Milli Məclis TANAP-la bağlı sazişləri təsdiqlədi-TƏDBİR
Valeh Ələsgərov: “TANAP Azərbaycan üçün BTC qədər iqtisadi və siyasi əhəmiyyətə malikdir”
20 Noyabr 2012 16:17 İqtisadiyyatMilli Məclisin noyabrın 20-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilərək təsdiq edilib. Sonra "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" Sazişin təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb və qəbul olunub. Beləliklə, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Saziş müzakirəyə çıxarılıb. Hər iki sənəd barədə məlumat verən vitse-spiker diqqətə çatdırıb ki, bu il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin "BOTAŞ" və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. ARDNŞ ona məxsus olan səhmlərin 29%-ni "Şahdəniz" Konsorsiumundakı tərəfdaşlarına - BP, "Statoil" və "Total" şirkətlərinə təklif edib. Artıq məlum olub ki, BP və "Statoil" bu layihədə hərəyə 12%, "Total" şirkəti isə 5% pay əldə etmək niyyətindədir. Onun sözlərinə görə, bu layihə Azərbaycan üçün BTC qədər iqtisadi və siyası cəhətdən önəmlidir. Millət vəkili Vahid Əhmədov bildirib ki, son zamanlar Gürcüstanla bağlı müəyyən məsələlər ortaya çıxıb: "Orada azərbaycanlılarla bağlı bəzi narahatlıqlar yaranıb. Boru kəmərləri isə oradan keçir. Bu dövlət bizə ciddi problem yarada bilər. Biz niyə torpaq sahələrinin alınması məsələsini gündəmə gətirmirik? Yəni boru kəmərinin keçdiyi torpaqlar Azərbaycan tərəfindən alınsın. Bizim buna imkanımız var". Millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, BTC-nin çəkilişi zamanı bəzi şəxslər narazı qalıb və kompensasiya ala bilməyiblər. Bu layihədə də eyni problem yarana bilər".Valeh Ələsgərov isə bildirib ki, bu yalan məlumatdır. Çünki BTC-nin çəkilişi zamanı elə şəxslər olub ki, 180 min dollar kompensasiya alıb. Narazılar həyətyani torpaq sahəsi az olan şəxslərdir. Sonda hər iki layihə səsə qoyularaq qəbul olunub.
Sonra Azərbaycan və Tacikistan hökumətləri arasında 4 sənəd layihəsi aparılıb. İlkin olaraq "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında" sazişləri və "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı" təsdiqlənib.Sənədin müzakirəsi zamanı Azərbaycan şairi Nizami Gəncəvinin milliyyətinin tacik və fars kimi təqdim olunmasına münasibət bildirilib. Millət vəkili Musa Quliyev deyib ki, bu şəhərdə Nizami Gəncəvinin yubileyi keçirilərkən İran tərəfi həmin tədbirə qatılmayıb: "İran və Tacikistanın hər ikisinə dəvət göndərilmişdi. İran tərəfi tədbirə qatılmasa da, Tacikistan nümayəndə heyəti orada yüksək səviyyədə iştirak etdi. Onların təbrik məktubunda Nizami Gəncəvi Azərbaycan şairi kimi təqdim olundu". Deputat Gövhər Baxşəliyeva bildirib ki, bu gün də İran və Türkiyədə Azərbaycana məxsus əlyazmaların, bəstələrin, kitabların və şairlərin özününküləşdirilməsi və mənimsənilməsi faktlarına rast gəlinir: "Misal üçün Türkiyədə bir sıra "anonim" adı ilə mahnıları eşidirik ki, bunlar da Azərbaycan bəstəkarlarının əsərləridir". G.Baxşəliyeva deyib ki, elmi əsərlərin özününküləşdirilməsi faktlarına daha çox İranda rast gəlmək olar. O qeyd edib ki, beynəlxalq saziş imzalanmalıdır ki, belə hallar baş verəndə mübarizə üçün hüquqi əsas olsun. Müzakirələrdən sonra sənəd öz təsdiqini tapıb.
Alim