“Düzgün idarəetmə qurmayan, məsuliyyətsiz kreditləşmə həyata keçirən bankların bazardan getməsi labüddür”
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) iyulun əvvəlindən başlayaraq banklarda yoxlamalara başlayanda bunun nəticəsinin bəzi banklar üçün ağrılı olacağını güman edilirdi. Palatanın bəzi banklara kapitalı müxtəlif səviyyədə artırmaq tələbi sərt addımların atılacağından xəbər verirdi. Palatanın Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə 4 bankın - “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin lisenziyasının ləğv edilməsi diqqəti yenidən bank sektoruna yönəldib. Bu, Palatanın ilk bağlama qərarı idi. Çünki ona qədər Mərkəzi Bank bankları ləğv etmək səlahiyyətinə malik olub.
25 İyul 2016 13:21 İqtisadiyyatSamir Əliyev: "Depozit portfelinin kiçikliyi bankların bağlanmasını asanlaşdıran meyarlardan biridir"
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) iyulun əvvəlindən başlayaraq banklarda yoxlamalara başlayanda bunun nəticəsinin bəzi banklar üçün ağrılı olacağını güman edilirdi. Palatanın bəzi banklara kapitalı müxtəlif səviyyədə artırmaq tələbi sərt addımların atılacağından xəbər verirdi. Palatanın Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə 4 bankın - "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin lisenziyasının ləğv edilməsi diqqəti yenidən bank sektoruna yönəldib. Bu, Palatanın ilk bağlama qərarı idi. Çünki ona qədər Mərkəzi Bank bankları ləğv etmək səlahiyyətinə malik olub.
İqtisadçı Samir Əliyev deyir ki, Azərbaycanın bank sektorunda indiyədək bir gündə 4 bankın lisenziyasının alınması təcrübəsinə rast gəlinməyib: "İlin əvvəlində Mərkəzi Bank bankları bağlamağa başlayanda ehtimal edilirdi ki, əmanətlərin tam sığortalanması haqqında Qanun qüvvəyə minməsi ilə proses başa çatacaq. Həmin dövrdə hətta bəzi banklar nəticəsi qabaqcadan məlum olan birləşmə oyununu ortaya atıb vaxt qazanmağa müvəffəq oldular. Sonrakı dövrlərdə birləşmə ideyası əhəmiyyətini itirərək gündəmdən çıxdı. Son bağlanma dalğasında lisenziyası alınmış banklardan biri - "Zaminbank"ın ilin əvvəlində bağlanması nəzərdə tutulurdu. Ancaq bağlanma prosesi müvəqqəti donduruldu və həllini tapmamış bir sıra problemlər, o cümlədən bankların devalvasiya nəticəsində yaranmış kapital itkiləri kimi problemlər yeni yaradılmış Palatanın öhdəsində buraxıldı. Ona görə də Mərkəzi Bankla müqayisədə Palatanın qərarlarının daha sərt olacağı gözlənilirdi". İqtisadçı bildirib ki, devalvasiyadan əvvəl ekspertlər kəskin devalvasiyanın bank sektoruna dağıdıcı təsiri olacağını xəbərdarlıq etmişdi: "Əgər birinci devalvasiyadan sonra bankları kiçik istisnalarla qorumaq mümkün idisə, ikinci devalvasiyadan sonra bunun mümkünsüz olduğu aydın idi. Ümumiyyətlə, bu vaxtadək 12 bank devalvasiyanın qurbanı olub. Onların 2-si 1-ci, 10-u isə 2-ci devalvasiyadan sonra bağlanıb. Hətta bir bank - NBC Bank lisenziyasını bərpa edə bilib. Artıq ölkədə fəaliyyətdə olan bankların ¼-i lisenziyasız qalıb. Devalvasiyalardan sonra bankların valyuta mövqeləri pozuldu, aktivləri pisləşdi, beynəlxalq reytinqləri aşağı düşdü, kreditləşmələri məhdudlaşdı, əmanətləri dollarlaşdı. Bütün bunlar ona gətirib çıxartdı ki bankların gəlirləri kəskin azaldı, problemli kreditlərin atması nəticəsində bankların əhali və xarici qurumlar qarşısında öhdəliklərinin yerinə yetirməsi ilə bağlı çətinliklər ortaya çıxartdı. Bütün bunlar ölkənin maliyyə sabitliyi təhlükə altına qoyur". Samir Əliyevin sözlərinə görə, Palata bankları bağlayanda əsas kimi bir sıra səbəbləri əsas götürüb: "Aktivlərin qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirilməməsi, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaradılmaması, məcmu kapitalın minimum məbləği tələbinə əməl edilməməsi, təhrif edilmiş hesabatların təqdim edilməsi, bütövlükdə cari fəaliyyətlərin etibarlı və prudensial qaydada idarə olunmaması, nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirilməməsi. Göründüyü kimi, səbəblər kifayət qədər çoxdur. Hətta qanunvericiliyə görə, bu səbəblərin biri onların bağlanması üçün əsasdır". İqtisadçı onu da qeyd edib ki, oxşar vəziyyət digər banklarda, o cümlədən Beynəlxalq Bank və "Bank Standart"da da mövcud olub. Ancaq "Bank Standart"ı cəlb etdiyi depozitlərin həcmi qoruyub. Samir Əliyev bildirib ki, Palatanın vəziyyətini də anlamaq olar: "Palata maliyyə sistemində sabitliyi təmin etmək üçün bir qədər sərt addımlar atmağa məcburdur. Sistemə təhlükə törədən, düzgün idarəetmə qurmayan, məsuliyyətsiz əmanət cəlb edən, eyni zamanda məsuliyyətsiz kreditləşmə həyata keçirən bankların bazardan getməsi labüddür". Onun szlərinə görə, yaxın dövrlərdə daha 3-4 bankın "qara kağız" almaq ehtimalı var: "Depozit portfelinin kiçikliyi bankların bağlanmasını asanlaşdıran meyarlardan biridir. Bankların sağlamlaşdırılması və bağlanması prosesi şəffaf aparılmadığından qərarların subyektiv şəkildə verilməkdə davam edəcəyini deməyə əsas verir. Hər bir halda bankaların maliyyə problemlərinin aradan qaldırılması, sağlamlaşdırılması onların bağlanmaq təhlükəsindən xilas etməyəcək".
Füzuli