Sığorta şirkətləri insanlara problemlər yaradır
Və ya sığorta şirkətlərinə niyə inam yoxdur?
16 May 2012 19:03 İqtisadiyyatMüstəqillik əldə etdikdən sonra Azərbaycanda sığorta sisteminin geniş tətbiqinə start verilib. Artıq ölkədə sığorta sistemi inkişaf mərhələsini yaşayır. Hazırda Azərbaycanda bu sahədəki münasibətləri tənzimləyən qanunvericilik sistemi mövcuddur. Bununla bahəm hələ də sığorta sahəsində bir sıra problemlər yaşanmaqdadır. Buna səbəb ölkə vətəndaşlarının sığorta məsələləri ilə bağlı kifayət qədər bilgilərinin olmaması və sığorta şirkətlərinə etimadın lazımı səviyyəyə çatdırılmamasıdır. Məlumat üçün qeyd edək ki, sığorta şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Hazırda Azərbaycanda könüllü və icbari sığorta növləri tətbiq edilməkdədir. Ölkədə sığorta fəaliyyəti ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilir. Bu təşkilatlar tərəfindən sığorta etdirənlərin sığorta haqlarından formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması təmin edilir. Lakin sığorta ödəmələrinin verilməsində sözügedən təşkilatlar tərəfindən çoxsaylı problemlər yaradıldığından ölkədə sığorta bazarı kifayət qədər inkişaf etməyib. Məsələn, on ildən artıqdır ki, ölkədə "İcbari tibbi sığorta haqında" qanun qəbul edilməsinə baxmayaraq, hələ də bu qanunun tətbiqi reallaşmayıb. Azərbaycanda özəl və dövlət səhiyyə ocaqlarının mövcudliğu bu sığorta növünün tətbiqinə şərait yaratsa da hələlik vətəndaşlar bu hüquqlarından yetərincə yararlana bilmirlər. Baxmayaraq ki, bu sığorta növü elə insanların özü üçün daha sərfəlidir. Ancaq son bir neçə il ərzində yalnız Dövlət Neft Şirkətinin işçiləri icbari tibbi sığortadan istifadə edə bilirlər. Yaxud, xeyli müddətdir ki, ölkədə nəqliyyat vasitələrinin icbari sığortasınin tətbiq edilməsinə baxmayaraq, hələ də bu sahədə müəyyən çatışmazlıqlar mövcuddur. Etiraf edilməlidir ki, bu sahədəki problemlər əsasən sığorta şirkətləri tərəfindən yaradılır. Dəfələrlə redaksiyamıza yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərərə görə sığorta ödəməsi ala bilməyən vətəndaşlar müraciət ediblər. Şikayətçilər bildirirlər ki, bu halda sığorta şirkətlərinə baş vermiş yol-nəqliyyat hadisəsinin məhz sığorta hadisəsi olmasını sübut etmək elə də asan məsələ deyil. Bu proses həm uzun müddət tələb edir, həm də insanlarda əməlli-başlı əsəb xəstəliyi yaradır. Bundan ötrü məhkəməyə müraciət etmək isə ikiqat əziyyətə düşmək deməkdir. Bu qədər çətinlikdən sonra olduqca kiçik məbləğdə sığorta haqqı verilir ki, həmin məbləğ nəinki dəymiş ziyanı ödəmir, heç onun üçün çəkilən əziyyətə dəymir. Eyni proses bədbəxt hadisələrdən sığortalanmaya görə ödəmələrdə də baş verir. Bu işdə isə təşkilat və müəssisələr sığorta şirkətlərinə mane olurlar. Belə ki, istehsalatda baş verən bədbəxt hadisələr birmənalı olaraq rəhbərlik tərəfindən gizlədilir. Gizlədilməsi mümkün olmayan səsli-küylü bədbəxt hadisələrin sonunda bəlli olur ki, müəssisə rəhbəri heç işçi ilə əmək müqaviləsi bağlamayıb. Bir müddət əvvəl qəbul edilən daşınar və daşınmaz əmlakin icbari sığortası haqqında qanun hələ ki, kağız üzərində qəlmaqdadır. Baxmayaraq ki, Maliyyə Nazirliyinin nəzdində bununla bağlı xüsusi nəzarət sığorta xidməti yaradılıb, ancaq fakt odur ki, insanların bu barədə məlumatlari kifayət qədər deyil.
Ekspertlərin fikrincə, ölkədə sığorta bazarının lazımi qədər inkişaf edə bilməməsinə səbəb peşəkar sığorta şirkətlərinin sayının az olması ilə bağlıdır. Belə ki, özünü doğrultmuş, sığorta olunanlar arasında etibar qazanan brend sığorta şirkətlərini barmaqla saymaq olar. Əksər sığorta şirkətləri hüquqi və fiziki şəxslərin mənafelərindən çox özlərinin şəxsi maraqlarını güdürlər. Hətta bunu qanun şəklinə salmağa da cəhd edirlər. Məhz bu səbəbdən sığorta haqqının və sığorta dəyərinin ödənişində problemlər yaranmış olur. Bunu konkret misallar da təsdiqləyir. Məsələn, qanunvericiliyə görə, 50 min manatlıq mənzilin sığortalanması üçün vətəndaşlar ildə 4 manat ödəməkdə maraqlı deyillər. Buna əsas kimi sığorta hadisəsi zamanı müvafiq şirkətlərindən sığorta ödənişini ala bilməyəcəklərini göstərirlər. Ölkədə sığorta bazarının inkişafını ləngidən digər bir səbəb qəbul ounmuş qanunlarının tətbiqi ilə bağlıdır. Etiraf edək ki, qüvvədə olan qanunların icrasında neqativ hallar olduğundan vətəndaşlar bir sıra lüzumsuz problemlərlə üzləşməli olurlar. Məsələn, vətəndaşların həyat sığortası zamanı o halda sığorta haqqı ödənilir ki, baş verənlər sığorta hadisəsinin tələblərinə cavab versin. Yəni, əgər sərnişin avtobusu qəzaya uğrayıbsa, bu sığorta hadısəsi kimi təsdiqini tapmalı, sərnişinin isə rəsmi gediş bileti olmalıdır. Əgər sərnişinlərə mütəmadi olaraq rəsmi şəkildə bilet satılmırsa, belə halda o, sığorta ödənişini hansı əsaslarla ala bilər? Deməli, ölkədə sığorta bazarının formalaşması, sığortaçı ilə sığortaolunan arasında sivil münasibətlərin yaranması üçün mövcud qanunların icrasına ehtiyac var.
Alim