Satışda çoxlu saxta qızıl əşyaları aşkarlanıb VIDEO
Alıcılara qızıl alarkən diqqətli olmaq tövsiyə olunur
30 Oktyabr 2012 15:42 İqtisadiyyatAzərbaycanın daxili qızıl məmulatları bazarında çoxlu sayda saxta əyarlı zərgərlik əşyaları aşkarlanıb. Odur ki, alıcılara qızıl əşyası alarkən diqqətli olmaq tövsiyə olunur. Vəziyyəti müəyyən qədər nəzarətə götürmək üçün hətta Əyar Palatası qızıl satılan ticarət mərkəzlərində rəsmi nümayəndələrini yerləşdirib.
Yoxlamalarda ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 41min 918 ədəd məmulat xidmətə gətirilib. Onların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib, bu izlər təmizlənib və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası ilə damğalanıb. Həmin zərgərlik məmulatlarının ekspertiza, analiz, əyarlanma və damğalanma proseduralarının keçirilməsinə görə isə sahibkarlardan 382 min 154 manat məbləğində dövlət rüsumu alınaraq büdcəyə köçürülüb.
Lakin paytaxt mağazalarında satıcılar bu ittihamlarla tam razılaşmırlar. Belə ki, məsələ ilə bağlı ticarət mərkəzlərində apardığımız sorğu zaman satıcılar iddia edirdi ki, ticarət mərkəzlərində Əyar Palatasının rəsmi nümayəndələri olduğundan bütün zərgərlik məmulatları palatada yoxlamadan keçdikdən sonra satışa çıxarılır. Alıcılar isə saxta zərgərlik məmulatlarından qorunmaq üçün müxtəlif yoxlama üsullarından istifadə etdiklərini deyirlər.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Qiymətli metallara və qiymətli daşlara nəzarət Dövlət Xidmətinin səyləri nəticəsində 2012-ci ilin 9 ayı ərzində 54 min manat məbləğində inzibati cərimənin dövlət büdcəsinə ödənilib və nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilən 81 şəxs barədə inzibati xəta protokolu tərtib edilib.