Vətəndaşlar pensiyaları barədə məlumat əldə edə biləcəklər
DSMF pensiya kartları ilə bağlı elektron xidməti istifadəyə verib
27 Noyabr 2012 14:02 İqtisadiyyatDövlət Sosial Müdafiə Fondu sığortaolunanların fərdi hesablarına toplanan pensiya kapitalları barədə məlumatlandırılmasını özündə əks etdirən elektron xidməti vətəndaşların istifadəsinə verib. DSMF-ın İctimaiyyətlə əlaqələr sektorundan "Olaylar"a verilən məlumata görə, "Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi" adlı müasir məlumatlandırma sistemi Fondun rəsmi internet informasiya ehtiyatında olmaqla yanaşı, "Elektron Hökumət" Dövlət İnformasiya Sistemi (EHDİS) portalında yerləşdirilib. Xidmətdən yararlanmaq üçün ilk vaxtlar elektron imza tələb olunurdusa, hazırda bu tələb aradan qaldırılıb və istifadə qaydaları daha da sadələşdirilib. Hər bir vətəndaş sadəcə olaraq özü haqqında müvafiq bilgiləri daxil etməklə bu elektron xidmətin daimi istifadəçisinə çevrilə bilər. Bu xidmət vasitəsilə istənilən sığortaolunan Fond tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanını əldə edir. Bu sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına imkan verəcək.