İnəklərimiz niyə süd vermir?- ARAŞDIRMA
31 Oktyabr 2012 18:39 İqtisadiyyatİqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) aqrar islahatlar üzrə eksperti, ümumiyyətlə, aqrar sahədə ən qabaqcıl qərb texnologiyalarının tərəfdarı olan Vahid Məhərrəmov bəzən sovet illərinin kolxoz-sovxoz təsərrüfatçılığı barədə nostalji hissi ilə danışır.
"Sovet dövründə biz real olaraq 600 min ton pambıq istehsal edirdik, bu gün bu göstərici 30 min tona düşüb. Yaşıl çay istehsalı sovet dövründə 30 min ton idi, indi 400 tona enib. Sovet dövründə ətə olan tələbatımızın böyük hissəsini özümüz ödəyirdik, amma indi 50 faizə qədər idxal edirik. Üzüm istehsalını 2 milyon tona çatdırmışdıq, bu gün 125 min tona düşüb. Görün, nə qədər fərq edir? Meyvə və tərəvəz istehsalında da xeyli azalma var. Həmin illərdə biz cəmi 400-500 min ərzaq buğdası idxal edirdik, amma indi ölkəyə hər il 1 milyon 400 min ton buğda gətirilir və hətta quşçuluğa da idxal buğdası yönəldilir",- deyə aqrar ekspert ANS PRESS əməkdaşı ilə söhbətində vurğulayıb.
İTM təmsilçisi yerli istehsalda baş verən azalmanı aqrar sektorda məhsuldarlığın aşağı düşməsi ilə izah edir: "Lap statistika ilə danışaq. İndi göstəririk ki, bir inəkdən ildə 1,5 ton süd sağılır, sovet dövründə isə həmin göstərici 2 tondan yuxarı idi. Kəndli ailələrində isə bu rəqəm 1 tonun ətrafındadır".
Vahid Məhərrəmov bu məsələdə də əsas səbəblərdən biri kimi kadr çatışmazlığının olduğunu göstərir: "Aqrar sahə elmi yeniliklərə ehtiyacı daha çox olan sektordur, burada bir neçə elmin yenilikləri tətbiq edilir. Yəni fermerin bir neçə elmdən başı çıxmalıdır. Bu sahədə gündən günə yeni texnologiyalar peyda olur və onları idarə etmək çox çətindir. Azərbaycan kəndində Avropa texnologiyaları ona görə tətbiq edilə bilmir ki, məhz mütəxəssis yoxdur. Bu gün ali təhsilli aqronoma, zootexnikə və s. kimi aqrar mütəxəssislərə ehtiyac duyulur. Peşə məktəblərində orta təhsilli aqrar mütəxəssislər - bağbanlar, mexanizatorlar, sağın maşınlarını idarə edən mütəxəssilər hazırlanımalıdır".
Aqrar ekspertin dediyinə görə, sovet illərində yetişmiş aqrar mütəxəssislərin çox hissəsi artıq iş üçün yararlı deyil - o vaxtkı bacarıqlı gənc mütəxəssislər, yəni indiki ortayaşlılar Rusiyada və başqa MDB ölkələrində özlərinə iş tapdılar, yaşlı nəslin təmsilçiləri isə ya dünyasını dəyişib, ya da sahədən çoxdan uzaqlaşaraq pensiya günlərini yaşayırlar. Vahid Məhərrəmov bildirir ki, indiki şəraitdə isə qabiliyyətli kənd təsərrüfatı mütəxəssislərinin yetişməsi çətindir - kənd təsərrüfatı ixtisaslarını adətən aşağı bal toplamış məzunlar seçir, onları da aqrar sahəyə heç bir maraq bağlamır, sadəcə ali təhsil xatirinə bu ixtisaslara üz tuturlar.
Aqrar ekspertin bu sözləri Təhsil Nazirliyinin təmsilçiləri tərəfindən də dəfələrlə vurğulanıb. Bu barədə həm təhsil naziri Misir Mərdanov, həm də nazirliyin başqa əməkdaşları bildiriblər. Məsələn, təhsil nazirinin müavini Qulu Novruzov bu yaxınlarda söyləyib ki, xaricdə təhsil almaq istəyən gənclər arasında aqrar sənaye sahəsinə maraq azdır. Amma o, bunu da vurğulayıb ki, hazırda dövlət orqanlarında, o cümlədən özəl və yerli şirkətlərdə aqrar sahədə təhsil alan kadrlara daha çox ehtiyac var.
ANS PRESS-in araşdırmasına görə, gəncləri aqrar ixtisasları seçməkdən daşındıran əsas səbəb bu sektorda iş tapmağın çətinliyidir. Vaxtı ilə Azərbaycanda 2000-dən çox sovxoz və kolxoz var idi ki, onların hər birində ən azı 5 aqronom, 3 baytar həkim, 3 zootexnik, 3-4 nəfər mexanizasiya mütəxəssisi işləyirdi. Aqrar sahə üzrə mühasiblər, iqtisadçılar və təsərrüfat rəhbərləri, briqadirlər də nəzərə alındıqda 50 minə yaxın ali təhsilli mütəxəssis kənd təsərrüfatı ilə məşğul idi. Azərbaycan bu qədər aqrar mütəxəssis yetişdirməyə uzun illər ərzində nail olmuşdu. Aqrar mütəxəssilər təkcə Gəncədə yerləşən Kənd Təsərrüfatı İnstitutunda deyil, həm də Timiryazyev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında, Sovet İttifaqının Kiyev, Daşkənd kimi şəhərlərində yerləşən ali məktəblərdə yetişmişdilər. Aqrar sahədə qiyabi təhsilə xüsusi üstünlük verilirdi - kənddən gəlmiş gənclər təsərrüfatda qazandıqları təcrübəni elmi biliklərlə zənginləşdirirdilər və çox yaxşı mütəxəssisə çevrilirdilər.
Maraqlıdır ki, o vaxt Azərbaycanın aqrar-sənaye kompleksi hətta qabaqcıl qərb mütəxəssisləri tərəfindən də yüksək qiymətləndirilirdi. Mixail Qorbaçovun hakimiyyətinin ilk illərində Dövlət Plan Komitəsində işləmiş texnika elmləri namizədi Fərhad Hacıyev xatırlayır ki, ABŞ Dövlət Departamentinin kənd təsərrüfatı agentliyinin iki əməkdaşı Bakıda yerli aqrar sektorla tanışlıqdan sonra azərbaycanlı mütəxəssislərə demişdilər: "Sizin kənd təsərrüfatı əla vəziyyətdədir. Bazar iqtisadiyyatına keçmək üçün torpağı kəndlilərə bölməyə ehtiyac yoxdur. Sadəcə, kolxoz və sovxozları səhmlədirib səhmləri kənd sakinləri arasında bölə bilərsiniz. Amma kollektiv təsərrüfatları dağıtmaq olmaz - bu, dünyanın ən ideal aqrar idarəetmə variantıdır".
Lakin bu cür tövsiyyələrə əməl edilmədi və 1990-cı illərin əvvəllərində sovxoz və kolxozlar ləğv edildi, bununla da həmin 50 minə yaxın adam işsiz qaldı. Həmin adamlardan yalnız minə qədəri xırda fermer təsərrüfatlarında, yerli kənd təsərrüfatı idarələrində, baytarlıq stansiyalarında iş tapa bildilər. Amma həmin insanların maaşları elə də yüksək deyil. ANS PRESS-in araşdırmasına görə, bəzi kəndlərdə sahə baytar həkimi 170 manat, baytar feldşer isə 130 manat maaş alır. Təbii ki, belə olan şəraitdə gəncləri aqrar ixtisaslara yönəltmək çox çətin olurdu. Nəticədə, ali təhsil üçün aqrar ixtisasları seçənlərin sayı ildən ilə azalırdı.
Amma Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin tədris hissəsinin rəhbəri, iqtisad elmləri namizədi Nüsrət Hüseynovun sözlərinə görə, son illərdə gənclərdə aqrar ixtisaslara maraq artıb: "Cari 2012-ci ildə bizim universitetə 1200 tələbə daxil olub, bu da 2007-ci ilə baxanda 3 dəfə çoxdur". Onun sözlərinə görə, aqronomluq; aqromühəndislik; zootexnika; baytarlıq; torpaqşünaslıq və aqrokimya; meşəçilik; yer quruluşu, torpaq və şəhər kadastrı kimi ixtisaslara respublika üzrə böyük ehtiyac yaranıb. Universitet təmsilçisi bildirir ki, aqrar kadrlara duyulan ehtiyac 2009-cu ildən bu yana universitetdə məzun yarmarkaları keçirməyə imkan yaradıb: "Bu yarmarkalarda respublikanın əksər iri aqrar şirkətləri iştirak edirlər və bizdən məzunları seçib işə dəvət edirlər, onlarda həm maaşlar yüksəkdir, həm də gənc mütəxəssisi yataqxana ilə təmin edirlər".
Lakin son illərdə baş verən bu dəyişikliklər hələ ki, yalnız iri şirkətlərə aiddir və respublikanın 800 minə yaxın kiçik kəndli təsərrüfatının böyük əksəriyyəti bundan kənarda qalır. Bir qayda olaraq, özəl təsərrüfatın sahəsi 1000 hektardan kiçik olduqda orada aqronom, baytar və ya zootexnik kimi mütəxəssisləri işə götürmək rentabelli olmur. Azərbaycanın kəndli təsərrüfatlarının əksəriyyətinin sahəsi isə 2-4 hektar arasında dəyişir.
Xırda kəndli təsərrüfatları aqrar mütəxəssislər bazarına da təsir göstərə bilmir və nəticədə belə kadrlara tələbat iki dəfədən çox düşüb. Təsadüfi deyil ki, 1991-ci ildə Gəncədəki Kənd Təsərrüfatı İnstitutunun 10 min tələbəsi olduğu halda, hazırda bu, yuxarıda deyildiyi kimi 2 dəfə azdır.
Ən maraqlısı da odur ki, rəsmi dairlər bu sahədə kəskin addımlar atmağa, məsələn kənd icra nümayədəliklərinin ştat cədvəlinə aqronom, zootexnik və s. kimi vəzifələr əlavə etməyə lüzum görmürlər, vəziyyətin təbii yollarla düzələcəyinə və kənd camaatının bazar münasibətləri çərçivəsində aqrar texnologiyalara uyğun məhsul istehsal edəcəyinə inanırlar. "Biz durub yenidən sovet quruluşuna qayıtmayacıq ki... Camaatın psixologiyası dəyişməlidir",- deyə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin başçısı Murtuzəli Hacıyev ANS PRESS-ə bildirib.
Amma İTM təmsilçisi Vahid Məhərrəmov məsələyə tamam fərqli yanaşır. Onun fikrincə, bu gün dövlətin dəstəyi ilə yerlərdə kənd təsərrüfatı üzrə özəl məsləhətçilər hazırlamaq olar. "Bu mütəxəssislər əvvəlkindən fərqli olaraq universal olmalıdırlar ki, kəndlilər onlardan hərtərəfli məsləhətlər ala bilsinlər. Yəni özəl məsləhətçilər həm əkin barədə, həm də bazar konyukturası ilə bağlı məlumatlar verə bilər. İlk vaxtlar bu, dövlət tərəfindən stimullaşdırılmalıdır. Müəyyən mərhələdən sonra məsləhətçilər fermerlər arasında etibar qazanaraq onlarla xidməti müqavilələr bağlaya bilsələr, dövlət bu işdən kənarlaşa bilər. Bu cür yanaşma həm də özəl məsləhətçilər arasında seçmə də aparmağa imkan verə bilər, yəni fermerlər savadsız məsləhətçilərlə müqavilə bağlamayacaqlar. Büdcəmizin bunu etməyə gücü çatar, hər il dövlət büdcəsindən kənd təsərrüfatına subsidiya vermək üçün 111 milyon manat vəsait ayrılır",- deyə Vahid Məhərrəmov ANS PRESS-ə bildirib.