Milli Məclisdə əmək haqqı məsələsi müzakirə edildi

“Əmək haqlarının az olması bəzən xoşagəlməz hallara yol açır”

Noyabrın 14-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələri davam edib. Millət vəkili Vahid Əhmədov qeyri-neft sektorunun inkişafı sahəsində ciddi addımlar atılmalı olduğunu, İqtisadi İnkişaf Nazirliyinin qeyri-neft sektorunda hansı sahələrə kredit verilməsinin zəruri olduğunu araşdırmağa çağırıb.V.Əhmədov kənd təsərrüfatı sahəsində ciddi problemlər olduğunu söyləyib: "Kənd Təsərrüfatı Nazirliyinin strukturu sovet dövründə olduğu kimi qalıb. Yerlərdə fermer, kəndlilər başlı-başına qalıb. Kənd Təsərrüfatı Nazirliyində ciddi islahatlar aparmaq lazımdır. Digər tərəfdən, bölgələrdə kənd təsərrüfatı məhsullarını satmaq mümkün olmur. Məsələn, Qubada camaat almaları sata bilmədiyi üçün çaya tökürlər". O, hərbi-strateji əhəmiyyətə malik Quba-Şamaxı yolunun çəkilməsinin gecikməsinin də ciddi problem olduğunu qeyd edib: "Artıq Vəlvələçay üzərindəki körpü də dağılıb. Körpü tikilmir, əvəzində çaydakı çınqıl Bakıya daşınır. Körpünün tikilməsi, çaydan çınqılların daşınması məsələsinə baxılmalıdır. Onsuz da Quba yolu çınqıl daşıyan ağır tonnajlı maşınlara görə dağılır". Millət vəkili Aydın Mirzəzadə hökumətə Mingəçevir şəhəri ilə bağlı xüsusi bir plan hazırlanmasını təklif edib. O, fəaliyyətini dayandırmış iri müəssisələrin yerində xırda müəssisələrin açılmasının özünü doğrultmadığını, şəhərdə işsizliyin çox olduğunu söyləyib. O, Nizami Gəncəvinin heykəlinin görkəmli bir yerə yerləşdirilməsini də təklif edib. Millət vəkili Çingiz Qənizadə cəmi 140-150 manat əməkhaqqı alan poçt işçilərinin əməkhaqqılarının artırılmasını zəruri sayıb. Onun sözlərinə görə, məhkəmə orqanlarında da texniki və sıravi işçilərin əməkhaqqı çox azdır və bu, bəzən xoşagəlməz hallara yol açır. Millət vəkili İqbal Ağazadə büdcənin 85 faizinin neft amilindən asılı olmasını ciddi faciə hesab edib. O, hökuməti büdcənin neftdən asılılığını aradan qaldırmaq üçün praktik addım atmamaqda ittiham edib: "İqtisadi İnkişaf Nazirliyi 554 müəssisə yaradıldığını, 72 min iş yeri açıldığını bildirir. Hər müəssisəyə 14 nəfər düşür. Bu necə müəssisədir? Çörək, şirniyyat, dəmir sexləri də bağlanır, bu sahələr bir əldə cəmləşdirilməyə çalışılır. Səhiyyə xərclərində adambaşına 74 manat düşür. Hər şey bu vəsaitə necə yerləşdirilir? Məcburi tibbi sığorta niyə gecikdirilir? Bu gün 150 manatdan artıq pensiya təminatı yoxdur". İqbal Ağazadə Neft Fondundan transfertlərin yalnız yol, kanalizasiya və digər infrastruktur layihələrə yönəldilməsini də düzgün saymayıb: "Elə sahələrə pul qoyulmalıdır ki, sabah büdcəyə o sahələrdən gəlir gəlsin. Neft Fondunda 2 illik pulumuz var, 10 illik yox. Sovet imperiyası kimi dövlət neftin qiymətinin aşağı düşməsi ilə dağıldı. Bir neçə il əvvəl neftin qiyməti qəfil 48 dollara qədər aşağı düşdü. Belə hal baş versə, biz nə edəcəyik?" Deputat Abel Məhərrəmov müəllimlərin əməkhaqqlarının artırılması məsələsinə toxunub. O, müəllimlərin məvaciblərinin azlığından gileylənərək, onların əməkhaqlarının artırılmasını vacib sayıb. Qeyd edib ki, ali məktəblərdə çalışan müəllimlərim fəaliyyətinin stimullaşdırılması üçün əməkhaqqlarının artırılması vacib məsələyə çevrilib. Millət vəkili Elmira Axundova rayonlarda aparılan bir sıra yenidənqurma və tikinti işlərini tənqid edib. O, dövlət büdcəsi xərclərinin qənaətli sərf olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, rayonlarda yeni təyin olunmuş icra başçıları özbaşına olaraq bazarları, evləri, hətta Heydər Əliyev Mərkəzlərini söküb yenidən tikirlər: "Guya ki, təmir edirlər. Buna əslində ehtiyac yoxdur. Bu büdcə vəsaitlərinin dağıdılması hesabına başa gəlir. Onların yenidən təmir olunması büdcəyə ziyan vurur". O, daha sonra deyib ki, Bakıda tez-tez yeni salınmış asfaltın təzədən qazılaraq su, kanalizasiya xətlərinin çəkilməsi və digər işlərin aparılmasının şahidi oluruq. Bu məsələlər Bakıda vahid idarəçiliyin olmaması səbəbindən baş verir. Yolların hasarlanması ilə bağlı məsələsinə də toxunan millət vəkili bildirib ki, bu hasarların arxasında çox kobud binalar gizlənir: " Bu binaları gizlətməklə problemləri həll etmək olmaz, hasarlamaq əvəzinə bu binaları, evləri abadlaşdırmaq lazımdır". Millət vəkili Bakıda zibil zavodunun tikilməməsindən də narazılıq edib. O bildirib ki, neçə ildir təklif olunsa da, zibil zavodu tikilmir. "Son illərdə 3 dəfə iqtisadi inkişaf naziri dəyişib. Amma bu zavod indiyə qədər tikilməyib". Deputat Qənirə Paşayeva qeyd edib ki,  Azərbaycan əraziləri ilə bağlı yol kənarlarında nişanların qoyulmaması başa düşülən deyil: "Qarabağ bölgəsində işğal olunmuş rayonlar haqda yol nişanları quraşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, Qarabağ işğal altında olsa da Azərbaycan torpağıdır". Millət vəkili əlavə edib ki, ölkədə qadınlara qarşı ediləın məişət zorakılığının qarşısının alınması məqsədilə ciddi tədbirlər görülməlidir: "Hər gün onlarla qadın ailə münaqişəsinin qurbanı olur. Qadınlar müxtəlif təzyiqlərə məruz qalırlar. Belə halların qarşısının slınması məqsədilə qeyri-hökumət təşkilatları və media prosesə cəlb edilməlidir". 
Xatırladaq ki, dövlət büdcəsinin müzakirəsi noyabrın 15-də də davam edəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31