Mənzillərə bir neçə şəxsin qeydiyyata alınması problemi

Əlavə şəxslərin qeydiyyatdan çıxarılması necə tənzimlənir?

Son illər ölkədə mənzil tikinti kooperativlərinin sayının artması respublikada mənzil fondunun çoxalmasına gətirib çıxarsa da, lakin müşahidə edilən bu müsbət tendensiya özüylə bərabər bir sıra mənfi hallara da yol açır. Bu sırada müşahidə edilən ən ciddi problem isə tikinti kooperativ şirkətlərinin bir mənzili bir neçə şəxsə satması, yaxud ayrı-ayrılıqda bir neçə şəxsi eyni mənzilə qeydiyyata salmasıdır. Zaman-zaman bu kimi problemlərin meydana çıxması bir çox hallarda bəzi mənzil tikinti kooperativlərinin fəaliyyətinin qadağan edilməsi, onların rəhbərlərinin cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnsə də, lakin təssüflər olsun ki, hələ də bu sahədə problemlər qalmaqdadır. Bəzən mənzil tikinti kooperativlərinin rəhbərlərinin qanunlara riayət etməməsi, yaxud onların kimlərsə tərəfindən himayə olunması vətəndaşın hüquqlarının pozulması ilə nəticələnir. Vətəndaş isə digər bir ümid yeri kimi hüquq müdafiəçiləri, vəkillər, yaxud KİV-lərə üz tutur.

Hüquqşünas Vüqar Səfərli bildirir ki, bu tipli müraciətlər, şikayətlər artmaqdadır. Onun sözlərinə görə, belə mənfi tendensiya təkcə yeni tikili binalarda baş vermir. Eyni zamanda köhnə tikililərdə belə hallar qeydə alınır. Hüquqşünasın sözlərinə görə, mənzili satan şəxs və ya şəxslər bir sıra hallarda həmin mənzilin qeydiyyatından çıxmırlar. Bu da nəticə etibarilə yeni mənzil alan şəxs üçün bir sıra problemlərə səbəb olur: "Bizə müraciət edib hüquqi yardım almaq istəyən şəxs bildirir ki, alqı-satqı müqaviləsi əsasında mənzil alıb. 4 aydan çox keçməsinə baxmayaraq mənzilin əvvəlki mülkiyyətçisi və ailə üzvləri şəxsin onlardan aldığı mənzildən qeydiyyatdan çıxmırlar Onlar bunun səbəbi kimi qeydiyyata düşmək üçün hazırda başqa evin olmamasını bildirilər. Hazırda həmin mənzildə 5 nəfər əvvəlki sakin qeydiyyatdadır. Buna görə də mənə müraciət edən şəxs əlavə kommunal xidmət haqqı ödəməyə məcbur edilir. Bildirir ki, bu problemlə bağlı rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə şifahi qaydada müraciət edib. Lakin həmin şəxsə şifahi qaydada bildirilib ki, vətəndaşların qeydiyyatdan çıxarılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid deyil". Hüquqşünas belə hallarda problemin hansı yolla həll edilməli olduğu barədə də danışıb: "Ümumiyyətlə qeyd olunan problemlə əlaqədar insanlar tez-tez qarşılaşırlar. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna əsasən müvafiq rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması halları Qanunun 9-cu maddəsində öz əksini tapmışdır. Lakin, həmin maddədə şəxsin qarşılaşdığı problemin müvafiq rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən həlli imkanı nəzərdə tutulmamışdır. Belə ki, 9-cu maddənin 1-ci hissəsinə görə şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən əvvəlki

yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu məsələdə isə, əvvəlki sakinlər yeni yaşayış yeri üzrə qeydiyyata alınmadıqları üçün Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin tətbiqi mümkün deyildir". Vüqar Səfərli deyir ki, əvvəlki sakinlərin hüquqi yardım almaq üçün ona mürciət edən şəxsin mənzilində qeydiyyatda qalmaqda davam etməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun bir sıra müddəları ilə ziddiyyət təşkil edir: "Belə ki, Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına ( rayon polis darəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə) müraciət etməlidir. Hazırda əvvəlki sakinlərin, bizdən hüquqi yardım almaq istəyən şəxsin mənzilində qeydiyyatda qalmaları üçün hüquqi əsas yoxdur. Onların qeydiyyatı yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir. Bu halda birbaşa müvafiq rayon məhkəməsinə müraciət edildikdə, rayon məhkəməsi qərardad ilə iddianı baxılmamış saxlaya və bunun üçün rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etmək lazım olduğunu bildirə bilər. Buna görə də rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə əsaslandırılmış yazılı müraciət ünvanlanmalı və imtina cavabını aldıqdan sonar Azərbaycan Respublikası İnzibati prosessual məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət olunmalı və sözügedən şəxslərin hüquqi yardım almaq üçün mənə müraciət edən şəxsin mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilməlidir". Hüquqşünasın sözlərinə görə, müvafiq inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati icraat qaydasında belə mübahisələrə baxılır və həll olunur.

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31