Kəskin qlobal iqtisadi böhran dalğası gözlənilir
8 Fevral 2016 14:17 İqtisadiyyatABŞ dolları dünyanın digər aparıcı valyutaları qarşısında möhkəmlənməsi gec-tez məhz Amerika iqtisadiyyatının öz əleyhinə işləməli idi. Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. Onun sözlərinə görə, 2015-ci ilin yekununa görə, son 6 il ərzində ilk dəfə olaraq ABŞ-da ixracın azaldığı üzə çıxıb. Bunu ABŞ-ın Ticarət Nazirliyi nəznindəki İqtisadi Analiz Bürosu da təsdiqləyib: "Ötən il ərzində ABŞ-dan ixrac 2014-cü ilin yekunu ilə müqayisədə təxminən 5 faiz az təşkil edib ki, bu da qeyd etdiyimiz kimi 2009-cu ildən bəri ticarət və xidmət üzrə eksport səviyyəsinə görə Amerika iqtisadiyyatı üçün ilk belə nəticədir. Məsələ bundadır ki, idxalın da səviyyəsi enib. Bu sahədə enişi göstərən müvafiq rəqəm 3,1 faiz təşkil edib. Beləliklə də xarici ticarət üzrə illik defisit 4,5 faizdən çox artıb".
Ekspertin fikrincə, bütün bunlar təbiidir. Çünki dünya bazarında dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir: "Düzdür, bəziləri deyəcəklər ki, öz iqtisadi vəziyyətimiz güclü təzyiq altında olduğu və neçə illərin ərzində əldə etdiyimiz iqtisadi dayanıqlığımız kəskin zəiflədiyi halda Amerika iqtisadiyyatında geriləmə haqda danışmaq gülüncdür. Lakin məsələ bundadır ki, nə qədər qəribə görünsə də, dünya iqtisadiyyatının yaxın dövrdəki vəziyyətinin necə olacağı məhz ABŞ-dan asılıdır. Yəni, adıçəkilən ölkənin real iqtisadi durumundan - dolların bundan sonra da nə qədər möhkəmlənəcəyindən və bunun nəticələrindən biri olaraq, neftin dünya bazar qiymətlərinin nə vaxt və necə sabitləşəcəyindən asılıdır".
P.Heydərov hesab edir ki, vəziyyət isə düzəlmək əvəzinə daha da qaranlığa doğru gedir: "Federal Rezerv Sisteminin keçən ilin sonunda - dekabrda baza faiz dərəcəsini artırdıqdan sonra dünya iqtisadiyyatında son 1 ay ərzində yaranmış situasiya bu dəfə üfüqdə artıq yeni və lap kəskin qlobal iqtisadi böhran dalğasının qara buludlarının sayrışdığını göstərir..."