Turizm mövsümü perspektivli olacaqmı?

Artıq bir müddətdir ki, yay turizm mövsümünə start verilib. Ötən müddət ərzində ölkədə turizmin inkişaf etdirilməsi, Azərbaycana xarici turistlərin cəlb olunması istiqamətində görülən işlər, yaradılan şərait onu deməyə əsas verir ki, bu il turist kimi Azərbaycana təşrif buyuracaq xaricilərin sayında əvvəlki illərə nisbətən artım qeydə alınacaq.

Mövcud imkanlar "hə", qiymətlər isə "yox" deyir

Artıq bir müddətdir ki, yay turizm mövsümünə start verilib. Ötən müddət ərzində ölkədə turizmin inkişaf etdirilməsi, Azərbaycana xarici turistlərin cəlb olunması istiqamətində görülən işlər, yaradılan şərait onu deməyə əsas verir ki, bu il turist kimi Azərbaycana təşrif buyuracaq xaricilərin sayında əvvəlki illərə nisbətən artım qeydə alınacaq. Ancaq hələ də bu sahədə xidmət keyfiyyətinin o qədər yüksək səviyyədə olmaması, əksinə qiymətlərin bahalığı turistlərin daha çox gələcəyinə bir qədər tərəddüd yaradır. Xatırladaq ki, son illər ölkənin turzim sektoruna çox nəhəng sərmayələr yatırılıb. Xüsusilə də 2007-2013-cü illərdə Qusar, Qəbələ, Quba, Xaçmaz və Şəki rayonlarında, həmçinin Bakıda dəbdəbəli turizm infrastrukturu qurulub. Ancaq iqtisadçılar hesab edirlər ki, yaradılan infrastruktur qarşılığında Azərbaycana gələn xarici turistlərin sayı qaneedici səviyyədə deyil. İqtisadçı Rövşən Ağayev bildirib ki, ölkəyə gələn xarici turistlərin sayı nəinki artmayıb, əksinə azalıb: "2011-2013-cü illərlə müqayisə etsək, 2015-ci ildə orta hesabla 15-20 faiz azalma var. Regonlarda nə qədər çoxlu sayda mehmanxanalar tikilsə də, həmin obyektlərdə qalmaq istəyən əcnəbi turistlərin sayı artmaq əvəzinə azalıb. Məsələn, 2010-cu ildə reginlatdakı mehmanxanalarda əcnəbilər 170 min sutka üçün yer sifariş verdiyi halda, 2015-ci ildə bu rəqəm 130 minə enib. Ümumiyyətlə, əgər 2010-cu ildə ölkə üzrə mehmanxada qalan turistlərin gecələmə sayında regionların payı 41 faiz idisə, 2015-ci ildə həmin göstərici 37 faizə enib". Rövşən Ağayevin sözlərinə görə, ölkə turizminin ürəyi sayılan bir çox regionların turizm statistikası da qaneedici deyil: "Konkret faktlara baxaq: hər kəsə məlumdir ki, Qəbələdə təkcə son 7-8 ildə 4-5 nəhəng mehmanxana yaradılıb, xizəksürmə ifrastrukuturu qurulub. Amma statistika göstərir ki, bu rayonda mehmanxalarda (həmçinin mehmanxana tipli gecələmə yerlərində) turistlərin sayı sürətlə artmaq əvəzsinə azalıb. Məsələn, 2010-cu ildə Qəbələdə belə məkanlarda qalanların sayı 24.3 min nəfər olmuşdusa, 2015-ci ildə 5.9 min nəfərə enib. Ən təəccüblüsü odur ki, 2015-ci ildə Qəbələdə mehmanxaların seçən turistlərin içərisində 1 nəfər də olsun əcnəbi olmayıb. Nəticə isə belədir: Qəbələ kimi turizm rayonunda 2015-ci ildə mehmanxanaların (həmçinin mehmanxana tipli yerlərin) ümumi gəliri 383 min manat olub. Amma, məsələn, turizm məkanı hesab edilməyən Kürdəmir rayonunda həmin müəssiələrin gəliri 1.3 milyona manata yaxın olub. Başqa bir fakt. Bu gün ölkənin regionlarındakı gecələmə hesabı ilə götürəndə mehmanxanaların mümkün potensialıının təxminən 94-95 faizi istifadə edilmir. Həmin göstərici yalnız Naftalanda 45 faizə yaxındır. Bu isə çox güman ki, həmin ərazidə olan insanlar üçün spesifik, başqa yerdə əldə edə bilmədikləri müalicə imkanının olması ilə bağlıdır. Bu fakt həm də onu göstəti ki, Azərbaycanda istirahət və əyləncə turziminin potensialı müalicə turizminin potensialından çox-çox aşağıdır".

İqtisadçı İlham Şaban isə hesab edir ki, turizm istirahət mərkəzlərinə istirahət üçün gedənlərin sayının az olması işçilərin məzuniyyətə çıxma problemi ilə üzləşməsidir: "Müstəqillik illərində özəl sektorda işləyənlərin böyük əksəriyyəti əvəzi ödənilən məzuniyyət nədir bilmir. Çoxları bunun sosializmdə qaldığı ilə barışıblar. Hətta elə sahələr var ki, ümumiyyətlə məzuniyyət deyilən şey yoxdur. Məsələn, çörəkpulu günəmuzd fəaliyyətdən çıxanlar. Təbii ki, insanların əksər hissəsinin məzuniyyət məsələsində problemi varsa, demək hətta əlində müəyyən vəsait olanlar belə yalnız qısamüddətli istirahətdən yararlanırlar. Başqa imkan qarşıda sadəcə yoxdur. İkinci ən əsas məsələ puldur. Yəni ödənişli məzuniyyət olmalıydı ki, insanlar istirahətlərini daha uzunmüddətli təşkil edə bilsinlər. Ancaq bəllidir ki, hətta dövlət sektorunda çalışıb məzuniyyətə çıxanların əksəriyyəti aşağı və orta əmək haqqı alanlardır. Bu məzuniyyət pulu ilə onlar nəinki ailələrini, heç özlərinin 1 həftəlik tam istirahətini Azərbaycanda təmin edə bilməzlər. Ona görə də ümid qalır adətən week-end tipinə. Özəl sektorun imkanları da geniş deyil". İlham Şabanın sözlərinə görə, ölkədə turizm obyektlərində qiymətin ölkədəki orta əmək haqqına nisbətdə çox yüksək olmasının əsas səbəbi odur ki, bu obyektlər qeyri-rəsmi vəsaitlərdən qidalanan (istər dövlət olsun, istər özəl) orta təbəqənin gəlirlərinə hesablanıb". İqtisadçı deyib ki, nə qədər yaxşı turizm obyekti olsa da, bizdə 2-3 gündən sonra insan orada darıxır orda.

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31