Anti-dempinq tədbirləri qiymətləri daha da bahalaşdıracaq

İqtisadçı alim Vüqar Bayramov hökumətin gündəliyindəki son iki təklifi dəyərləndirib. O, iki məqama diqqət çəkib: "Məqamlardan biri pozitiv, digəri neqativdir. Bu əslində ondan xəbər verir ki, fərqli qurumların islahatlara fərqli yanaşmaları var. Pozitivdən başlayaq. Maliyyə Nazirliyi axır ki, uzun müddətdə gündəmə saxladığımız təklif əsasında ixrac subsidiyası mexanizmini tətbiqi ilə bağlı Nazirlər Kabinetinə layihə təqdim edib. Layihəyə əsasən, ixrac ilə məşğul olanlar büdcədən subsidiya alacaqlar. Bu zaman ixrac edilən malın dəyərinin 3, bəzi hallarda isə 5 faizi məbləğində subsidiya veriləcək. Təbii ki, bu zaman ixrac olunan məhsulun xammalının ən azı 50 faizin yerli mənbələrdən alınması, qeyri-neft sektorunda fəaliyyət göstərməsi, ödənişi bank vasitəsi ilə alması kimi şərtlər də olacaq. Bunlar da düşünürəm ki, əslində vacib şərtlərdir. Bütövlükdə, belə subsidiya ixracın stimullaşdırılması baxımdan əhəmiyyətlidir. Bu müsbət təklif idi və subsidiyalaşmanın şəffaf mexanizmlərinin formalaşdırılması da olduqca vacibdir. Çünku şəffaf mexanizmlər ilə subsidiyalaşma səmərəli ola bilər. Ümid edirik ki, yaxın zamanlarda qəbul ediləcək". Ekspert deyib ki, digər xəbər isə anti-dempinq tədbirləri ilə bağlıdır: "Digər xəbər isə anti-dempinq tədbirləri ilə bağlıdır. İstehlak etdiyimiz malların 80 faizindən çoxunu xaricdən gətirdiyimiz bir zamanda anti-dempinq tədbirlərinin həyata keçirilməsi müzakirə edilir. İnkişaf etmiş ölkələrdə belə tədbirlərin məqsədi idxal olunan mallara yüksək vergi və rüsum tətbiq etməklə daxili istehsalı qorumaqdır. Amma razılaşaq ki, əvvəlcə daxili istehsalı formalaşdırmalıyıq sonra onu qorumaq haqqında düşünməliyik. Əgər çox az sayda məhsullar üzrə yerli istehsal hesabına tələbatı ödəyiriksə o zaman anti-dempinqlə nəyi qoruyacayıq? Əksinə bu addımın atılması istehlak bazarında qiymətləri yüksəldəcək və idxail ilə məşğul olan iş adamların bir qisminin bazardan sıxışdırılıb çıxarılmasına səbəb olacaq. İdxaldan asıllıq inzibatı metodlar ilə deyil, bazar tərəfindən aradan qaldırılmalıdır. Yüksək vergilər ilə xarici istehsal mallarının ölkəyə buraxılmaması heç də idxaldan asıllığın aradan qaldırılması anlamına gəlməməlidir. İdxal mallarının qarşısını vergilərin artırılması deyil, yerli istehsalın inkişafı hesabına mümkündür. Bütövlükdə, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinə redaktə edilməsi və anti-dempinq tədbirlərinin tətbiqinin təxirə salınması məqsədə uyğundur. Əks halda, o yerli istehsalın inkişafını deyil, qiymət artımlarını stimullaşdıracaq. Bu zaman idxal olunan məhsullar üzrə qiymət artımları müşahidə ediləcək. Nəticədə, anti-dempinq tədbirləri daxili bazarı qorumaq əvəzinə bizlərin daha bahalı məhsullar almasına səbəb olacaq. Buna görə də, ant-depminq siyasətinin indi deyil, yalnız yerli istehsal formalaşdırıldıqdan sonra həyata keçirilməsi mümkündür. Beləliklə, fərqli nəticələrə hesablanan iki fərqli təklif. Ümid edək ki, birincinin qısa zamanda qəbulu, ikincinin isə redaktəsi həyata keçiriləcək".
Qeyd edək ki, Azərbaycanda "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" yeni qanun layihəsi hazırlanıb. Bu qanun layihəsi Azərbaycanın və istehsalçıların iqtisadi maraqlarının müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli və ya subsidiyalaşdırılan idxala, həmçinin, yerli istehsal sahəsinə ciddi zərər vuran və ya ciddi zərər vurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirləri, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləyir.Qanun layihəsində dempinqli idxalın müəyyən edilməsi, bununla bağlı xərclərinin və mənfəətin hesablanması, ixrac qiyməti və normal dəyərin müqayisəsi, dempinq marjasının hesablanması, xarici dövlətin subsidiyası, spesifik subsidiyanın məbləğinin hesablanması qaydaları qeyd olunur. Layihədə, həmçinin, dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulan maddi zərərin müəyyən edilməsi qaydaları, antidempinq və ya kompensasiya tədbirləri ilə bağlı araşdırma zamanı yerli istehsal sahəsinin müəyyən edilməsinin xüsusiyyətləri, müvəqqəti anidempinq və ya kompensasiya tədbirləri də əksini tapır. Qanun layihəsinə görə, müvəqqəti antidempinq və ya kompensasiya tədbirləri rüsum və ya pul depoziti formasında ola bilər. Müvəqqəti antidempinq və ya kompensasiya rüsumunun dərəcəsi isə ilkin hesablanmış dempinq marjasından və ya subsidiya həcmindən çox olmayacaq. Müvəqqəti antidempinq və ya kompensasiya tədbirlərinin tətbiqi barədə qərar araşdırma başladığı gündən 60 gündən tez müddətdə qəbul edilə bilməz. Müvəqqəti antidempinq tədbirlərinin tətbiq müddəti 4 aydan, baxılan malın dempinqli idxalının ümumi həcminin əhəmiyyətli hissəsini təşkil edən ixracatçıların müvafiq müraciəti olduqda 6 aydan çox ola bilməz. Müvəqqəti antidempinq rüsumunun dərəcəsi ilkin hesablanmış dempinq marjasının həcmindən azdırsa, belə tədbirin tətbiq müddəti 6 aydan, baxılan malın dempinqli idxalının ümumi həcminin əhəmiyyətli hissəsini təşkil edən ixracatçıların müraciəti olduqda 9 aydan çox ola bilməz. Müvəqqəti kompensasiya tədbirləri isə ən çox 4 ay tətbiq olunur. Layihədə qeyd olunur ki, qiymətlə bağlı öhdəliklərin qəbul edilməsi halı istisna olmaqla, antidempinq rüsumları dempinqli və yerli istehsal sahəsinə zərər vuran bütün idxallara ayrı-seçkilik qoyulmadan tətbiq edilir. Qanun layihəsinə görə, mühafizə tədbirləri oxşar və ya birbaşa rəqabətli malın yerli istehsalının ümumi həcminə münasibətdə mütləq və nisbi göstəricilərdə gömrük ərazisində baxılan malın idxalının artmış həcminin və şərtlərinin yerli istehsal sahəsinə zərər vurması araşdırma nəticəsində müəyyən olunduqda həmin mala münasibətlə tətbiq olunacaq. Qeyd olunur ki, dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxalın mövcudluğu və bunun nəticəsində yerli istehsal sahəsinə vurulan zərərin müəyyən edilməsi məqsədi ilə araşdırma oxşar və ya birbaşa rəqabətli malların istehsalçısı və ya onların adından təqdim eilmiş yazılı müraciət və yaxud araşdırma orqanının öz təşəbbüsü əsasında araşdırma orqanı tərəfindən başlanılacaq.


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31