Tseska Tsaçeva: “Bolqarıstanın Azərbaycan neftinə və qazına böyük ehtiyacı var”
27 Noyabr 2012 17:32 İqtisadiyyatBu gün Bakıda səfərdə olan Bolqarıstan parlamentinin sədri Tseska Tsaçeva Milli Məclisdə Azərbaycan-Bolqarıstan dostluq qrupunun üzvləri ilə görüşüb.
"Azadinform" xəbər verir ki, Bolqarıstan parlamentinin nümayəndə heyətini salamlayan Azərbaycan dostluq qrupunun rəhbəri Siyavuş Novruzov bildirib ki, iki ölkə arasında əlaqələr dinamik olaraq inkişaf edir O qeyd edib ki, parlamentlərarası əlaqələr də ikitərəfli əməkdaşlığa öz töhfəsini verməkdədir: "Bu əlaqələrimiz gələcəkdə də davam edəcək".
S.Novruzov Bolqarıstan tərəfinə Dağlıq Qarabağ məsələsində ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə öz təşəkkürünü bildirib. Bolqarıstan parlamentinin spikeri vurğulayıb ki, siyasi müstəvidə olduğu kimi parlament müstəvisində də çox fəal əməkdaşlığımız var: "Ancaq bu əlaqələr bizi qane edən səviyyədə deyil. Əlaqələrimizi daha da inkişaf etdirmək və xalqlarımızın bir-birini daha yaxından tanıması üçün geniş imkanlar mövcuddur. İşgüzar dairələr arasında əlaqələrin inkişaf etdirilməsi xalqlarımızın bir-birini yaxından tanımasına öz töhfəsini verəcək".
İqtisadi əlaqələrdən danışan spiker qeyd edib ki, Azərbaycan enerji resurslarına malik olan ölkədir: "Bolqarıstanın isə özünün enerji təchizatını təmin etmək üçün Azərbaycanın neftinə və qazına böyük ehtiyacı var. Biz bu sahədə çox yaxşı əməkdaşlıq edə bilərik. Düzdür, bu məsələ Bolqarıstan baş nazirinin Azərbaycana səfəri zamanı geniş müzakirə olunub. Biz də parlament olaraq iqtisadi əlaqələrin inkişafı istiqamətində qanunvericilik bazasının yaradılmasında öz töhfəmizi verə bilərik".