İranın BP-nin yerini tutmaq arzusu...
Millət vəkili: “... nəinki bizi dünyanın hədəfinə çevirir, o cümlədən, dövlətimizin müstəqilliyinə real təhlükə yaradır”
22 Oktyabr 2012 13:42 İqtisadiyyat"Biz rəsmi olaraq Qərb tərəfdaşlarımızdan imtina etməmiş, xarici iqtisadi kursumuza baxmamış qonşu dövlətdən artıq təklif almışıq. Iran BP-nin yerini tutmaq arzusunu dilə gətirib. Yəni neft hesabına bu bölgənin geosiyasəti və təhlühəsizlik arxitekturası dəyişib ". Bunu deyən millət vəkili Zahid Orucun sözlərinə görə, Azərbaycanı şantaj edən Ermənistan hər zaman bizi ittiham edib ki, neft Qarabağ savaşında onların əleyhinə işləyir və biz qazandığımız müttəfiqləri bu ölkəyə qarşı yönəltmişik: "Strateji resurs olan enerji ehtiyatları bu savaşın istənilən dönəmində bizim kimi hamı üçün mühüm silahdır. Elə isə, Sərkisyanın "neft kəməri Qarabağdan keçsin" iddiası sülh danışıqlarının az qala əsas tezisinə niyə çevrilmişdi? İranın keçmişdə konsorsiuma qatılmaması təkcə onun Qərblə ixtilafları və bu sistemin işləyə bilməyəcəyi ilə bağlı deyildi. Nüvə konfliktinin tam izolyasiyaya məruz qoyduğu İran bu hövzədə dünyanın apardığı savaşın həmişə başlıca hədəflərindən biri olub. Lakin bu ölkənin Xəzərin statusu üzərindən apardığı siyasət açıq şəkildə Azərbaycanla konflikt yaratmaq, bizi iqtisadi müstəqillikdən məhrum etmək və xarici əlaqələrimizi buxovlayaraq öz inhisarına götürmək niyyəti idi". Z.Oruc qeyd edib ki, hazırda ağır sanksiya rejimi altında iqtisadi çətinliklər yaşayan İranın bu təşəbbüsü nəyə hesablandığı heç kəsə sirr deyil. Lakin Azərbaycan özünü belə bir ölkənin durumuna və siyasi taleyinə şərik edə bilməz: "Bütövlükdə regionun təhlükəsizliyinə zərbə olan nüvə qalmaqalı və qapalı rejim səbəbilə bizim resurslar bu dövlətin elitası əlində soydaşlarımızı əzmək vasitəsinə çevrilərdi. İranın BP-nin yerini tutmaq arzusu nəinki bizi dünyanın hədəfinə çevirir, o cünlədən, dövlətimizin müstəqilliyinə real təhlükə yaradır. İranın Azərbaycandan neft iddiası azadlığımıza yanaşmanı və Qərbin yerini tutacaq qüvvələri görməyə ən yaxşı test ola bilər".