Bakıda kirayə mənzil qıtlığı yaranıb
Nüsrət İbrahimov: “Təklif sabit qalsa da tələb artır”
14 Noyabr 2012 18:15 İqtisadiyyatSon zamanlar paytaxtın kirayə mənzil bazarında qıtlıq müşahidə edilməkdədir. Konkret olaraq, kirayə mənzil bazarında ev çatışmır. Maklerlərin sözlərinə görə, gün ərzində hər 10 müraciətdən yeddisi kirayə ilə bağlı olur. Ev tapmayıb sifariş verənlərin sayı isə kifayət qədərdir. Nəzərə alsaq ki, respublikanının bölgələrindən şəhərə axın əvvəlki səviyyədə deyil, təklifin tələbi üstələməsi bir sıra suallar yaradır. Onu da bildirək ki, hazırda paytaxtın ətraf rayonlarında 1 otaqlı evlər 200-250 manata, 2 otaqlılar 300-350 manata, 3 otaqlılar 300-500 manata kirayə verilir. Təbii ki, qiymətlər mənzillərin yerindən, təmirindən asılı olaraq dəyişir.
"MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov Publika.Az-a açıqlamasında bildirdi ki, hazırda kirayə mənzil bazarında tələb əsasən metro stansiyalara yaxın ərazilərdə yerləşən 1 və 2 otaqlı mənzillərədir: "Həmin ərazilərdə köhnə tikililər ütünlük təşkil edir və yeni bina tikintisinin aparılması mümkün deyil. O baxımdan həmin ərazilərdə təklif sabit qalsa da tələb artır".
Tələbin artımında iş yerlərinin sayının çoxalmasının, paytaxta oxumağa gələnlərin sayının artmasının rol oynadığını deyir.
Nüsrət İbrahimov Bakı şəhərində orta kirayə qiymətləri də açıqladı: "Kirayə mənzil bazarında orta qiymət 560 manat/ mənzil və ya 9,2 manat/kv.m təşkil edir. Bu il ərzində mənzilin kirayə qiymətində azalma olsa da, kv.m-in qiymətində 14.1% artım olub".
Mütəxəssis mənzillərin kirayəsi ilə bağlı müqavilələrin bir çox hallarda şifahi bağlandığını deyir: ""Mülki Məcəllə"nin müvafiq tələbinə əməl edilmir. Lakin bahalı və şəhərin mərkəzində yerləşən mənzillər kirayə verilərkən tərəflər arasında müqavilə imzalanır. Bəzən həmin müqavilələr notarial qaydada rəsmiləşdirilir. Ucuz mənzillər, eləcə də tələbələrə, şəhərə işləməyə gələn ucuz işçi qüvvələrinə kirayə verilərkən müqavilə bağlanmır".