Kənd təsərrüfatımızı belə iflic edirlər

Bazarlar monopolistlərin xaricdən gətirdiyi mallarla dolub

Bu il Azərbaycan kəndləri üçün olduqca ağır keçdi. Əlverişsiz hava şərati kənd təsərrüfatına ciddi problemlər yaratdı: məhsuldarlıq və keyfiyyət aşağı düşdü.
Məhsul yığımı iki ay əvvəl başa çatsada kəndli hələ də gözləyir. Kartofu, soğanı, meyvəni satmaq üçün bazar yoxdur, qiymətlər maya dəyərindən də aşağıdır. Məslən, Qərb bölgəsində kartofun topdansatış qiyməti 20-23 qəpik, soğan isə 10-15 qəpik təşkil edir. Xurma, 10 qəpik, alma, armudla bağlı isə alqı-satqı olmadığından qiymətlər hələ formalaşmayıb. Yəni tələb ümumiyyətlə yoxdur.
Kəndli əkinindən ildə cəmi bir dəfə məhsul götürür, növbəti ilə qədər bütün xərclərini onun satışından çıxarmalıdır. Təklif olunan qiymət isə maya dəyərindən aşağıdır. O zaman kəndli necə yaşasın, gələn il necə əkin əksin? Bu suallar hökuməti qətiyyən narahat eləmir. Eləsəydi daxili bazarı qorumaq, ölkə əhalisinin 44 faizinin çalışdığı aqrar sektorun problemini həll etməyə çalışardı.
Ölkədə hər şey bahaykən kəndinin istehsal etdiyi məhsul niyə sui-qiymətinədir? Xaricdən idxal olunan kənd təsərrüfatı malları niyə yerli malardan ucuz olmalıdır?

Bazarda İran kartofu yerli məhsuldan niyə ucuz satılır?

Bakıda yerləşən "Yaşıl bazar"da İrandan və Türkiyədən gətirilən məhsullar üstünlük təşkil edir. Onların qiyməti ucuz, yerli məhsulların qiyməti isə nisbətən bahadır. "İlin bu mövsümündə bazarda kənd təsərrüfatı məhsulları kasad olmamalıdır. Son vaxtlar qiymətlərin az da olsa qalxması müşahidə olunur" deyə özünü Arzuman kimi təqdim edən satıcı bildirir.
O, deyir ki, 20 kiloqramlıq İran soğanın qiyməti 6 manatdır. Kilo ilə 50 qəpiyə təklif olunur. Kartofun 10 kiloqram gələn bir kissəsi isə 13 manata deyilir. Kilo ilə 40-45 qəpiyə satılır.

Eyni çəkidə Gədəbəy və Tovuz rayonlarından gətirilmiş kartofun bir kisəsi 8 manat, soğan isə 9-10 manata təklif olunur. Kilo ilə kartof 50-60 qəpiyə, soğan isə 60-80 qəpiyə satılır. Həmsöhbətim qiymət artımının yerli məhsullarda olmadığını deyir.Satıcılar bildridi ki, sağlamlığını düşünən alıcılar İran, Türkiyə mallarına deyil, yerli məhsula üstünlük verirlər. Baxmayaraq ki, yerli məhsul bahadır.
Satıcı deyir ki, yerli məhsulun baha olmasına səbəb fermerlərin saxlama anbarlarının olmamasıdır: "Anbarları olsa, məhsulu yığıb saxlayarlar. Təkcə, kartof, soğan deyil ki... İndi Azərbayacana kənd təsərrüfatı məhsullarının çoxu xaricdən gətirilir. Hansı ki, bunlar hamısını ölkədə istehsal etmiək üçün şərait var. Soğan, kartof, meyvə, ət və süd məhsulları, konservlər niyə xaricdən gətirilməlidir? Azərbaycanda bunlar niyə bazar tələbatına uyğun istehsal olunmamalıdır?

Bölgələrdə kiçik sahibkarlığa şərait yaradılmalıdır. Fermeri başlı-başına buraxmaq düz deyil axı. Fermerə "get necə edirsən et, öz işini müstəqil qur" demək doğru deyil. Bu problem dövlətin prioriteti olmalıdır. Biz alverçilər İrandan mal gətimirik ki... Gətirirlər, biz də anbardan alırıb satırıq"-deyə satıcı vurğuladı.

Vahid Məhərrəmov: "Fermerlərə əsas problemləri idxal monopoliyası yaradır"

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov deyir ki, fermerlərin bazara çıxış olduqca çətindir. Ekspert bunu bir sıra amillərlə bağlayır: "Birincisi, bazarlarda məskunlaşmış ticarətçilər var. Onlar öz yerlərini fermerlərə verməkdə maraqlı görünmürlər. Fermerlər istehsal etdikləri məhsulu yalnız mövsümdə çıxarıb sata bilir. Məcburiyyət qarşısında qalıb, məhsullarını tədarükçülərə satsınlar. Onlar da sui-istifadə edib, çox ucuz qiymətə alırlar".
Mütəxəssis əlavə etdi ki, fermerlərə əsas problemləri həm jdə idxal monopoliyası yaradır: "Məsələn, "Meyvəli" deyilən bir şirkət fəaliyyət göstərir. Ölkənin kənd təsərrüfatı bazarına əsas nəzarəti onlar edir. Bu şirkət idxal məhsullarına üstünlük verir. Çünki xaricdən gətirilən kənd təsərrüfatı məhsularının görünüşü daha cəlbedicidir, nisbətən ucuzdur. Yerli mallarü ona görə tutmurlar ki, onun saxlanma müddətinin qısa, qablaşdırılması isə çətindir. Fermerlərin isə fərdi şəkildə mallarını bazara çıxarmasına maksimum dərəcədə imkan verilmir".
V.Məhərrəmov yerli fermerlər üçün əlverişli şəraitin yaradılmasını vacib sayır: "Bu məsələnqi qaldıranda, hökumət daha pis çıxış yolu göstərir. Bildirir ki, büdcə hesabına Azərittifaqlar bərpa edilsin, onlar da yerlərdə fermerlərdən məhsullarını alsınlar. Buna yol vermək olmaz. Əslində, dar çərçivədə deyil, daha geniş bazarın yaradılmasına imkan verilməlidir. Kəndlilər üçün təkcə iki günlük yarmarkalarda deyil, daimi satış məntəqələri təşkil edilməlidir. Bundan əlavə, icra hakimiyyətləri tərəfindən xüsusi topdansatış məntəqələri yaradılmalıdır. Lakin ortaya başqa məsələlər çıxır.
Topdaşsatış məntəqələrinə mal gətirən kəndlilərin harada gecələmələrində çətinliklər var. Çünki Azərbaycanda mehmanxanaların qiyməti çox yüksəkdir. Sanitar qaydalara uyğun iaşə obyektləri yaradılmalıdır ki, uzaq yol gəlmiş fermerlər istifadə edə bilsin. Yalnız "Meyvəli" şirkəti regionlar üzrə fəaliyyət göstərə bilir. O da bazarda inhisarçıdır, məhsulların həm alışında, həm də satışında qiymətlərə diqtə edir. Belə olan halda fermer çox ucuz satır, istehlakçı isə çox baha qiymətə alır. Qazananlar inhisarçılardı ki, hamısı məmurlara bağlıdır".

Məqsədli məhvetmə siyasəti

Azərbaycannın iqlimi kənd təsərrüfatı məhsullarının istehsalına imkan verir. Bəzi rayonlarda (Cəlilabad, Şəmkir və s.) ildə iki dəfə məhsul götürmək olar. Ekspertlər məhsuldar qüvvələrin ölkəni ərzaqla tam təmin etmək iqtidarında olduğunu bildirirlər. Dövlət Statistik Komitəsinin məlumatına görə əhalinin 44 faizi aqrar sektorda çalışır, gəlir mənbəyi buradandır.
Amma reallıqda vəziyyət necədir? Bu qədər potensialın olduğu halda kəndlər sürətlə boşalır: cavanlar qazanc dalınca ya Bakıya, ya da MDB ölkələrinə üz tutur. Əkilməyən torpaqlar erroziyaya məruz qalaraq sıradan çıxır, ya da inhisarçı məmurlar tərəfindən dəyər-dəyməzinə satın alınır.

Dövlətin aqrar sahəyə dəstəyi çox azdır, məsələn hər il büdcədən Nəqliyyat Nazirliyinə 2 milyard manatdan çox vəsait ayrılırsa, aqrar sektora yardımların həcmi 100 milyon manatı aşmır. Hökumətin bir neçə kanaldan fermerlərə ayırdığı cüzi vəsait məmurlar tərəfindən mənimsənilir. Təklif olunan kreditlərin şərtləri olduqca ağırdır və yoxsul kəndli üçün əlçatan deyil.
Aqrar sektoru dirçəltmək, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək hökumətin prioritetləri sırasında deyil. Kənd Təsərrüfatı Nazirliyi 2.7 miylon ton taxıl istehsal etdiyini bəyan edir, amma Dövlət Taxıl Fondu onun 1 kiloqramını belə alıb saxlamır. Çünki keyfiyyət yoxdur. İikincisi, ölkədə bu qədər taxılın istehsal olunması cəfəngiyyatdır, yerli rayon rəhbərləri taxıl üçün ayrılan subsidiyanı (hektara 40 manat) mənimsəmək üçün şişirdilmiş, heç bir əsası olmayan rəqəmlər təqdim edirlər. Məhsul yığımı dövründə isə yalançı əkin sahələrini orta hesabla 20-23 sentnerə vurub nazir İsmət Abbasov üçün milyonlarla tonluq buğda istehsalı barədə rəqəmlər hazırlayırlar.
Hökumət aqrar sektorun inkişafının başlıca şərti olan emal müəssisələrinin yaradılmasını stimullaşdırmır. Əksinə, xaricdən qazandığı pulu bu sahəyə yatırmaq istəyən fermerin başına elə oyun gətirilir ki, o başını götürüb ölkədən qaçmağa məcbur olur.
Azərbaycan kəndləri bu gün çox acınacaqlı duruma gətirilib. Evinə büdcədən maaş, pensiya girməyənlər isə aclıq keçirirlər. Neftli, barlı bərəkətli Azərbaycan torpaqları üzərində aclıq çəkən insanları dəyənək altında saxlamaq hökumət üçün əsas prioriteti kimi görünür. Əks halda bunun izahını tapmaq mümkün deyil.../bizimyolinfo/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31