Iran iqtisadiyyatında nələr baş verir? - RƏY

Vüqar Bayramov: “Sanksiyalar İranda valyuta qıtlığı yaratmaqla dövlət gəlirlərinin kəskin azalmasına səbəb olur”

İran rialı (tümən) yenidən ucuzlaşıb. İndi İranda 1 ABŞ dolları 4500-4600, 1 Azərbaycan manatı isə 4800 riala satılır. Ötən ayın sonlarında 1 Azərbaycan manatı 3300-3350 rial , 1 ABŞ dolları 3000-3080 rial olub. Bir sıra beynəlxalq qurumlarının hesabatlarlna görə, İranın maliyyə sistemi iflas ərəfəsindədir. Sanskiyalara görə, İran ildə 40-50 milyard dollar itirir.

İqtisadçı-alim Vüqar Bayramov bildirib ki, İranda müşahidə edilən iqtisadi problemlər bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar ilə bağlıdır. Sanksiyalar İranın mili valyutası olan rialın daha da qiymətdən düşməsinə və inflyasiyanın güclənməsinə səbəb olmuşdur.Digər tərəfdən sanksiyaların ən çox təsir etdiyi sahələrdən biri də ticarət sektorudu. Belə ki, sanksiyalar nəticəsində idxal-ixracla məşğul olan bir sıra İran şirkətləri Dubaydakı ofislərini bağlamağa başlayıb. Bundan başqa ən böyük çətinliklərdən biri xarici valyuta tapmaqla bağlıdır. Belə ki, valyuta qıtlığı səbəbindən İran gəmilərə yüklənmiş Ukraynadan idxal etdiyi taxılın pulunu ödəyə bilmir. Yuxarıda qeyd edildiyi kimi, sanksiyalar İranın əsas ixrac məhsulu olan xam neftin satışına da mənfi təsir göstərmişdir. Bununla əlaqədar olaraq, İran artıq nedft hasilatını da azaltmağa başlayıb. Sanksiyaların ən şox hiss edən isə sadə vətəndaşlardır. İnflyasiya səbəbindən qiymətlərin qalxması nəticəsində daha 20% iranlının yaşayış səviyyəsi yoxsulluq həddindən aşağı düşüb. Müstəqil mənbələr hazırda 40% iran  vətəndaşının yoxsulluq həddindən aşağı yaşadığını bildirir. Enerji sektoruna verilən subsidiyaların azaldılması isə, sanksiyaların yoxsul əhaliyə təsirlərini daha da artıb. Subsidiyaların azaldılmasına görə verilən kompensasiyalar isə əhalinin zərərlərini tam ödəmədiyi üçün sadə insanların həyat səviyyəsi getdikcə pisləşir".

Vüqar Bayramov deyib ki, neft və qaz sektoru ölkə iqtisadiyyatında dominant  mövqedə qalmaqda davam edir. Belə ki, dövlət gəlirlərinin və ixracın əsas hissəsini neft və qazdan gələn gəlirlər təşkil edir. Bunun isə əsas səbəbi ölkənin böyük neft və qaz ehtiyatlarına malik olması ilə bağlıdır. Belə ki, İran Kanada və Səudiyyə Ərəbistanından sonra üçüncü ən böyük təsdiq olunmuş neft ehtiyatlarına malikdir. Dünya üzrə təsdiq olunmuş neft ehtiyatlarının 10%-i İranın payına düşür. OPEC daxilində isə İran Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük neft istehsalçısıdır.Hazırda İran gündəlik 4 milyon barrel neft istehsal edir ki, bu da dünya üzrə neft istehsalının 5%-ni təşkil edir.

İqtisadçı alimin fikrincə, sanksiyaların əsasən İranın xarici ticarət dövriyyəsinə təsir edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə enerji ixracı ümumi ixracın 78-80%-ni təşkil edir. Bu isə o deməkdir ki, sanksiyalar nəticəsində ölkə iri valyuta daxilolmalarından məhrum ola bilər.Belə ki,  İranın enerji ixracından gəlirlərinin 24 milyard ABŞ dolları azalacağı ehtimal edilir. BVF-nun digər hesablamalarına görə sanksiyalar nəticəsində İranın qeyri-neft ixracı 7 milyard ABŞ dolları həcmində azala bilər. Beləliklə, İranın təkcə ixracda ümumi itkisinin 31 milyard ABŞ dolları olacağı gözlənilir.

V. Bayramov bildirib ki, sanksiyaların digər ən çox təsir edəcəyi sahələrdən biri isə büdcə gəlirləri olacaq. Büdcə gəlirlərinin üçdə iki hissəsini neft satışında gəlirlər təşkil etdiyi üçün, bunun ən çox dövlət maliyyəsinə təsir edəcəyi düşünülür. BVF-nun hesablamalarına görə, sanksiyalar nəticəsində vergi yığımları 20% azala bilər ki, bu da 2013-cü ildə İranın dövlət büdcəsi kəsrinin ÜDM-un 7%-nə kimi yüksəlməsinə səbəb ola bilər. Lakin, İranın üstün olduğu sahələrdən biri xarici borclarla bağlıdır. Belə ki, İranın xarici borclarının həcmi ÜDM-un 9%-i həcmindədir ki. bu da İrana ani yaranacaq büdcə kəsrini tənzimləmək üçün geniş imkanlar açır. İran iqtisadiyyatının ən zəif tərəfləri isə, tədiyyə balansı və yüksək inflyasiya  ilə bağlıdır. Sanksiyaların ən çox bank və vergi sisteminə təsir etməsi ehtimalı böyükdür. Belə ki, artıq İran bank sistemi SWIFT sistemindən kənarlaşdırılıb və İran bankları xarici bank əməliyyatlarını aparmaqda çətinlik çəkirlər. Bundan başqa İranda qeyri-rəsmi pul köçürmə sistemi kimi istifadə olunan Həvalə sistemi də bankların gəlirlərinin  azalmasına səbəb olur. Bu sistem əsasən inam və etibara söykənən və ayrı-ayrı şəxslərin həyata keçirdiyi  bankdan kənar köçürmə sistemidir. Göründüyü kimi, sanksiyaların bank sisteminə ciddə təsir edəcəyi və bankların mənfəətinin azalacağı gözlənilir.

İqtisadçı deyib ki, İranın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcminin az olması, eləcə də neft sektorunda da İran investisiyalarının həcminin azlığı İrana tətbiq edilən sanksiyaların Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcəyini deməyə əsas verir. Digər tərəfdən Azərbaycanın özünün kifayət qədər maliyyə resurslarına malik olması da bu cür itkilərin kompensasiya edilməsinə imkan verir. Belə ki, artıq 2008-ci ildən başlayaraq, Azərbaycan iqtisadiyyatına yönəldilən daxili investisiyaların həcmi xarici investisiyaları ötüb keçmişdir. Azərbaycanın böyük  strateji valyuta ehtiyatlarına malik olması da regionda yaranacaq ani böhran zamanı ölkənin iqtisadi təhlüksəziliyini təmin edir. Lakin, İranda milyonlarla Azərbaycanlının yaşaması kritik vəziyyətdə ölkəyə böyük qaçqın axını ilə nəticələnə bilər ki, bu da ölkədə humanitar fəlakətə səbəb ola bilər.

V. Bayramov əlavə edib ki, sanksiyaların yaratdığı təzyiqi də nəzərə alsaq o zaman qarşıdakı illərin İran iqtisadiyyatı üçün ağır keçəcəyini ehtimal etmək olar. Ümumiyyətlə, İranda iqtisadi sistem siyasi sistemlə çox bağlı olduğu üçün iqtisadi islahatlar zəif gedir və onların effektiviliyi isə zəif olur. İran ətrafında davam edən gərginlik dünya bazarında neft qiymətlərinin artımına səbəb ola bilər. Bu isə həm dünya iqtisadiyyatına, həm də region ölkələrinin iqtisadiyyatına mənfi təsir edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31