Dövlət büdcəsinin müzakirəsi başa çatdı

Samir Şərifov: “Neftin qiymətinin kəskin düşməsi büdcəyə ciddi risk yaratmayacaq”

Noyabrın 15-də Milli Məclisdə 2013-cü ilin büdcə layihəsinin müzakirəsi davam edib. İlkin olaraq maliyyə naziri Samir Şərifov ötən iclaslarda deputatlar tərəfindən qaldırılan sualları cavablandırıb. Büdcə layihəsində neftin 1 barrelinin qiymətinin 100 dollar olması ilə bağlı risklərin yaranacağı ilə əlaqədar millət vəkillərinin narahatlığına münasibət bildirən Samir Şərifov deyib ki, dövlət büdcəsinin gəlirlərinin strukturu elə qurulub ki, bir qismi gömrük, vergi daxilolmaları və Neft Fondundan transferlər hesabına formalaşır: "Büdcəyə Neft Fondundan transfer neft rəqəmləri ilə bağlı deyil. Vergi daxilolmaları isə qeyri-neft sektorundan, ARDNŞ və ABƏŞ-dən daxil olan vergilərdən ibarətdir. Mənfəət vergiləri müəyyən risklərlə üzləşə bilər ki, bu məsələ də bizi qorxurmur. Digər tərəfdən, neftin qiymətinin kəskin düşməsi büdcəyə ciddi risk yaratmayacaq. Biz beynəlxalq vəziyyəti izləyirik və növbəti illərdə neftin qiymətinə dəyişikliklər edilə bilər". Maliyyə naziri uşaq bağçalarına ayrılan vəsaitlərin  artırıldığını və bu prosesin   davam ediləcəyini bildirib. Eyni zamanda bu vəsaitlərin səmərəli xərclənməsinə nəzarətin artırılacağını da qeyd edib. O, dərs yükü ilə bağlı Təhsil Nazirliyinə hər hansı məhdudiyyət qoyulmadığını bildirib: "Bu, uşaqların sayı ilə bağlıdır. Bizdə 8 şagirdə 1 müəllim düşür,  Avropada isə 15-17 şagirdə 1 müəllim. Müəllimlərin sayı çox olduğuna görə dərs yükü müəyyən nisbətdə bölüşdürülməlidir. Həkimlərdə də xəstələrin, çarpayı sayının nisbəti məsələsi var. Bu sahələrdə də struktur islahatlar aparmalıyıq ki, xərclər daha səmərəli istifadə edilsin". Maliyyə naziri BDU-nun rektoru Abel Məhərrəmov ali təhsilə xərclərin azalması fikri ilə razılaşmayıb: "Dövlət sifarişi ilə təhsil alan şagirdlərə daha çox vəsaitin ayrılması ilə bağlı prezident sərəncam imzalayıb. Təkcə dövlətə məxsus ali təhsil müəssisələrində deyil, özəl təhsil müəssisələrində də dövlət hesabına tələbələr təhsil ala biləcəklər. Keçən ildən başlayaraq büdcədən kənar xərclər həmin ali təhsil müəssisələrinin öz bank hesablarına daxil olur, dövlət büdcəsindən hesablanmır. Ali məktəblər bu vəsaitlərin də artıq onların sərəncamında olduğunu nəzərə alsınlar". İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib ki, iqtisadi inkişaf konsepsiyası hazırlanıb və hədəflər orada qeyd edilib: "Gələn 10 ildə ÜDM-nin həcmini 2 dəfədən çox artırmağı, adambaşına düşən gəliri 13 min dollara çatdırmağı hədəf qoymuşuq. Qeyri-neft sektorunda 11,7 faiz artım olacaq, büdcəyə qeyri-neft sektorundan vergi gəlirləri isə 14,7 faizə çatacaq. Bu da əsasən qeyri-neft sektoru hesabına olacaq".
   Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il üçün büdcəsi barədə məlumat verən  Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, Fond yaradılmış işlək hüquqi baza, cəsarətli və ağıllı icra mexanizmləri pensiya-sığorta sisteminin təkmilləşməsini, müasir tələblər baxımından formalaşmasını təmin edib. Bu həm də qanunverici orqanla icra strukturlarının birgə əməkdaşlığının uğuru kimi qiymətləndirilə bilər. Nəticədə insanların aldıqları təzminatların həcmi artıb, sistem vahid strukturla idarə olunub, sənədləşmə və hesablama prosedurları elektron mərkəzləşməyə yönəlib və sadələşib: "Fondun bu il üçün 2 milyard 632 milyon 695 min manatlıq büdcəsini 2006-cı ilin rəqəmləri ilə tutuşdurduqda artımın beş dəfədən çox olduğu bizi sevindirdi. Hər il olduğu kimi bu ildə bu məbləğin əksəriyyətinin yəni 97,6%-nin bilavasitə insanların pensiya təminatına yönəldiləcəyi aydın oldu. Ödəmələrin təsnifatına diqqət yetirdikdə bunlardan 64,5%-nın yaşa, 27% əlilliyə 135,2 min nəfərinin isə ailə başçısını itirməyə görə pensiya alacağı göründü. Son illər bu sıralanmada yaşa görə pensiyaya çıxanların artım tendensiyası özünü bariz şəkildə göstərir. Son bir neçə ayda əmək münasibətlərinin rəsmiləşməsi, sosial sığortaya cəlb olunmanın təmin edilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Əmək müfəttişliyi tərəfindən böyük işlər görülüb və nəticədə sosial sığorta ödənişlərinə cəlb olunanların sayı 300 minə qədər artıb. Bütün bunlarla yanaşı təhlil və icra rəqəmləri göstərir ki, bu sahədə boşluqlar və görüləsi işlər hələ olduqca çoxdur".
Komitə sədri bu problemlərlə bağlı statistik rəqəmləri də açıqlayıb: "Ölkədə 5 milyon 913 min əmək qabiliyyətli əhali var. Bunların məşğul hissəsi, işləyəni 4. milyon 400 min nəfərdir, muzdla çalışanların sayı 1 milyon 421 min 500 nəfər, ölkə üzrə işsizlik faizi isə təxminən 6% daxilindədir. Aydınlıq üçün çox sadə bir, vizual uyğunsuzluğu diqqətinizə cəlb etmək istəyirəm. Bəzən 1 milyon manatdan çox iş həcmi olan özəl müəssisə və təşkilatlarda əmək haqqı fondu 1%-dən belə aşağıdır. Bu bir daha onu göstərir ki, hələ də, müqaviləsiz və ikili mühasibatlıq vasitəsilə işləyən müəssisələrin sayı heç də istədiyimiz qədər azalmayıb".
Hadi Rəcəbli qeyd edib ki, prezident İlham Əliyevin rəhbərlik və idarəetmə özəlliklərindən biri və başlıcalarından biri də hər bir işdə səbəbi müəyyənləşdirmək, onu aradan qaldırmaq və beləliklə nəticədə ola biləsi nöqsan və çatışmazlıqların qarşısını almaq, hadisələri qabaqlamaqdır: "Bu baxımdan hökumətin fəaliyyətində insanların sağlamlığının bərpası daim prioritet olaraq gündəmdə qalır. Buna bariz nümunə olaraq dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanator-kurort xidmətləri ilə əhatə olunması məqsədilə 9 aprel 2012-ci il tarixli prezident fərmanıdır. Məhz sığorta olunanların sağlamlığının bərpası ilə bağlı qaldırılan bu məsələ hər il fondun büdcəsinin müzakirəsi zamanı komitənin keçirdiyi yığıncaqlarda ciddi şəkildə səslənir və insafən demək lazımdır ki, nəticədə, təkliflər əsasən özünün müsbət həllini tapır. Əgər biz sırf bu məqsədlər üçün ayrılan vəsaitlərin artım tempinə nəzər salsaq görərik ki, 2008-2013 illər arasında bu məbləğ iki dəfədən xeyli çox artıb və bu il 13.846 minə çatıb. Amma büdcə tərkibində rəqəmləri faizlə müqayisə etdikdə bu göstərici hətta 2009, 2010-cu illərdəkindən də aşağıdır. Uşaqların yay tətilinin təşkilində də hələ görəsi işlərimiz olduqca çoxdur. Məncə bu məqsədlər üçün az vəsaitini ayrılması, əksinə bizə sonralar qat-qat artıq mənəvi, maddi, həm də maliyyə cəhətdən ziyan vura bilər". Sonra DCMF sədri Səlim Müslümov Fondun gəlir və xərcləri barədə ətraflı məlumat verib. Qeyd edək ki, gələn ilin dövlət büdcəsinə edilən təkliflər təhlil edilərək noyabrın 30-da yenidən müzakirəyə çıxarılacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31