Qarabağ əlillərinin pensiyası əmək pensiyalarından aşağıdır
16 Noyabr 2012 14:17 İqtisadiyyat"Birinci Qarabağ müharibəsində əlil olan gənclərin aldıqları əlillik pensiyası əmək pensiyasından aşağı səviyyədədir. Hökumət bu ədalətsizliyin aradan qaldırılması istiqamətində müvafiq addımlar atmalıdır". Bunu deyən millət vəkili Qənirə Paşazadənin sözləroinə görə, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı zamanı bir sıra gənclər əmək fəaliyyətini yarımçıq qoyaraq vətəni qorumağa gedib. İndi isə belə bir məsələ ortaya çıxıb ki, həmin dövrdə kim öz əmək fəaliyyətini davam etdirib, torpaqların müdafiəsinə getməyib, onlar əmək stajı əldə ediblər. Ona görə də onların aldıqları əmək pensiyalarının məbləği yüksık səviyyədədir: "Lakin vətən yolunda sağlamlığını itirən insanlar əlil olmaqla yanaşı, öz əmək fəaliyyətlərini davam etdirə bilməyiblər. Bu gün onların əlilliklə bağlı aldıqları pensiya əmək pensiyalarından aşağıdır. Hesab edirəm ki, bu, ədalətli bir yanaşma deyil. Söhbət ondan gedir ki, döyüşə gedən gənclər işləmədikləri üçün 5 illik baza stajı əldə edə bilməyiblər. Bu isə ziddiyyatli məqamları ortaya çıxarır. Hesab edirəm ki, məsələnin ən yaxşı çıxış yolu ondan ibarətdir ki, bu kateqoriyadan olan insanların əlilliyə görə aldıqları pensiya əmək pensiyaları həcminə çatdırılsın".