Komitə sədri: “Aqrar qanunvericilik təkmilləşdirilməlidir”
24 Fevral 2016 15:50 İqtisadiyyat"Pambıqçılıq, çayçılıq, tütünçülük və üzümçülük məsələlərini əhatə edən hüquqi baza mövcuddur. Ancaq yaxşı olar ki, bu istiqamətdə işləri müasir tələblər səviyyəsində qurmaq və bu sahələrin əsaslı inkişafını təmin etmək üçün icra orqanları ilə birlikdə bu qanunlar bir daha gözdən keçirilsin, lazımi dəyişikliklər aparılması üçün təkliflər hazırlansın". Bunu deyən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə, ölkə Prezidenti cənab İlham Əliyev əvvəllər olduğu kimi, bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasda və yanvarın 26-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda aqrar bölməni qeyri-neft sektorunun prioritet sahəsi adlandıraraq qeyd etdi ki, təkcə 2015-ci il deyil, bundan sonra hər il "Kənd təsərrüfatı ili" olmalıdır". Dövlət başçısı ölkəmizdə pambıq, çay, tütün, barama və üzüm məhsulları istehsalının artırılması və onların emalının son istehlak mallarına kimi emal edilməsinin təşkil olunması əsas istiqamətlər kimi göstərilib: "Bu da onunla əlaqədardır ki, məhz bu məhsullar fermerlərin hər hektardan daha çox gəlir əldə etməsində, iqtisadiyyatın bir çox sahələrində yeni daimi iş yerlərinin açılmasında, xarici bazarlara çıxıb ölkəyə valyuta gətirməkdə mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq yeni dəqiqləşdirilmiş və dünən plenar iclasda qəbul etdiyimiz dövlət büdcəsində kənd təsərrüfatına ayrılan büdcə vəsaiti 88 milyon manat və ya 14,7 faiz artırılaraq ümumi həcmi 596 milyondan 684 milyon manata çatdırılıb. Hesab edirik ki, bu vəsait fermerləri daha çox məhsul istehsal etmək, yeni istehsal sahələri yaratmaq, müasir texnika və texnologiyalar tətbiq etmək üçün stimullaşdıracaq və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına müsbət təsir edəcək".