Mərkəzi Bankla Vergilər Nazirliyi POS-terminalların quraşdırılması qaydalarını müzakirə ediblər

Azərbaycan Respublikasının Mərkəzi Bankının və Vergilər Nazirliyinin birgə iştirakı ilə Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarı əsasında təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"nın tətbiqi ilə bağlı görüş keçirilib. Mərkəzi Bankdan "Olaylar"a verilən məlumata görə, görüşdə kommersiya banklarının və kart prosessinq təşkilatlarının nümayəndələrinə POS-terminalların elektron qaydada qeydiyyata alınması və qeydiyyatdan çıxarılması məsələləri üzrə hazırlanmış proqram təminatından istifadə edilməsi, bank ekvayer tərəfindən POS-terminalların quraşdırılmasından imtina proseduru haqqında ətraflı məlumat təqdim edilmiş və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı  yeni Qaydaların tətbiqi zamanı qarşıya çıxa biləcək problemlərin həlli yollarına, POS-terminalların ölkə üzrə mərhələlərlə quraşdırılmasına və digər məsələlərə toxunulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31