Maliyyə naziri Samir Şərifov QDTİB-nın baş katibi Orsalia Kalantzopoulosu qəbul edib
26 Noyabr 2012 17:25 İqtisadiyyatAzərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) baş katibi xanım Orsalia Kalantzopoulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə QDTİB arasında mövcud olan səmərəli əlaqələrin inkişafından məmnunluq ifadə edilmiş və bu əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanmış, Azərbaycanın əldə etdiyi yüksək iqtisadi uğurların önəmi qeyd olunub. Həmçinin QDTİB-nın Rəhbərlər Şurasının 2013-cü ilin iyun ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan XV İllik Toplantısına hazırlıq məsələləri də müzakirə olunub. Xatırladaq ki, 1996-cı ildə təsis edilən Qara Dəniz Ticarət və İnkişaf Bankı 1999-cu il iyunun 1-də fəaliyyətə başlayıb. Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Ermənistan, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukraynanın üzvü olduğu Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir.