Ölkədə ciddi ət qıtlığı var
Vahid Məhərrəmov: “Defisit, qıtlıq yarandığı üçün də qoca, şikəst, xəstə, ölmüş heyvanların ətini işbazlar Bakı və Sumqayıt şəhərinə daşıyır”
8 Fevral 2016 12:40 İqtisadiyyat"Ölmüş heyvanların əti demək olar ki, hər il bazarlarda istehlakçılara təklif olunur"
Son zamanlar bazarlara və yarmarkalara satış məqsədilə mənşəyi bəlli olmayan ət çıxarıldığı haqda məlumatlar yayılır. Çox təəssüflər olsun ki, keyfiyyətsiz ət tələb olunduğu üçün satışa çıxarılır. Elə bir müddət əvvəl keçirilən monitorinqlər nəticəsində tonlarla mənşəyi məlum olmayan ətin aşkar olunması da onu deməyə əsas verir ki, bunun istehlakçıları var. Məlumat üçün qeyd edək ki, təkcə keçən ay Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində keçirilən növbəti tədbirdə vətəndaş Sərdar Mirsahib oğlu Şahverdiyevə məxsus ət kəsimi sexində külli miqdarda mənşəyi məlum olmayan ət aşkarlanıb. Aşkar edilmiş heyvan cəmdəkləri və ətin əksəriyyəti kaxeksiya və göyərmiş vəziyyətdə olub. Ət kəsimi məntəqəsi qeydiyyat sənədlərində heyvan kəsimi meydançası (sallaqxana) kimi göstərilsə də, əslində həmin məkan ayrı-ayrı rayonlardan qanunsuz yolla aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş müxtəlif növ heyvan cəmdəklərinin tədarük edildiyi və yararsız heyvan ətinin "topdansatış"ının həyata keçirildiyi obyekt kimi fəaliyyət göstərib. Laboratoriyada aparılan bakterioloji müayinə zamanı heyvan cəmdəklərində və sümüksüz ətlərdə bakterioloji çirklənməaşkar olunub, biokmyəvi müayinə zamanı yoxlanılan ət nümünələrinin keyfiyyətsiz olduğu, iki cəmdəyin at cəmdəyi olduğu, həmçinin 19 nümunə ətin aqoniya halında və ya öldükdən sonra kəsildiyı müəyyən edilib. İnsan və heyvan sağlamlığına təhlükəli olduğuna və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyinə görə 4 tondan artıq heyvan cəmdəkləri və sümüksüz ət mütəxəssislərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştrakı ilə zərərsizləşdirilərək məhv edilib.
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti, aqrar məsələlər üzrə mütəxəssis Vahid Məhərəmovun sözlərinə görə, mənşəyi məlum olmayan ətlər artıq bazarlara da ayaq açır və keyfiyyəti aşağı, insan orqanızmi üçün təhlükəli olan böyük həcmdə ət və ət məhsulları bazarlara çıxarılır: "Bu ilk növbədə onunla bağlıdır ki, ölkə əhalisinin ət və ət məhsullarına olan tələbatının hətta yarısı belə ödənilmir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən deyə bilərəm ki, daxili istehsal hesabına ölkə əhalisinin ətə olan tələbatının yalnız 38 faizi ödənilir. Bu göstərici qonşu ölkələrlə müqayisədə xeyli aşağıdır. Rusiyada adambaşına 70 kiloqram ət istehsal olunur, Azərbaycanda isə bu göstərici 25 kiloqramdır. Rusiya idxalla birlikdə Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi norma qədər əhalinin ətə olan tələbatını ödəyir. Ancaq Azərbaycanda idxalla bir yerdə 35 kiloqram ət istehlak olunur. Bu da o deməkdir ki, ölkədə ciddi ət qıtlığı var. Defisit, qıtlıq yarandığı üçün də qoca, şikəst, xəstə, ölmüş heyvanların ətini işbazlar Bakı və Sumqayıt şəhərinə daşıyır. Bunların da bir hissəsi təşkil olunmuş yarmarkalarda asanlıqla realizə olunur. Dövlət məmurları da buna bilərəkdən göz yumurlar. Ona görə ki, hökumətin, Kənd Təsərrüfatı Nazirliyinin marağı ondan ibarətdir ki, yarmarkalarda ucuz ət satılsın. Ucuz məhsul yalnız keyfiyyətsiz ola bilər. Hansı sahibkar bu gün sağlam heyvanını kəsib gətirib Bakı şəhərində yarmarkada dörd manata istehlakçılara təklif edər? Bu mümkün deyil. Ona görə ki, onlar sağlam əti öz kəndlərində 6 manatdan ucuz vermirlər. Üstəgəl, bunun daşınma və digər xərcləri də var. Bu nəzərə alınmalıdır". Vahid Məhərrəmov deyir ki, ölkədə həddindən artıq çoxlu sayda, 2,7 milyon baş iribuynuzlu mal-qara, 8,5 milyon baş xırdabuynuzlu heyvanlar, 70 min at, 35 min ulaq var: "Və bunların da bir hissəsi il ərzində qocalır, şikəst olur, xəstəliyə tutulur, ölür. Xüsusi adamlar var ki, onlar kəndlərdə heyvanların xəstələnməsi, tələf olması, şikəst olması haqda operativ məlumat əldə edirlər. Çıxdaş olmuş həmin heyvanları sahibindən çox ucuz qiymətə alırlar, kəsib ətini böyük şəhərlərə daşıyıb istehlakçılara ucuz qiymətə təklif edirlər. Hətta onu da deyim ki, bəzi iaşə obyektlərində, restoranlarda, kafelərdə və digər yeməkxanalarda həmin ətlərdən istifadə olunur. Əhaliyə ucuz yemək bişirib, təklif edirlər. İşbazlar üçün münbit şərait olduğu üçün onlar həmin xəstə, şikəst, ölmüş heyvanların ətini daşıyıb Bakı şəhərində realizə edə bilirlər". Vahid Məhərrəmov bildirib ki, yüz min tona qədər qoca, xəstə, şikəst heyvanların əti bazar və yarmarkalara çıxarılır: " O cümlədən ölmüş heyvanların əti demək olar ki, hər il bazarlarda istehlakçılara təklif olunur. Əgər ölkə əhalisi ucuz və keyfiyyətli ətlə təmin olunarsa, həmin işbazlar özləri sıradan çıxar. Bu gün dünya bazarında ətin qiyməti Azərbaycana nisbətən iki dəfə ucuzdur. Ölkədə ətin qiyməti qonşu ölkələrdə olduğu kimi ucuz olarsa, işbazlar risk edib rayonlardan xəstə heyvanların ətini Bakı şəhərinə daşımaz. İşbazlara məmurlar özləri münbit şərait yaradırlar. Bu da onlara sərf edir. Həmin işbazlarla anlaşırlar, dil tapırlar, ona görə də onların fəaliyyətinə göz yumurlar".
Füzuli