İri nominallı əsginaslara ehtiyac varmı?
Vüqar Bayramov: “Orta aylıq əmək haqqı 400 manat ölkədə 500 manatlıq əskinasın dövriyyəyə buraxılmasını ciddi qəbul edilə bilməz”
11 May 2012 15:31 İqtisadiyyatDövriyyəyə iri nominalda əsginasların buraxılması məsələsi yenidən gündəmə gəlib. Mərkəzi Bankın (MB) əsaslandırmasına görə, daha böyük nominalda əsginasların buraxılması ölkədə pul dövriyyəsini daha effektiv etmək və dövlət xərclərini azaltmaq məqsədini güdür. Belə ki, hazırda ölkədə yuxarı nominallı əsginasların xüsusi çəkisi həddindən artıq çoxalıb. Belə şəraitdə dünya praktikasındaki kimi əlavə olaraq böyük nominalda əsginaslar buraxılmalıdır ki, yuxarı nominallı əsginaslara düşən yük aradan qalxsın. Yeri gəlmişkən onu da bildirək ki, MB 150, 200 və 500 nominallı əsginaslar buraxmaqa hazırlaşır. İqtisadi və Sosial inkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, pul dövriyyəsinə iri nominallı əsginasların buraxılması üçün real iqtisadi zəmin yoxdur: "Əvvəla ölkədə orta aylıq əməkhaqqı 400 manat təşkil edir. Dünyanın heç bir ölkəsində isə əsginasın dəyəri orta aylıq əməkhaqqıdan çox deyil. 1 əsginasın dəyərinin orta aylıq əməkhaqqıdan yüksək olması təkcə iqtisadi deyil, psixoloji baxımdan da acınacaqlı haldır. Digər tərəfdən dövriyyəyə 500 manatlıq əsginasların buraxılmasının əsasları yoxdur. Azərbaycan bu məsələdə Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əməkhaqqı 3800 avro təşkil edir.Göründüyü kimi, orta aylıq əməkhaqqı dövriyyədə olan ən yüksək dəyərli əskinasdan 8 dəfə çoxdur. Eyni zamanda manatdan fərqli olaraq avro həm Avropa Birliyində, həm də kənarda yığım vasitəsi kimi istifadə edilir. Nəticədə iri məbləğli əsginasların avro ilə yığımı sürətlənir. Azərbaycan manatı yalnız ölkə daxilində yığı1m vasitəsidir. O baxımdan iri əsginasların dövriyyəyə buraxılmasının manatla yığımın artırılması məqsədi daşıdığına dair arqumentlər real ola bilməz". V.Bayramov iri əsginasların dövriyyəyə buraxılmasının istehlak bazarına psixoloji təsirlərinə də toxunub. Qeyd edib ki bu prsoses istehlak bazarında gərginliyin yaranmasına səbəb ola bilər: "İri əsginasların dövriyyəyə buraxılması istehlak bazarında qiymətlərin artımına, pulun alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır". İqtisadçı-alim onu da bildirib ki, ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasının piortet olduğu zamanda iri əsginasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq: "Digər tərəfdən Mərkəzi Bankın dövriyyəyə 150 manatlıq əskinas buraxması da izah edilməzdir. Mərkəzi Bank üzərində 150 yazılan əsginası dövriyyəyə buraxan ilk bank olacaq. Görünür bank bu qeyri-adiliklə tarixə düşmək istəyir. Çünki dünyanın hər hansı normal ölkəsində 150 nominallı pul vahidi yoxdur. Başqa tərəfdən dövriyyədə 100,200,50 manatlıq əskinas varsa, o zaman 150 manatlıq əsginasın dövriyyəyə buraxılması nə iqtisadi, nə də texniki baxımdan izah edilə bilməz. Bu, hesablaşmaların, yığım kimi pulun funksiyasının artırılmasına deyil, hesablaşmaların daha da çətinləşməsinə gətirib çıxaracaq".