Rövnəq Abdullayev: Məhz TANAP kəməri qazın Azərbaycandan Avropaya təhlükəsiz daşınmasını təmin edəcək
16 Noyabr 2012 18:38 İqtisadiyyatNoyabrın 15-də İstanbulda Atlantik Şurasının "Dinamik regionda yeni imkanlar" adlı sammiti öz işinə başlayıb. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev sammitdə "TANAP - Cənub Qaz Dəhlizinin açılması üçün əsas elementdir" mövzusunda cıxış edib.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, enerji resurslarının təchizat marşrutlarının şaxələndirilməsi və regionda enerji təhlükəsizliyi məsələlərinin bir-biri ilə əlaqəli olduğu bir vaxtda irəli getmək və əldə olunmuş razılaşmaların həyata keçirilməsində yeni nəticələrə nail olmağın vacibliyini vurğulayan Rövnəq Abdullayev Trans-Anadolu Boru Kəməri (TANAP) ilə bağlı görülən işlər haqqında sammit iştirakçılarına məlumat verib. TANAP-ın "Cənub Qaz Dəhlizi" layihəsinin əsas elementi kimi əhəmiyyətini qeyd edən ARDNŞ prezidenti həyata keçirilməsi planlaşdırılan tədbirlərdən də ətraflı söz açaraq bildirib ki, layihənin ilkin mərhələsində Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından "Faza-2" çərçivəsində qazın nəql edilməsi, Azərbaycanla Türkiyə və Avropa arasında yeni enerji koridorunun yaradılması planlaşdırılır.
"Növbəti mərhələdə son illərdə kəşf edilmiş "Abşeron" və "Ümid" kimi iri qaz yataqlarının, perspektiv strukturların, eləcə də "Azəri-Çıraq-Günəşli" blokunun dərin qatlarında yerləşən qaz ehtiyatlarının işlənilməsi nəzərdə tutulur", - Abdullayev bildirib.
Azərbaycanın təbii qaz ixracı potensialının 2025-ci ilədək minimum 40-50 milyard kubmetr həcminə çatdırılacağını deyən ARDNŞ prezidenti bu qazın mühüm hissəsinin Avropa bazarına təchiz olunacağını və belə böyük həcmdə mavi yanacağın Azərbaycandan Avropaya təhlükəsiz daşınmasını təmin etmək iqtidarında olan qaz-nəql sisteminin məhz TANAP kəmərinin olacağını vurğulayıb.
O bildirib ki, uzunmüddətli perspektivdə bu kəmər nəinki Azərbaycan yataqlarından, həm də Xəzər dənizi hövzəsindəki digər ölkələrdə hasil olunan qaz həcmlərinin Azərbaycan və Türkiyə üzərindən tranzitlə Avropaya daşınmasına imkan verəcək və mərhələlərlə həyata keçiriləcək "Cənub Qaz Dəhlizi" çərçivəsində fundamental və həlledici elementə çevriləcək.
Çıxışının sonunda Rövnəq Abdullayev Azərbaycanın Avropa üçün etibarlı enerji təchizatçısı rolunu oynadığını, son vaxtlar regionda və Avropa ölkələrində iri həcmli investisiya müqavilələrinin həyata keçirilməsi sahəsində böyük uğurlar əldə edildiyini diqqətə çatdırıb və bildirib ki, Avropadakı biznesinin coğrafiyasını genişləndirən və enerji bazarının müxtəlif seqmentlərinə doğru inamla irəliləyən SOCAR bir çox enerji şirkətləri üçün etibarlı müttəfiq və tərəfdaş rolunu oynayır.