Kənd təsərrüfatımızı niyə dirçəldə bilmirik? - AKTUAL

Və yaxud saxta balın saxta yarmarkası

Azərbaycanda kənd təsərrüfatı sahəsi iflic vəziyyətdədir. Ölkənin kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünü təmin edə bilməməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yox dərəcədə olması və ən nəhayət dünya bazarına çıxarmaq üçün keyfiyyətli məhsulun olmaması fikrimizi bir daha təsdiqləyir. Bunlar sadəcə kənd təsərrüfatı sahəsinin ümumi görüntüləridir ki, nəticə ilə qiymətləndirilir. Ancaq ayri-ayrı sahələr üzrə baş verən neqativ hallar vəziyyətin daha da acınacaqlı olması anlamına gəlir. Ekspertlərin qənaətincə, kənd təsərrüfatı sahəsinin acınacaqlı vəziyyətə düşməsində ilk növbədə bu sahəyə nəzarət edən rəhbər şəxslər məsuliyyət daşıyır. Çünki, Azərbaycanda kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üşün kifayət qədər imkan var. Respublikanın iqlim şəraiti, əkin sahələri üşün kifayət qədər münbit torpağın olması, lazımi qədər kənd təsərrüfatı texnikasının və gübrələrin alınması  bu sahənin inkişafı üçün stimul yaradır. Üstəlik bu sahəyə dövlət qayğısının olması, büdcədən lazımi vəsaitin ayrılması kənd təsərrüfatının inkişafına təkan verir. Qalır bircə cavabdeh şəxslərin öz vəzifələrinə vicdanlı yanaşması ki, hələlik bu münasibətin şahidi olmamışıq. Əksinə, kənd təsərrüfatı sahəsinə dövlət qayğısı artdıqca, bu sahəyə ayrılan vəsaitlərin həcmi çoxaldıqca problemlərin də sayı paralel olaraq artmaqda davam edir. Azərbaycanda torpaq islahatı aparıldıqdın bu günə qədər  elə bir ciddi irimiqyaslı layihələri ilə fərqlənməyən Kənd Təsərrüfatı Nazirliyi bu gün də ənənəsini davam etdirməkdədir. Amma etiraf edilməlidir ki, Azərbaycanda çoxillik ənənəyə malik pambıqşılıq, üzümşülük, arıçılıq, baramaçılıq və sair kimi onlarla dünya əhəmiyyətli məhsullar  var ki, onların inkişaf etdirilməsi ilə kənd təsərrüfatıni  lazımi səviyyəyə yüksəltmək olar. Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyinin yarıtmaz fəaliyyəti nəticəsində sözügedən məhsullar nəinki xaricə çıxarılır, heç daxili tələbatı ödəmək iqtidarında deyil. Qısası ölkənin kənd təsərrüfatı sahəsində əkindən tutmuş biçinə, yığımdan tutmuş satışa qədər bütün sahələrdə problemlər yaşanmaqdadır. Maraqlı məqam ondan ibarətdir ki, sadalanan problemlər mütəmadi olaraq mətbuatda işıqlandırılır, dövlət başçısı tərəfindən tənqid edilir, lakin sözügedən nazirliyin rəhbərləri heç bir nəticə çıxarmırlar. Öz səhvlərini düzəltmək əvəzinə, vətəndaşları aldatmaqla kreslolarını əldə saxlamaq siyasətini yürüdürlər. Müşahidələr göstərir ki, bunun üçün ən optimal vasitə kənd təsərrüfatı məhsullarının yarmarkasını təşkil etməkdir ki, sözügedən nazirlik illərdir  bu işlə məşğul olur. Məlumdur ki, hər həftə paytaxtın müxtəlif raonlarında kənd təsərrüfatı məhsullarının  yarmarkası keçirilir. Yarmarkanın təşkilatçılarından olan Kənd Təsərrüfatı Nazirliyi əvvəlcədən elan edir ki, yarmarkaya filan rayondan filan qədər məhsul gətiriləcək. Yarmarkadakı qiymətlər bazarlardan 20-30 faiz ucuz olacaq. Lakin fakt ondan ibarətdir ki, böyük zəhmət və maliyyə hesabına  regionlardan məhsul gətirən sahibkarlar elə yarmarkanın qapısı ağzında qalmalı olurlar. Təsəvvür edin ki, yarmarkalarda satışa  yerli məhsullardan çox xarici mallar  çıxarılır. Deməli, yarmarkaları əsasən alverçilər zəbt edir ki, bu zaman ucuzluqdan söhbət gedə bilməz.

Digər bir problem yaxın vaxtlarda paytaxtda keçirilən bal yarmarkasında müşahidə olunub ki, belə vəziyyət illərlədir  davam etməkdədir. Artıq neçənci dəfədir ki, bu yarmarkada qiymətlər deyildiyindən baha satılır, satışa saxta ballar çıxarılır. Maraqlıdır ki, əsil arıçılar belə vəziyyətin KTN-nin himayəçiliyi ilə yarandığını iddia edirlər. Bildirilər ki, təşkilatçılar yarmarkaya saxta balların çıxarılmasının marağında olmasaydılar, əvvəlcədən tutulan siyahıdan əsil arıçıların adları çıxarılmazdı. Belə məlum olur ki, baha qiymətə olan saxta ballar nazirliyin öz xeyir-duası ilə yarmarkaya yol tapır. İddialara görə,  nazirlikdə arıçılıq sahəsinə ixtisasca atçı olan mütəxəssislər rəhbərlik etdiyinə görə, bu sahəyə dəstək vermək əvəzinə ayrılan vəsait onların öz aralarında bölüşdürülərək sahibinə çatmır.

Və nəhayət bir neçə kəlmə də KTN-nin bu yaxınlarda Qurban bayramı münasibətilə təşkil etdiyi yarmarkalar barədə söyləməklə nazirliyin yarıtmaz fəaliyyəti tam aydın olacaq. Nazirliyin bayram ərəfəsində verdiyi vədlərdən xoşallanan insanlar elə təsəvver edirdilər ki, nəhayət bu il hamı Qurban ətindən dadacaq. Bildirilirdi ki, 7-8 yerdə Qurban əti ksilib satılacaq, 15-20 kq-lıq qoyunlar 100 manata təklif ediləcək. Ancaq təəssüf ki, burada da eyni ab-hava hökm sürdü, eyni mənzərə davam etdi. Hasara alınmış, qırmızı lentlə bəzədilmiş bütün satış mərkəzləri boş qaldı, ərazidən kənarda isə qurbanlıq qoyunlar  200-250 manata satıldı. Qurbanlıq ət isə 8-9 manat əvəzinə 11-12 manata təklif olunurdu. Şünki, bayram ərəfəsində rayonlardan paytaxta gətirilən qoyunların qarşısı alınaraq alverçilər üçün şərait yaradılmışdı. Təkcə bu faktlar Kənd Təsərrüfati Nazirliyinin birbaşa rəhbərlik etdiyi tədbirin acı nəticəsi idi. Bu faktlar deməyə əsas verir ki, Kənd Təsərrüfatı Nazirliyinin nəzarətində olan sahələrə biganə münasibəti ölkənin kənd təsərrüfatı sahəsini iflic vəziyyətə salıb.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31