İqtisadi proseslər sabitləşəcək
Bir ildən artıqdır ki, dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və paralel olaraq manatın dollara nisbətən dəyərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Maliyyə bazarında cərəyan edən xoşagəlməz proseslər istər-istəməz müəyyən mal və məhsulların qiymətinin bir qədər artmasını şərtləndirib.
17 Yanvar 2017 14:40 İqtisadiyyatİnflyasiya cilovlanacaq
Bir ildən artıqdır ki, dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və paralel olaraq manatın dollara nisbətən dəyərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Maliyyə bazarında cərəyan edən xoşagəlməz proseslər istər-istəməz müəyyən mal və məhsulların qiymətinin bir qədər artmasını şərtləndirib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 14,7, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,8 faiz yüksəlib. Ötən ilin dekabr ayında noyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətlərində 3, o cümlədən ərzaq məhsullarının qiymətlərində 4,1, qeyri-ərzaq məhsullarının qiymətlərində 2,2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 2,4 faiz artım olub. Beləliklə də, ötən il ərzində ölkəmizdə istehlak qiymətlərinin indeksi əvvəldən də gözlənildiyi kimi, yüksək olub. Məlumdur ki, istehlak qiymətləri indeksi ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçü vahidi sayılır. Və bu ölçü vahidi sayəsində inflyasiya dərəcəsi tapılır. İstehlak qiymətləri indeksi alıcı kütləsinin istehlak səbətinə daxil olan məhsul və xidmətlərin ümumi qiymət dinamikasını müəyyən edir. İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, infliyasiya səviyyəsi bizdə əslində, iqtisadiyyatı idarəetmə vasitələrinin normal işləmədiyini göstərir: "Yəni, ölkəyə xarici valyuta axdığı, tədiyyə balansında müsbət saldo hökm sürdüyü, AMB-nin uçot dərəcəsinin təkrəqəmli olduğu və bunun müqabilində iqtisadi aktivlik müşahidə edildiyi zamanda illik istehlak qiymətləri indeksi birrəqəmli səviyyədə təşkil etdiyi halda, dollar çatışmadığı, tədiyyə balansında disbalans, AMB-in uçot dərəcəsi 15 faiz və heç bir iqtisadi aktivlik müşahidə olunmadığı halda ikirəqəmli inflyasiya qeydə alınır. Deməli, bu, bilavasitə manatın ucuzlaşması nəticəsi olub. 2016-cı il ərzində də 12 faizdən çox inflyasiya məhz manatın ABŞ dolları qarşısında il ərzində 15 faizə yaxın ucuzlaşması nəticəsində yaranıb. Başqa sözlə desək, inflyasiya bilavasitə idxal ilə bağlı baş verib. Və bu, daxili valyuta bazarında mövcud vəziyyətin necə təhlükəli xarakter daşıdığını göstərirdi. Nəzərə almaq lazımdır ki, daxili bazarda proseslər hələ idarəolunan üzən məzənnə rejimi əsasında tənzimlənir. Yəni, sərbəst buraxılsa idi, infliyasiya ümumiyyətlə, yüksək ola bilərdi". İqtisadçı bildirib ki, keçən il ərzində inflyasiyanın 12 faiz ətrafında təşkil edəcəyini hökumət əvvəldən bildirmişdi: "Odur ki, 2017-ci ilə dair şərhlərimdə yazmışam ki, cari il üçün hökumətin nail olmaq istəyəcəyi əsas hədəf
də məhz inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarət olacaq. Və bu, 2017-ci ildə ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq. O ki qaldı proqnoza, 2017-ci il üçün rəsmi olaraq 7,3 faizinflyasiya səviyyəsi nəzərdə tutulub. Nazirlər Kabinetinin cari ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda vəzifələrə dair iclasında Prezident İlham Əliyev də bəyan etdi ki, inflyasiya birrəqəmli səviyyədə qalmalıdır. Cari il üçün AMB-in nail olmaq istəyəcəyi əsas hədəf də inflyasiyanı məhz birrəqəmli səviyyəyə endirməkdən ibarət olacaq. Və bu, 2017-ci ildə ölkəmiz üçün təkrar edirik ki, əsas makroiqtisadi göstərici sayılacaq. Belə ki, əgər, onun yüksəlməsi qarşısını saxlamaq mümkün olarsa, demək, vəziyyət yaxşı olacaq. Yox, əgər, nəzarətdən çıxarsa, ilk növbədə AMB pis vəziyyətdə qalacaq. Yeri gəlmişkən, bütövlükdə ölkədə bank sektorunda normallaşma prosesi də məhz buna bağlı məsələdir. Yəni, AMB-in 2017-ci il ərzində həyata keçirəcəyi pul siyasətinin bütün istiqamətlər üzrə əsas məğzi bundan ibarətdir". Pərviz Heydərovun sözlərinə görə, AMB-in 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda Bəyanatında da qeyd edilib ki, əlverişsiz qlobal iqtisadi konyunktur və iqtisadiyyatın struktur transformasiyası şəraitində makroiqtisadi sabitliyin təmin edilməsi 2017-ci ildə Mərkəzi Bankın qarşısında duran ən mühüm vəzifə təşkil edəcək: "Bu da ondan irəli gəlir ki, makroiqtisadi sabitlik iqtisadi artımın bərpa olunması, iqtisadiyyatın yeni artım və inkişaf modelinə keçirilməsinin bazis şərtini təşkil edir. Vəziyyət isə belədir. Neftin dünya bazar qiymətləri sarıdan vəziyyət pis deyil və bu sahədə vəziyyət belə davam edərsə, ölkə daxilində iqtisadi proseslər sabitləşəcək. Başqa sözlə, inflyasiya cilovlanacaq".
Füzuli