilat çərçivəsində QHT-lərin əməkdaşlığına böyük ehtiyac var. Çünki parlamentlərin qəbul etdikləri qərarlara ictimaiyyətin dəstək verməsi olduqca vacibdir. Dünyada gedən proseslərə vahid vətəndaş mövqeyinin ortaya qoyulması ən mühüm şərtlərdəndir". Sonda  QHT Forumunun nizamnaməsi və yekun sənəd olaraq Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamə müddəaları Forumun təsis edilməsi və fəaliyyətin davamlı əlaqələndirilməsi üçün Katibliyin yaradılmasını özündə əks etdirir.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31