"Azərbaycan hələ də özünü kənd təsərrüfatı məhsulları ilə, ərzaqla tam təmin edə bilmir" - MİLLƏT VƏKİLİ
Vahid Əhmədov: “Elə işləmək lazımdır ki...”
29 Oktyabr 2012 15:34 İqtisadiyyatMüsahibimiz millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovdur
- Vahid müəllim, gələn ilin dövlət büdcəsi Azərbaycanın reallıqlarını və iqtisadi imkanlarını nə dərəcədə əks etdirir?
- Büdcənin bütün reallıqları özündə tam əks etdirdiyini demək düzgün olmazdı. Biz həmişə deyirik ki, Azərbaycanın büdcəsi təxminən bundan iki dəfə artıq olmalıdır və bu istiqamətdə də get-gedə müəyyən işlər görülür, müəyyən addımlar atılır. Hesab edirəm ki, Azərbaycanın büdcəsi reallığı tam əks etdirmir. Yəni, elə etmək, işləmək lazımdır ki, Azərbaycanın büdcəsi 20 milyard manat yox, hardasa 35-40 milyard manata qədər olsun. Lakin yenə də deyirəm Azərbaycanda artıq bu yöndə işlər görülür. Bu yaxınlarda ölkə Prezidentinin iştirakı ilə Azərbaycan hökumətinin geniş hesabatı keçirildi. Orada da söyləninənlər bir daha onu göstərir ki, müəyyən problemlər olsa da, inkişaf var. Əgər ümumi məhsulda 1,5 faiz inkişaf var idisə, ümumi sənaye istehsalında 11 faiz artım olub, yəni, qeyri-neft sektoru 11 faiz inkişaf edib. Bu rəqəm yaxşı rəqəmdir. Cənab Prezident özü də qeyd etdi ki, bu, qeyri-neft sektorunun inkişafıdır. Ümumiyyətlə, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan üçün ən əhəmiyyətli, önəmli məsələlərdən biridir. Ona görə də qeyri-neft sektorunun inkişafına diqqəti artırmaq lazımdır. Biz neçə ildir ki, bu barədə danışırıq. Bu sahəyə diqqəti artırmaq lazımdır. Neftin hasilatında enmələr baş verəcək. Fikir verirsinizsə, artıq bu enmələr Azərbaycan ətrafında da gedir. Odur ki, bu sahəyə diqqət artırmaq lazımdır. Kənd təsərrüfatıdır, sənayedir, turizmdir, insan kapitalını bu sahəyə buraxmaq lazımdır. Əlbəttə, bu sahələrə də diqqət yetirilir. Misal üçün cənab Prezidentin çıxışında o da qeyd olundu ki, üç zona sənaye zonası elan olunub. Bunlar Sumqayıt, Gəncə və Bakının Qaradağ rayonudur. Artıq burada da müəyyən işlər görülür. Mən özüm Sumqayıtda tikilən zavodlarda olmuşam. Gedib baxmışam, bir gün oraları gəzmişəm. Çox yüksək seriyalı texnologiyalar, alman texnologiyası var, orada fəaliyyət göstərir. Sonra günəş batareyalarının və sair cihazlarının istehsalı istiqamətində çox böyük iş görülür. O cümlədən, Gəncədə Alüminum zavodunun yenidən bərpası və tikintisi, o cümlədən, Qaradağda bir sıra sənaye obyektinin tikintisi yönündə işlər aparılır.
-Yəni, siz də o fikirdəsiniz ki, Azərbaycanın yeganə çıxış yolu gələcək üçün qeyri-neft sektorunun inkşafındadır.
-Bəli, mən də o fikirdəyəm və bunun üzərində israr edirəm. Qeyri-neft sektorunun bir sahəsi də təbii ki, kənd təsərrüfatıdır. Kənd təsərrüfatında, düzdür, bu gün problemlərimiz var. Çünki Azərbaycan hələ də özünü kənd təsərrüfatı məhsulları ilə, ərzaqla tam təmin edə bilmir. Dövlət təhlükəsiz o vaxt sayılır ki, özünü ərzaqla təmin etsin. Azərbaycan da bilirsiniz ki, müharibə aparan dövlətdir, Ermənistanın təcavüzü var. Ona görə burada kənd təsərrüfatına diqqəti daha da artırmaq lazımdır. Xüsusilə, ərzaq təhlükəsizliyini təmin etmək üçün taxıl istehsalına diqqəti artırmaq lazımdır. Bu sahədə də müəyyən işlər görülür. Amma arada məhsuldarlığa baxmaq lazımdır. Hazırda 22-25 sentner taxıl yığılır. Bunları artırmaq lazımdır. Yəni, sahələr çoxdur, torpaqlar işğal altında olsa da. Yəni, bu məsələlər öz həllini tapmalıdır.
- Sizcə, insanların, xüsusilə, gənclərin, gənc ailələrin ən vacib problemlərindən olan mənzillə təminat məsələsinin həlli üçün büdcədən nə qədər ipoteka kreditlərinə vəsait ayrılmalıdır?
- Mən təxminən hesab edirəm ki, ildə ipotekaya 80-100 milyon manat ayrılmalıdır. Bir də ki, onun qaytarılması da var. Onun qaytarılması üçün 40-50 milyon manatı da üstə gələndə və bu, haradasa 150 milyon manat vəsait olanda, ortalıqda nəsə görünə, görülə bilər. Amma belə götürəndə indiki kimi 16 milyon, 20 milyon, bu, vəsait deyil, axı?!
- Vahid müəllim, əmanətlərlə bağlı məsələdə də, yəni, qaytarılma şərtlərinin 1992-1993-cü illərə şamil edilməsi üçün də büdcədə nəsə yeni bir addım gözlənilirmi?
- Əvvəl cənab Prezident 1992-ci ilə qədər olan əmanət qaytarılması ilə bağlı fərman verdi. Bildiyiniz kimi, bununla əlaqədar şəxsən mən çox çıxışlar etmişəm, yazılar vermişəm. Biz istəyirik ki, bu əmanətlər qaytarılsın. Çünki buna ehtiyac, tələbat həddən artıq çox idi və nəhayət, bu proses baş tutdu. İndi bu, necə baş tutdu, azlığı-çoxluğu, biz hazırda bunun marağında deyilik. Fikir verirsinizsə, artıq 400 milyon manata yaxın vəsait insanlara verilib. Bu, böyük vəsaitdir. O ki qaldı 1992-1993-cü ildən sonra olanlara bu şərtlərin tanınması məsələsinə, bəli, mənə elə gəlir ki, müəyyən müddətdən sonra buna da baxıla bilər. Yəni, Azərbaycanda ictimai-siyasi vəziyyətə, inkişafa uyğun olaraq, gələcəkdə ona da baxmaq lazımdır. Cənab Prezident, yəqin ki, vaxtı gələndə bu məsələyə də münasibətini bildirəcək. Biz də hələ təxmini bilmirik ki, bu vəsait nə qədərdir. Yəni, məlum fərmana kimi 30 min manata qədər əmanətlər sığorta olunurdu. Odur ki, o dövrə baxmaq lazımdır, görək orada nə qədər əmanət var və ancaq ondan sonra bu məsələyə qayıtmaq olar.
Alim