Pambığın satınalma qiyməti artırılacaq

İqtisadiyyat naziri Şahin Mustafayev və Kənd Təsərrüfatı naziri Heydər Əsədov pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşüblər. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin pambıqçılığın inkişafı, suvarma sisteminin təkmilləşdirilməsi, aqrolizinq xidmətlərinin genişləndirilməsi, pambıqçılıq sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, toxum və dərman preparatlarının alınmasına subsidiyaların verilməsi barədə təklifləri müzakirə edilib. Görüşdə pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri pambıqçılığı təşviq etmək üçün yüksək məhsula görə digər stimillaşdırma tədbirləri ilə yanaşı, daşıma xərclərinin qarşılanacağını və istehsal xərclərinin 90%-nin emalçılar tərəfindən avans olaraq veriləcəyini vurğulayıblar. Bütün bunların həyata keçirilməsi üçün güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə olunacaq. Görüşdə pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ pambığın bir tonunun 500 manata, ikinci növünün bir tonunun 470 manata, üçüncü növünün bir tonunun 440 manata, dördüncü növünün bir tonunun isə 400 manata qəbul ediləcəyini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31