ARDNŞ beynəlxalq mükafata layiq görülüb

Londonda Dünya Bankının rəhbərlik etdiyi Səmt Qazının Yandırılmasının Qlobal Səviyyədə Azaldılması üzrə Tərəfdaşlığın (GGFR) Rəhbər Komitəsinin fəaliyyətinin 10 illiyinə həsr olunmuş forum keçirilib. ARDNŞ-dən "Azadinform"a verilən məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Sumo Çakrabartinin, Dünya Bankının vitse-prezidenti Reyçel Kaydın, habelə dünyanın bir sıra şirkətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi tədbirdə şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi heyətlə təmsil olunub. Forumda GGFR-ın ötən 10 ildəki uğur və nailiyyətləri, səmt qazının yandırılmasının azaldılmasının əhəmiyyəti, bu istiqamətdə dünya praktikası və görülən işlər, o cümlədən havaya atılan səmt qazının həcminin ölçülməsində müasir texnologiyalar müzakirə edilib. Dünya Bankının vitse-prezidenti Reyçel Kayd çıxışı zamanı səmt qazının atmosferə atılmasının azaldılması istiqamətində 2 şirkətin - ARDNŞ və REMEX-in rolunu xüsusilə qeyd edib. ARDNŞ-in vitse-prezidenti Rəfiqə Hüseynzadə öz çıxışında Səmt Qazının Yandırılmasının Azaldılması istiqamətində şirkətin fəaliyyətindən danışıb, bu sahədə həyata keçirilən layihələrin təqdimatını keçirib. Forumda Dünya Bankının rəhbərlik etdiyi Səmt Qazının Yandırılmasının Qlobal Səviyyədə Azaldılması üzrə Tərəfdaşlığın Rəhbər Komitəsi tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. "Səmt qazının yandırılmasının azaldılması istiqamətində olan layihələr" nominasiyasında ARDNŞ-in təqdim etdiyi "28 may" və "Neft daşları" yatağında səmt qazının utilizasiyası layihəsi Dünya Bankı və GGFR tərəfindən yüksək qiymətləndirilib və şirkət "Award Exellence"-"Ali mükafat"-a layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31