Qeyri-büdcə sektoru üzrə proqnoz 110,6 faiz icra olunub

2012-ci ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun  gəlirləri 2125,1 mln. manat  təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 408,4 mln. manat və ya 23,8 faiz  çoxdur. Bu barədə DSMF-dan "Olaylar"a verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,6 faiz və ya 151,3 mln. manat artaraq 1118,4 mln. manat təşkil edib.  Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,5 faizi və ya 688,2 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin  sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin ilk 10 ayının göstəricisinə nisbətən 19,4 faiz və ya 111,8 mln. manat artmış, proqnoz isə 110,6 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, əvvəlki ilin ilk 10 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 22,1 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 40,1 faiz  artıb.
2012-ci ilin yanvar-oktyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 430,2 mln. manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1 faiz və ya 39,5 mln. manat artmış,  proqnoz  87,7 faiz icra olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31