Vətəndaşların əmanətinə məsuliyyətsiz davranış
Əmanətçilər Mərkəzi Bankdan pullarını kütləvi şəkildə geri çəkir
19 Oktyabr 2012 11:13 İqtisadiyyatMərkəzi Bankın rəhbəri Əmanətlərin Sığortalanması Fondunun öz funksiyalarını icra etməməsinə laqeyd yanaşır
"Royal Bank"ın müflis elan edilməsi, "Texnikabank"da cərəyan edən mənfi tendensiyalar, eləcə də bankların nizamnamə kapitalının artırılması ilə əlaqədar bir sıra bankların bağlanılması ehtimalının güclənməsi müştərilərin çox ciddi narazılığına səbəb olub. Xüsusilə də "RoyalBank"da əmanətçilərin 71 faizinə kompensasiya ödənilməməsi başqa bank müştərilərində də ciddi təşviş yaradıb.Mərkəzi Bankın rəsmi qarantiya bəyanatları narahatçılığı nəinki aradan qaldırmayıb, hətta daha da gücləndirib. Müştəriləri narahat edən əsas məsələ budur ki, "RoyalBank"ın aqibətini istənilən bank yaşaya bilər və heç kim bundan sığortalanmayıb. Əgər ölkənin böyük banklarından sayılan "RoyalBank" (filiallarının sayına görə 5-ci yerdədir) müflis elan edilirsə və əmanətlərin 71 faizi batırsa, ondan kiçik banklar üçün bu təhlükə daha realdır. Ötən əsrin 90-cı illərində SSRİ Əmanət Bankında külli miqdarda əmanətlərin batması şokunu yaşamış zümrə üçün bu fakt kifayət etdi ki, bəri başdan əmanətlərini banklardan geri çəkib sandıqda saxlasınlar. Əsas maliyyə qaynağı əhalinin əmanətləri olan banklara bu, çox ciddi zərbədir. Hələlik qabarıq hiss olunmayan bu tendensiya bir az da öz fəsadlarını göstərəcək. Bu, təkcə bank sektoruna deyil, bütövlükdə hökumətə qarşı etimadsızlıq mühiti yaradan amildir. Bu vəziyyətdən qaçmaq olardımı? Mərkəzi Bank və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu öz funksiyalarını axıra qədər icra etmişdimi ki, belə bir situasiya yaranmasın? Təəssüf ki, bu suallara müsbət cavab tapmaq mümkün deyil. Prosesin və rəqəmlərin təhlili açıq-aşkar bu məsələdə Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondunun məsuliyyət daşıdığını, öz funksiyalarını yarımçıq icra etdiklərini göstərir.
Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu əmanətçilərlə bağlı statistik rəqəmləri açıqlayarkən hər zaman qeyd olunur ki, bütün banklarda olan əmanətlərin 85-90 faizi sığortalanıb. Ancaq "RoyalBank"ın timsalında bəlli oldu ki, sığortalanan əmanətin həcmi cəmi 29 faiz olub. Yəni mərkəzi bankın açıqladığı orta göstəricidən düz 3 dəfə az. Deməli, "Əmanətlərin sığortalanması haqqında" Qanunun tələbləri kobud şəkildə pozulub, həm fond, həm də Mərkəzi Bank bu işə məsuliyyətsiz yanaşıblar. Sadəcə, görüntü naminə real göstəricini nə az, nə azacıq - düz 3 dəfə şişirdiblər - ənənəvi saxtakarlıq əməliyyatı.
Problemin kökü ondan ibarətdir ki, əksər müştərilər "Əmanətlərin sığortalanması haqqında" Qanunun tələblərindən xəbərsizdir və onlara bu qaydalar izah edilməyib. Bu qaydaların əsas mahiyyəti budur ki, yalnız 30 min manatadək və illik 12 faizdən yuxarı olmayan əmanətlər sığortalanır. Əgər əmanətin həcmi 31 min manat, illik faiz dərəcəsi isə 12,5 faizdirsə, indiki qanun əmanətlərin qaytarılmasına təminat vermir. Bu sadə qaydanı müştəriyə izah etməkdə nə Mərkəzi Bank, nə də fon maraqlı olub. Banklarla bağlı məsələ aydındır - onlar müştəriləri stimullaşdırmaq üçün illik hətta 13 faizlə də əmanətlər təklif edirlər. Qanunla müştərilərin məlumatlandırılmasına Mərkəzi Bank və onun törəmə strukturu olan Əmanətlərin Sığortalandırılması Fondu məsuliyyət daşımalıdır. Onlar bu məsələdə sosial reklamdan geniş istifadə etməli idilər. Yəni elektron və yazılı KİV-də Əmanətlərin Sığortalanması Fondunun reklam xarakterli məlumatları yerləşdirilməli idi ki, indiki və potensial müştərilər bu barədə məlumatlı olsunlar (bu metoddan fövqəladə hallar və vergi nazirlikləri tez-tez faydalanır). Bundan başqa, banka əmanət qoyan müştərilərə fondun qaydaları ilə bağlı məlumatlar verilməli, bankla müştəri arasında imzalanmış müqavilədə bu şərtlər göstərilməliydi. Ancaq Mərkəzi Bank bu addımların heç birini atmayıb.
Əmanətlərin daha çox hissəsinin sığortalanması üçün Mərkəzi Bankın inzibati resursları da var. Məsələn, Mərkəzi Bank illik faiz dərəcəsinin 12-dən yuxarı olmamasını təlimatla qadağan edə bilərdi və etməli idi də. Bu qadağanın icrasına da asanlıqla nəzarət etmək imkanı var. Çünki əmanətlərinin həcmi və faiz dərəcəsi ilə bağlı məlumatlar Mərkəzi Bankın məlumat bazasına daxil olur. Bu amildən faydalanmaqla banklar üçün 12 faizlik həddi son hədd kimi müəyyənləşdirmək olardı. Ancaq Mərkəzi Bank banklara bu məsələdə "müstəqillik" verib. Nəticədə yüzlərlə əmanətçi Mərkəzi Bankın bu məsuliyyətsizliyinin qurbanı olub.
Bundan başqa, əmanətlərin qorunması sisteminə sahib olan bütün ölkələrdə ictimaiyyətin məlumatlandırılması, onlarla izahedici və maarifləndririci işlərin görülməsi əsas missiya hesab edilir. "Royal Bank" əmanətçilərinin cəmi 29 faizinə kompensasiya ödənilməsi isə onu göstərdi ki, əslində bıı istiqamətdə müştərilərin yalnız 29 faizi məlumatlandırılıb. Daha dəqiq desək, kompensasiya olunan əmanətin həddi ilə əhalinin bu istiqamətdə məlumatlandırılması səviyyəsi arasında sıx əlaqə var. Bu göstərici əhalinin məlumatlandırma səviyyəsini daha dolğun və dürüst əks etdirir.
Burada incə bir nüans var. Sığortalanan əmanətçilərin 15-20 faizi nümunəvi əmanətçilərdir (bank qanunvericiliyindən xəbərdardır, yeniliklər barədə operativ məlumat əldə edirlər). Yəni real olaraq müştərilərin yalnız 9-14 faizi bu istiqamətdə məlumatlandırılıb. Hətta bank sektorundakı mənbənin iddiasına görə, nəinki müştərilər, hətta banklar da əmanətlərin sığortalanması ilə bağlı məlumatlandırılmayıb. Görünür, Mərkəzi Bank rəhbərliyi proseslərin bu istiqamətdə inkişafında özü də maraqlıdır.
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov mediaya açıqlamasında bildirib ki, əmanətçilərlə bağlı proqram təminatı 2013-cü ildə hazır olmalı idi, ancaq çevik iş sayəsində proqram təminatı artıq hazırdır. Beynəlxalq təcrübədə isə əmanətlərin qorunması ilə bağlı bütün hüquqi-normativ aktlar və əmanətçilərlə bağlı informasiya bazası onun fəaliyyətinin ilk 2 ili ərzində tam hazır olur. Ancaq prosesin 2 ildən çox bir müddətdə gecikdirilməsi Mərkəzi Bankı qəti narahat etməyib.
Başqa bir problem isə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatsızlıq mühitidir. Banklara inamı, güvəni aşılayan bir təşkilatın özünün, banklarda əmanətçilərin sayı, onlardan nə qədərinin sığortalı olması barədə real statistika əldə etmək mümkün deyil. Belə təşkilatlarda adətən "şəffaflıq" prinsipi öndə olur. Fondda isə "qaranlıq" mühitdir - fondun internet saytında məlumatlar bərbad durumdadır. Başqa bir problem isə fondun missiyasının, fəaliyyət prinsiplərinin, strateji hədəflərinin ictimaiyyətə məlum olmaması ilə bağlıdır. Təbii ki, belə bir təşkilat əmanətlərin sığortalanması kimi bank sektorunun inkişafı üçün çox vacib olan bir missiyanın öhdəsindən gələ bilməz - "RoyalBank"ın timsalında bunun canlı şahidi olduq.