“Azərbaycanda elektron TAX FREE sistemi”nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib
Oktyabr ayının 4-də “JW Marriot Absheron Baku” mehmanxanasında Vergilər Nazirliyi və digər dövlət qurumlarının birgə iştirakı ilə “Azərbaycanda elektron Tax Free sistemi”nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib.
4 Oktyabr 2016 17:44 İqtisadiyyatOktyabr ayının 4-də "JW Marriot Absheron Baku" mehmanxanasında Vergilər Nazirliyi və digər dövlət qurumlarının birgə iştirakı ilə "Azərbaycanda elektron Tax Free sistemi"nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib. Vergi sistemində son illərdə elektron sahədə aparılan islahatlarla bağlı filmin nümayişindən sonra Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva təqdimatla çıxış edərək, ölkəmizdə "Tax Free" sisteminin tətbiqi, onun faydaları, bununla bağlı inzibatçılıq məsələləri və s. barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq fərmanı ilə "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası" təsdiq edilib, eyni zamanda dövlət başçısının "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust tarixli sərəncamı ilə ölkəmizi turistlər üçün cəlbedici məkana çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Vergilər Nazirliyinə həvalə edilib. "Tax Free" sistemi ölkədə turizm sektorunda son illər ərzində görülən işlərin davamlılığının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu sistem ilkin olaraq beynəlxalq hava limanlarında tətbiq edilməyə başlanıb və gələcəkdə respublikanın digər sərhəd-buraxılış məntəqələrində tətbiq olunması nəzərdə tutulur. Proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistemin tədricən bütün sərhəd-buraxılış məntəqələrində tətbiq olunacaq.