“Texnikabank”a daha bir zərbə
Bank tenderin qalibi olsa da, mövcud problemlər bu hüququ onun əlindən alıb
19 Aprel 2012 16:06 İqtisadiyyatDövlət Sosial Müdafiə Fondu tərəfindən ölkədə pensiyaların paylanması üçün müvəkkil bank təşkilatının seçilməsi məqsədilə keçirilən tender başa çatıb. "OLAYLAR"-ın verdiyi xəbərə görə, belə bir açıqlama ilə fondun sədri Səlim Müslümov çıxış edib. Səlim Müslümov bildirib ki, lotların 43 faizində "Kapital bank", 57 faizində isə Azərbaycan Beynəlxalq Bankı qalib gəlib: "Lakin 69 lotdan 22 lot üzrə qalibi müəyyən etmək mümkün olmayıb, çünki həmin lotlar üzrə tenderdə iştirak edən bankların sayı 3-dən az olub. Artıq qalib elan edilmiş banklarla müqavilələr imzalanıb". Fondun sədri qeyd edib ki, tenderdə Sumqayıt şəhər və Abşeron rayon şöbələri üzrə ən aşağı qiyməti "Texnikabank" ASC təqdim edib: " Lakin "Texnikabank"da yaranmış problemləri nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankına "Texnikabank"ın maliyyə vəziyyəti barədə müraciət edilib. Müraciətə alınmış cavab "Texnikabank"ın qalib elan edilməsinin məqsədəuyğun olmadığını göstərib. Nəticədə hər iki şöbə üzrə ikinci yeri tutan "Kapitalbank"la müqavilə imzalamaq təklif edilib". Fondun sədri onu da bildirib ki, "Kapitalbank"ın Sumqayıtda bankomat şəbəkəsi geniş olmadığına görə, təklif qəbul edilməyib: "Nəticə etibarilə Abşeron rayonu "Kapitalbank"a, Sumqayıt şəhəri isə Azərbaycan Beynalxalq Banka həvalə olunub".