ARDNŞ Gürcüstanda iri qaz distribüterinə çevrilib

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "ITERA Georgia" şirkətini almaqla Gürcüstanda (Tbilisi istisna olmaqla) yeganə qaz distribüterinə çevrilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, həmin aktivlərin alınmasına dair müqavilə uzun müddət nəzərdən keçirilib. Bütün risklərin qiymətləndirilməsi aparılıb və nəticədə "ITERA"nın alınması barədə qərar qəbul edilib. Abdullayev alınan aktivlərin dəyərinə gəlincə, bunun kommersiya sirri olduğunu qeyd edib. ARDNŞ-nin Gürcüstandakı müqavilələrinə bu ölkənin yeni hökumətinin yenidən baxmasının mümkünlüyü barədə suala cavab verən şirkət rəhbəri bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq səviyyəli, iri reytinq agentliklərinin reytinqinə malik şirkətdir və özünün bütün müqavilələrini beynəlxalq normalara uyğun olaraq həyata keçirir. ARDNŞ Gürcüstan bazarında qazpaylayıcı şəbəkəyə, təxminən 100 yanacaqdoldurma məntəqəsinə, Qara dənizdə Kulevi neft terminalına malik olmaqdan başqa, bu ölkədə karbamid zavodu tikir, qaz və neft məhsullarının çatdırılmasını həyata keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31