Bakı Apellyasiya Məhkəməsi Masallıdakı mütəşəkkil qrupun saxtakarlığını ifşa etdi

“Olaylar”ın da məsələyə müdaxiləsi nəticə verdi və Qəriblər kəndinin qanunsuz özəlləşdirilən torpaqları geri qaytarıldı

Bakı Apellyasiya Məhkəməsində Hakim İsa İsmayılovun sədrliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Masallı rayonunun Qəriblər kəndi ərazisindəki 1 hektar torpaq sahəsilə bağlı keçirdiyi qanunsuz hərracın nəticələrinin ləğv edilməsilə bağlı "Turan" Kooperativinin verdiyi şikayətə baxılıb. "OLAYLAR"ın məlumatına görə, prosesdə hakim tərəfləri dinləyib və şikayətçinin təqdim etdiyi faktları araşdırıb. Məhkəmə araşdırmaları zamanı həqiqətən də hərracın qanunsuz keçirildiyi və torpaq sahəsinin zəbt olunması faktı təsdiqini tapıb. Sübutlar təsdiqini tapdığı üçün məhkəmə hərracın nəticələrini ləğv edib. Məhkəmənin qərarı ilə şikayət təmin edilib, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin məhkəməyə təqdim etdiyi sənəd və sübutlar, həmçinin həmin torpaq sahəsinin "Turan" Kooperativinin icarəsində olduğu nəzərə alınaraq ərazi yenidən əvvəlki vəziyyətinə qaytarılıb. Qərara görə, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərrac, vətəndaş Qurban Həşimovun adına verilmiş 24. 09. 2008-ci il tarixli 001540 saylı torpaq sahəsinin və 29.07.2008-ci il tarixli 003767 saylı ərazidəki yarımçıq tikililərin şəhadətnamələri ləğv edilib.
Qeyd edək ki, adıçəkilən torpaq sahəsinin bir hissəsi Qəriblər bələdiyyəsinin mülkiyyətində olan örüş sahəsi, bir hissəsi isə kənd sakinlərinin pay torpaqları idi. Həmin ərazi 1990-cı il aprelin 1-dən "Turan" Kooperativinin icarəsində olmasına baxmayaraq 2008-ci ildə ərazi Zəngilan rayonundan olan məcburi köçkün Qurban Həşimov tərəfindən zəbt edilərək saxta sənədlərlə qanunsuz özəlləşdirilmişdi. Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Cəlilabad Ərazi İdarəsinin rəisi Qalib Xudaverdiyev, Əmlak Məsələləri Dövlət Komitəsinin Masallı rayon şöbəsinin rəisi  Cəfər Gözəlov və 26 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəhbəri Daxil İbayevin köməkliyi ilə ərazi gizli yolla hərraca çıxarılıb və saxta sənədlərlə Qurban Həşimov hərracın qalibi elan edilib. Bundan sonra sənədlər Əmlak Məsələri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və komitənin şöbə müdiri Möhma Heraçiyev tərəfindən sənədləşmə aparılaraq bələdiyyə və vətəndaşların mülkiyyətində olan torpaq sahələri və yarımçıq tikililərə qanunsuz Qurban Həşimovun adına qanunsuz şəhadətnamələr verilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müdaxiləsindən və "Olaylar"ın məsələni işıqlandırmasından sonra məsələ araşdırılıb və "Turan" firması hərracın nəticələri və qanunsuz şəhadətnamələrin ləğv edilməsilə bağlı məhkəməyə müraciət edib. Xətai rayon məhkəməsində şəhadətnamə ləğv edilsə də, hərracın nəticələri qanuni hesab edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə həm şəhadətnamələri, həm də hərracın nəticələrini ləğv edərək torpaq sahəsini əvvəlki vəziyyətinə qaytarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31