Növbəti ildə büdcə kəsiri 0,5 faizə enəcək

2013-cü ilin dövlət büdcəsi beynəlxalq risklərə, müasir çağırışlara cavab verir

Noyabrın 13-də keçirilən Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. MM sədri Oktay Əsədov bildirib ki, gələn ilin dövlət büdcəsi müasir dövrün inkişaf tempinə uyğun hazırlanıb. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, büdcə layihəsi yeni kəmiyyət və keyfiyyət dəyişikliyi ilə müşayiət olunur. Çünki ötən 20 il ərzində MDB məkanında ən yüksək artım Azərbaycanda baş verib, Azərbaycan  qlobal maliyyə böhranından ən az itgi ilə çıxıb. O, büdcənin neft amilindən asılılığı barədə tənqidləri əsaslı saymayaraq qeyd edib ki, gələn il neft sektorunda azalma proqnozlaşdırılsa da, ümumdaxili məhsulda 5,3 faiz artım məhz qeyri-neft sektorunun hesabına baş verəcək. Onun sözlərinə görə, vergi mədəniyyətinin yüksəlməsi və qeyri-neft sektorunun strukturunun asanlaşması büdcə problemlərini aradan qaldırır. İqtisadi siyasət komitəsinin sədri qeyd edib ki, gələn il qeyri-neft sektorunda 11 faiz, büdcədə 22 faiz artım gözlənilir: "İxrac edilən məhsulları əlavə dəyər vergisindən azad etməliyik. Bir çox ölkələrlə ticarət dövriyyəmizin balansı mənfidir, onların adını çəkmirəm. Bu məsələni diqqət mərkəzində saxlamalıyıq, mənfi balansı aradan qaldıra bilərik". Ziyad Səmədzadə Neft Fondundan büdcəyə transfertlərin artdığını və bunun gələcəyə hesablandığını söyləyib: "Böyük layihələr həyata keçirilir. Məsələn, bu pulların əhəmiyyətli hissəsi neft-qaz, kimya sənayesinin yenidən qurulması və inkişafına yönəldilib. Neft-qaz, kimya sənayesinin inkişaf etməsi Azərbaycanın ixrac potensialını artıracaq, bunlar gələcəyə hesablanmış addımlardır. Bu sahədə bir gün də gecikmək olmaz".
   Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirib ki, sənəd hazırlanarkən 2012-ci ilin 8 aylıq məlumatlarının təhlili aparılıb. Nazir qeyd edib ki, 2013-cü ildə gəlirlər bu ilin proqnoz göstəricilərini 2,116 milyard manat, yaxud 12,4 faiz, 2011-ci ilin faktiki göstəriciləri ilə müqayisədə 3,453 milyard manat, yaxud 22 faiz üstələyəcək. 2013-cü ildə xərclər 2012-ci illə müqayisədə 12,1 faiz, 2011-ci illə müqayisədə 28,7 faiz artacaq. Büdcə kəsiri ÜDM-in 1,1 faizi- 656 milyon manat səviyyəsində olacaq. 19 milyardlıq büdcənin 11 milyard manatı Neft Fondundan götürüləcək. Gələn il büdcə gəlirləri üzrə 12,4 faizlik, xərcləri üzrə 12,1, kəsir üzrə isə 3,5 faizlik artım gözlənilir. Büdcə gəlirlərinin strukturunda 11 350 mln. manat və ya 59,3 faiz  Dövlət Neft Fondundan daxilolmalar, 6 400 mln. manat və ya 33,4 faiz Vergilər Nazirliyi üzrə daxilolmalar, 1 380 mln. manat və ya 7,2 faiz Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar, 5 mln. manat dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və 19 mln. manat sair daxilolmaların payına düşür. Vergilər Nazirliyinin xətti ilə daxilolmaların 3 760 mln. manat və ya 58,8 faiz qeyri-neft sektorunun payına düşür. Vergi daxilolmalarının həcmi 2012-ci ilin proqnozuna nisbətən 8,3 faiz çox nəzərdə tutulub. Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların isə 2012-ci ilin proqnozuna nisbətən 15 faiz  artıq olacağı gözlənilir. İcmal büdcəsinin gəlirlərinin tərkibində 19 154 mln. manat dövlət büdcəsi, 11 818,8 mln. manat Dövlət Neft Fondu, 2 632,7 mln. manat Dövlət Sosial Müdafiə Fondu, 332,7 mln. manat isə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin payına düşür. Onun sözlərinə görə, növbəti ilin büdcəsində investisiya, tikinti xərcləri digər xərcləri üstələyəcək. 2013-cü ilin büdcəsində ümumi dövlət xərcləri 1 802,038 min manat proqnozlaşdırılıb. Növbəti ildə elm xərcləri 129 099,9 min manat, müdafiə xərcləri 1 528 582,6 min manat, təhsil xərcləri 1 530 365,7 min manat, səhiyyə xərcləri 666 276,4 min manat  nəzərdə tutulub. Sosial müdafiə və sosial təminata isə 1 813 581,5 min manat  yönəldilməsi qərarlaşdırılıb. 2013-cü ilin büdcə layihəsində diqqəti çəkən rəqəmlərdən biri də dövlət əsaslı vəsait qoyuluşuna nəzərdə tutulan xərclərin həcmidir. Maliyyə naziri  bildirib ki, Avropa dövlətlərinin bir çoxunun iqtisadi problemlərlə mübarizə apardığı bir dövrdə Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri artıb, İpoteka Fonduna 2012-ci illə müqayisədə 2013-cü ildə 2 dəfə çox vəsait ayrılıb. Gələn il büdcəsində sosial xərclər 7,1 faiz artıb. 2013-cü ilin dövlət büdcəsində məktəbəqədər təhsilin maliyyələşdirilməsi, ümumtəhsil məktəblərin tədris laboratoriyaları üçün avadanlıqların alınması da əksini tapıb. Xroniki böyrək çatışmazlığı ilə bağlı 25 milyon manat, irsi qan xəstəlikləri ilə bağlı büdcədə 21,2 milyon manat, xərçəng xəstəliyi ilə mübarizə üçün 25,1 milyon manat, şəkər xəstələri ilə bağlı 33,7 milyon manat ayrılıb. Gələn ilin büdcəsində yolların tikintisi, əsaslı təmiri ilə bağlı 512 milyon manatın ayrılması nəzərdə tutulur. Beynəlxalq təşkilatlara üzvlüklə bağlı 113 milyon manat, səfirlərin maaşını artırmaq üçün 61 milyon manat ayrılacaq. Azərbaycanda beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsinə 50 milyon manat xərclənəcək. Bələdiyyələrə dövlət dəstəyi kimi dotasiya şəklində 5,2 milyon manat ayrılacaq. Xarici borclanma 62,5 faiz azaldılaraq 750 milyon manat təşkil edəcək. Samir Şərifov icmal büdcənin gəlir və xərclərini də açıqlayıb. Gələn il icmal büdcənin gəlirləri 20 milyard 723 milyon manat, xərcləri 24 milyard 460 milyon manat olacaq.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev qeyd edib ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində nəzərdə tutulan layihələrin icrası təmin edilib. Həmin layihələr çərçivəsində 170-dən artıq yeni müəssisə inşaa edilib, 450-sinin inşaası davam etdirilir. İndiyə qəıdər 50-dən çox sənaye müəssisəsi istifadəyə verilib, 120 müəssisənin tikintisi davam edir. Bununla qeyri-neft sahəsindən əldə edilən gəlirlərin həcmi 18,1 faiz artacaq. Ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə Ağcabədi və Beyləqan rayonlarında 480 hektar əkin sahəsinin istifadəsinə başlanılıb. Bu təsərrüfat sahəsində 350-400 nəfər işlə təmin olunacaq, məhsuldarlıq isə 2 dəfə artacaq. Onun sözlərinə görə, gələn il qeyri-neft məhsullarının ixracı 19,4 faiz çoxalacaq.

Hesablama Palatasının sədri Heydər Əsədov qeyd edib ki,  növbəti ildə büdcə kəsiri  azalaraq 0,5 faizə enəcək.  2013-cü ilin dövlət büdcəsi beynəlxalq risklərə, müasir çağırışlara cavab verir: ". Ən əsas məsələ büdcələrarası məsələlərdir. Gələn ildən yerli gəlirlər 197 milyon manat artacaq. Artıq Şirvan və Abşeron rayonu da özünü maliyyələşdirmə prinsipinə keçəcək". Palata sədri nəzərə çatdırıb ki, gələn ildən məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı üçün ayrılan vəsait 3,4 dəfə artırılaraq 48 milyon manata çatdırılacaq. Bu da məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatına kifayət edəcək. Onun sözlərinə görə, Neft Fondunun ehtiyatları artıq Azərbaycanın 2 illik büdcəsinin gəlirlərinə yaxınlaşır: "Bu gün dünya dövlətləri öz ehtiyatlarını qorumaqdan daha çox onu infrastruktur layihələrinə yönəltməyə üstünlük verirlər. Ehtiyatlar ən reytinqli fondlarda qorunsa belə, təhlükə var. Ona görə də bu vəsaitlər ölkənin yönəldilməlidir və Azərbaycanda bu vəsaitlər məhz bu istiqamətə yönəldilir". Heydər Əsədov qeyd edib ki, prezidentin və Nazirlər Kabinetinin ehtiyat fondları təbii fəlakət və digər hallarda çağırışlara cavab verəcək səviyyədədir, bu fondlarda 150 milyon manat toplanıb. 2013-cü ilin dövlət büdcəsi layihəsini müzakirəsi noyabrın 14-də də davam edəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31