Avropa İttifaqı Azərbaycanda daha bir Tvinninq layihəsini maliyyələşdirdi - TƏDBİR
22 Noyabr 2012 15:57 İqtisadiyyatNoyabrın 24-də "Four Seasons Baku" mehmanxanasında Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən həyata keçirilən "Azərbaycanın qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişafı" Tvinninq layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Azərbaycanın qiymətli kağızlar bazarı haqqında ətraflı məlumat verərək, son dövrlərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi qiymətli kağızlar bazarında da artımın müşahidə olunduğunu qeyd edib. Bildirib ki, Tvinninq layihəsi Dövlət Proqramının effektiv icrasına dəstək olacaq Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Toralf Pilz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin tarixindən və Azərbaycanda həyata keçirilən layihələrdən danışdı. O Tvinninq yardım alətinin məqsədi və Azərbaycanda həyata keçirilmiş Tvinninq layihələri barədə qısa məlumat verərək bu layihənin qiymətli kağızlar bazarında aparılan islahatlara və bu sahə üzrə ölkə qanunvericiliyinin Avropa İttifaqı təcrübəsi nəzərə alınmaqla təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirdi: "Avropa İttifaqı 2006-cı ildən bu vaxta qədər hər il Azərbaycanda Tvinniq layihələrinin həyata keçirilməsinə 7,6 milyon dollar ayırır. Hazırda 10 layihə Azərbaycanda icra olunur, daha 10 layihə isə icra üzün hazırlanır. Azərbaycanda bu layihələrin keçirilməsinə normal şərait var və bu layihələr uğurla davam etdirilir. Təqdimatı olan bu layihənin də uğurla həyata keçiriləcəyinə və yüksək nəticə verəcəyinə əminəm". Polşanın Azərbaycandakı səfiri Mixal Labenda isə çıxışında Azərbaycan və Polşa arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. O Polşanın iqtisadi durumu kontekstindən Azərbaycan-Polşa əməkdaşlığına toxunub, Polşanın Maliyyə Nəzarəti Agentliyi ilə QKDK-nın qarşılıqlı əməkdaşlığının iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsində yeni imkanlar yaradacağını bildirdi.
Samir