Fransa istehsalı olan “Kurzat” saxta çıxdı

Materiallar Baş Prokurorluğuna göndərilib

Ölkədə pestisdlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı Bərdə şəhəri, H. Əliyev prospektində yerləşən və Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən bitki mühafizəsi üçün pestisidlərin satış mağazalarında Fransa istehsalı olan "Kurzat" adı altında preparatların satıldığı aşkar edilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, hər iki mağazada "Kurzat" preparatı adı ilə satılan mallardan nümunə götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin Pestisdlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyini laboratoriyasında yoxlanılıb. Laboratoriya analizinin nəticələrinə əsasən mağazadan götürülən "Kurzat" preparatında təsiredici maddənin (misxloroksid) miqdarı normadan aşağı olduğu, yəni saxtalaşdırıldığı müəyyən edilib. Qeyd olunan hallar üzrə fitosanitar qanunvericiliyin tələblərinin pozulması ilə bağlı toplanmış ilkin materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31