ARDNŞ prezidenti ABŞ-ın ConocoPhillips şirkətinin nümayəndələrini qəbul edib

ARDNŞ-nin Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevlə ABŞ-ın Conoco Phillips şirkətinin İdarə Heyətinin sədri Rayan Lənsin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.

Dövlət Neft Şirkətindən "Azadinform"a verilən məlumata görə, R.Abdullayev ConocoPhillips şirkətinin həm beynəlxalq miqyasda, həm də Azərbaycanda yaxşı tanındığını qeyd edib. O, ConocoPhillips şirkəti ilə ARDNŞ arasında uzun müddət davam edən səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb. Ölkəmizdə həyata keçirilən enerji layihələri haqqında danışan ARDNŞ prezidenti qonaqları SOCAR-ın yeni layihələri barədə məlumatlandırıb.
ConocoPhillips şirkətinin İdarə Heyətinin sədri Rayan Ləns vaxt tapıb onları qəbul etdiyinə görə R.Abdullayevə təşəkkürünü bildirib, Azərbaycana əvvəlkini səfərini xatırladaraq, ötən müddət ərzində Bakının inanılmaz dərəcədə dəyişdiyini söyləyib. ConocoPhillips-in rəhbəri SOCAR-ın fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün əlverişli imkanların yaradıldığını qeyd edib və əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını bildirib. Qonaq rəhbərlik etdiyi şirkətin müxtəlif ölkələrdə quru və dəniz ərazilərində, xüsusilə də Şimal dənizində fəaliyyətindən danışıb.
Rövnəq Abdullayev ConocoPhillips ilə ARDNŞ-nin quru ərazilərində yeni texnika və texnologiyalar vasitəsi ilə apardıqları birgə kəşfiyyat işlərinin uğurla davam etdiyini vurğulayıb, şirkətlər arasında əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə və daha da dərinləşəcəyinə inandığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31