Evlər niyə bu qədər bahalaşmışdı? - Süründürməçilik, mənasız yoxlamalar, yoxsa məmur özbaşınalığı?

Dünyada baş verən maliyyə böhranı və Azərbaycanda bu vəziyyətin məntiqi nəticəsi olaraq dollara nisbətdə manatın zəifləməsi digər sahələrdə olduğu kimi tikinti sektoruna da təsirsiz ötüşmədi.

Məsələn, ötən illə müqayisədə bu il paytaxtda mənzillərin qiymətində 17 %  enmə müşahidə edilir. Bu göstərici daha çox təkrar mənzil bazarında özünü göstərir. Mövcud vəziyyət onu deyir ki, indi mənzil almaq istəyən şəxslər daha az məbləğ ödəməklə daşınmaz əmlaka sahib ola bilərlər. 2006-2009-cu illərdə Bakıda  tikinti sahəsi özünün ən yüksək tempinə çatmışdı. Elə həmin illərdən başlayaraq mənzil bazarında sürətli bahalaşma müşahidə edildi.Təbii ki, bu da səbəbsiz deyildi. Ekspertlər hesab edir ki, sözügedən illərdə tikinti bazarına pul axınının yüksək olması və yeni hündürmərtəbəli binaların tikintisi sonda bazarın qiymətini diqtə etdi. Təbii ki, burada ilk növbədə psixoloji amillər də mühim rol oynadı. Belə ki, əhali arasında artıq sovetlər dönəmindən qalan binalara maraq getdikcə azaldı. Hətta orta təminatlı ailələr belə  geniş və hündür məkanlara altdan yuxarı baxmaq istəmədilər.Bu tip mənzillərə təlabat artdıqca, həmin hündürmərtəbəli binalar müəyyən kredit şərtlərı altında, əslində daha baha qiymətə müştəriyə təklif edildi.    

Qiymət mövzusunda ən böyük rolu birmənalı olaraq Rusiya faktoru oynadı. Yəni dünənə qədər paytaxtda satılan 4 mənzildən ikisi Rusiyada yaşayan azərbaycanlıların payına düşürdüsə,  neftin qiymətdən düşməsi və bu ölkəyə qoyulan iqtisadi sanksiyalardan sonra yaranan böhran birbaşa Bakıdakı evlərin satışına təsir etmiş oldu. Hələ biz dolların daha çox qalxacağına ümid edib, əlində olanı bu valyutaya çevirib evində yatızdıranlardan danışmırıq. Bəziləri isə tərəddüd içində "ev alsam udacam, ya uduzacam" sualı qarşısında acizliyini etiraf edərək, bu istəklərini yaxın gələcəyə qədər dondurublar.

Mənzil bazarında alıcılıq səviyyəsinin aşağı düşməsi halları, qlobal və regional əmlak bazarında da müşahidə edilməkdədir. Qonşu ölkələrdə, xüsusilə də kurort şəhərlərində daşınmaz əmlakın qiymətinin paytaxt Bakı ilə  müqayisədə bir qədər aşağı olması, alıcını yönləndirmək baxımından əlverişli şərait yaradır.

Niyə Bakıda evlər bahadır? Kifayət qədər aktual olan bu sualın cavabı, həm də sahibkarın hansısa şərtlər altında işləməyə məcbur edilməsindən keçir. Süründülməçilik, mənasız yoxlamalar, dövlət rüsumundan dəfələrlə, hətta müqayisəedilməz dərəcədə artıq vəsait tələb edilməsi, sonunda mənzilin bir kv metrinin maya dəyərini bir neçə dəfə artırmış oldu.

Tikinti sektorunun inkişafı, həm də böyük işçi qüvvəsinin işlə təmin olunması deməkdir. Bu sahənin davamlı fəaliyyəti tikinti materialları satışı sahəsindəki vəziyyətə təsir edir ki, bu sahədəki irəliləyiş  mütləq ondan aslı olan sahələri əhatə etmiş olur. Nəticədə o baş verir ki, adam hər axşam evinə heç olmasa, minimum ehtiyaclarını ödəyə biləcək qədər pulla gedir. Bəzilərinə pafoslu görünən bu yanaşma inanın ki, çox ciddi şəkildə strateji məsələdir. Dövlət başçısı dəfələrlə bu mövzuya toxunaraq, tikinti sahəsindəki bürokratik əngəllərin aradan qaldırılması üçün tədbirlər görülməsini tapşırıb. Amma prezident bu dəfə daha kəskin və daha konkret mövqe ortaya qoydu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31