Ölkədə bahalaşma üçün heç bir iqtisadi əsas yoxdur

Süni qiymət artımının arxasında inhisarçılar dayanır

Son zamanlar istehlak bazarında bəzi ərzaq mallarının qiymətinin artması müşahidə olunur. Yay fəslinin gəlişi ilə əlaqədar kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatın yüksəlməsi qiymət artımı meyllərini gücləndirib.  Araşdırmalar göstərir ki, bir sıra hallarda qiymət artımı dünya bazarında ərzaq mallarının qiymətinin artması ilə bağlı olsa da, bəzi hallarda süni qiymət artımı hesabına baş verir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, keçən illə müqayisədə ərzaq məhsullarının qiymətləri 3.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 xidmət tarifləri 2.5 faiz bahalaşıb. Rəsmi statistikaya əsasən qiymət artımı hər ay müşahidə olunur. Belə ki, istehlak mallarının qiymətləri və xidmət tarifləri cari ilin mart ayında əvvəlki ayla müqayisədə 0.3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.7 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri 0.1 faiz ucuzlaşıb, xidmət tarifləri isə əvvəlki ayın səviyyəsində qalıb. 2011-ci ilin birinci rübünə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 3.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 2.5 faiz bahalaşıb. Ekspertlərin fikrincə, ölkədə az qala hər gün baş verən qiymət artımı üçün heç bir iqtisadi əsas yoxdur. Məhsul istehsalında maya dəyərinə təsir edəcək xammalın qiymət artımı olmayıb, elektrik enerjisi və digər kommunal xidmətlərin tarifində dəyişiklik baş verməyib. Bu baxımdan qiymət artımının yalnız süni şəkildə baş verməsi versiyası özünü təsdiqləyir.
Məlumat üçün qeyd edək ki, ölkədə belə halların qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir sıra tədbirlər həyata keçirir. Belə ki, Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır, qiymət artımının səbəbləri araşdırılır və müvafiq tədbirlər görülür. Buna baxmayaraq, hər mövsümdə, hər bayram ərəfəsində süni qiymət artımı qeydə alınır ki, bu da infilyasiya səviyyəsinin yüksəlməsi ilə nəticələnir. Xüsusən, ərzaq mallarının qiymətində baş verən artım  istehlakşıların narahatçılığı ilə müşahidə olunur. Çünki ölkə vətəndaşları gəlirlərinin tən yarıdan çoxunu ərzaq məhsullarına xərcləməli olurlar. Bu isə orta Azərbaycan ailəsinin büdcəsinə uyğun deyil. O da etiraf edilməlidir ki, sünii qiymət artımının arxasında imkanlı "iş adamları"-inhisarçılar, eləcə də bəzi "biznesmen məmurlar" dayanır. Elə bu səbəbdən də süni qiymət artımına qarşı aparılan mübarizə tədbirləri lazımi effekt vermir.
   Süni qiymət artımının davamlı xarakter alması dövlət başçısının da  məsələyə müdaxilə etməsinə ehtiyac yaradıb. Prezident İlham Əliyev cari ilin birinci rübünün sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə qeyd edib ki, bu il və gələn il əmanətlərin qaytarılması prosesi aparılacaq: "Əlbəttə inflyasiyaya daha da böyük təkan verə biləcək amillər də olacaq. Əlavə yükdür, 1 milyard manata yaxın vəsait dövriyyəyə buraxılacaq. Elə etməliyik ki, istehsal qiymətlərinə nəzarət daha da güclü olsun". Prezident eyni zamanda  nəzarətin güclənməsinin istehsal qiymətlərinin səviyyəsini sabit saxlamağa imkan verdiyini bildirib. Onun sözlərinə görə, müvafiq qurumların ənənəvi bayram ərəfəsində qiymətlərin qalxmaması üçün gördükləri tədbirlər də bəhrəsini verir: "Əvvəlki illərdə bayram ərəfəsində qiymətlər qaldırılırdı və bayramdan sonra da enmirdi. Hər ildə ən azı iki dəfə qiymətlər süni şəkildə şişirdilir. Biz bu xoşagəlməz meyillərlə ciddi mübarizə aparırıq və aparacağıq. Qiymətləri süni şəkildə şişirtmək istəyənlərə qarşı mübarizə daha ciddi, onlara qarşı cəza tədbirləri daha da təsirli olmalıdır".
Dövlət başçısı öz çıxışında süni qiymət artımının qarşısının alınması istiqamətində tövsiyyələrini verib. İndi qalır aidiyyati orqanların təsirli qabaqlayıcı tədbirlər görməsi. Əgər belə tədbirlər kampaniya, görüntü xarakteri daşiyacaqsa, olkədə qiymət azalmasından danışmağa dəyməz. Nəzərə almaq lazımdır ki, ölkədə əmək haqqı, pensiya və müavinətlərin artırılacağı gözlənir. Bu isə dövriyyəyə əlavə vəsaitin daxil olması deməkdir. Əgər lazımi qabaqlayıcı tədbirlər görülməsə yenidən süni qiymət artımı labüd olacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31