Neftin qiyməti çox sürprizlər nümayiş etdirə bilər

Pərviz Heydərov: “Üçüncü devalvasiya arzu olunmaz fəsadlar yarada və mənfi nəticələr törədə bilər”

"Ona görə də bütün hədəflər hazırda bilavasitə buna qarşı yönəlib"

Son günlər ölkənin maliyyə sektorunda baş verənlər, manatın Amerikan dollarına nisbətən hər ötən gün möhkəmlənməsi öz-özlüyündə yaxşı hal olsa da, lakin bu prosesin davamlı olmayacağından şübhə edənlər, hətta yaxın vaxtlarda üçüncü devalvasiyanın baş verəcəyini proqnozlaşdıranlar var. İddia edilir ki, manatın möhkəmlənməsi uzun sürməyəcək və yaxın vaxtlarda növbəti devalvasiya baş verəcək. Üçüncü devalvasiyanın Novruz bayramı ərəfəsində müşahidə ediləcəyini söyləyənlər də var. Amma təbii ki, bu iddia ilə razılaşmayan, üçüncü devalvasiyanın olmayacağını deyənlər də kifayət qədərdir.
İqtisadçı Pərviz Heydərov deyir ki, dolların manata qarşı məzənnəsi artıq, sonuncu devalvasiya həyata keçirilən zaman elan olunan həddə, yəni keçən ilin dekabr ayının 21-i tarixdəki səviyyəyə qayıdıb. O, bildirib ki, son vaxtlar manatın möhkəmlənməkdə olduğu bəllidir: "Bu prosesdə isə ölkədə dollarizasiya prosesinin demək olar maksimum həddə çatmasının, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən dövriyyədə manat kütləsi həcminin isə ən yüksək səviyyədə azaldılması - məhdudlaşdırılmasının, o cümlədən neftin dünya bazar qiymətlərinin də son 1 ay ərzində 30 ABŞ dolları ətrafında sabitləşməsinin böyük rol oynadığı sirr deyil. Bütövlükdə isə AMB-in çox sərt pul-kredit siyasəti yeritməsinin, həmçinin adı çəkilən qurum tərəfindən bank sektorunda cari il başlanandan bəri valyuta dəyişmə obyektlərinin bağlanmasından tutmuş, bir sıra bankların lisenziyalarının geri alınması və onların bəzilərini isə birləşməyə sövq edilməsi kimi tədbirlərin həyata keçirilməsi ən başlıca amillər hesab edilməlidir. Bununla belə, hamı yenə devalvasiya, yəni manatın 3-cü dəfə də ucuzlaşdırılacağını gözləyir və son günlər ünvanıma gələn sualların əksəriyyətini də məhz bu, təşkil edir. Özü də maraqlıdır ki, heç kəs 3-cü devalvasiyanın ümumiyyətlə, baş verib, verməyəcəyini soruşmur. Demək olar hər kəs, bunun konkret olaraq məhz nə vaxt həyata keçiriləcəyini sual edir. Sanki, ötən il üst-üstə 2 dəfə ucuzlaşdırmadan sonra hamıda belə təəssürat yaranıb ki, manat ABŞ dolları qarşısında ən uzağı 1 rüb və yaxud da 6-7 ay davam gətirə bilər. Sual yaranır ki, bəs, dolların neçə illər ərzində 0,78 qəpik məzənnədə olduğu vaxt niyə belə düşünmürdük ?". Pərviz Heydərovun sözlərinə görə, manatın növbəti dəfə də ucuzlaşdırılıb, ucuzlaşdırılmayacağı yenə əvvəlkitək daha çox neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılıdır: "Hökumət əslində, dekabrın 21-i tarixdəki devalvasiyaya da getməyəcəkdi. Və bunun üçün neftin barelinin qiymət səviyyəsinin 40 dollar təşkil etdiyinə olduqca böyük əminlik var idi. Xatırladım ki, AMB sədri Elman Rüstəmov da 1-ci devalvasiyadan sonra hələ ilin ortasında bəyan etmişdi ki, manatın dəyəri üçün neftin 40 dollar qiymət həddinə qədər heç bir təhlükə yoxdur. Ancaq elə ki, qiymət bu həddən də aşağı keçdi, manat məcburiyyət qarşısında 2-ci
dəfə də ucuzlaşdırılası oldu. Odur ki, 3-cü devalvasiya üçün də neftin qiymət həddi real olaraq, bu dəfə 25 dollar təşkil edir. AMB tərəfindən yuxarıda qeyd etdiyimiz tədbirlər, paralel olaraq da 2016-cı ilin dövlət büdcəsində yenidən dürüstləşmə aparılması məhz bununla əlaqədardır. Bütün bunlar da onunla bağlıdır ki, Azərbaycanda tam sərbəst üzən məzənnəyə keçmək praktik olaraq mümkün deyil. Bunu bir dəfəlik yadda saxlamaq lazımdır. Hansı ekspertlər yazırlar və qeyd edirlərsə ki, yumşaq devalvasiya həyata keçirilməlidir, özləri də başa düşürlər ki, əsassız danışırlar. Manat yelkənsiz qayıq kimidir. Əgər lövbərini əldən buraxaraq içinə atdınsa, külək dərhal alıb, aparacaq. Onu da qeyd edim ki, manatın 2-ci dəfə ucuzlaşdırılmasından hələ 2-3 ay öncə, yazmışdım və qeyd etmişdim ki, növbəti dəfə də devalvasiya qərarı verilərsə, hökumət iqtisadiyyatın ən azı bank sektorunda radikal addımlar atmaq məcburiyyəti qarşısında qalacaq. Eyni zamanda hökumət paralel olaraq dövlət büdcəsindən sosial ödənişlərin də az da olsa artırılmasına gedəcək. Bu isə bilavasitə 2016-cı il üçün heç cür nəzərdə tutulmamışdı. Odur ki, 3-cü devalvasiya hökumət üçün iqtisadiyyatı idarəetmədə ümumiyyətlə, arzu olunmaz fəsadlar yarada və mənfi nəticələr törədə bilər. Ona görə də bütün hədəflər hazırda bilavasitə buna qarşı yönəlib. Ancaq neftin qiyməti də çox sürprizlər nümayiş etdirə bilər. Bu baxımdan, 2016-ci ilin ən azı birinci yarısı ərzində nəyisə istisna etmək düzgün olmaz".


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31