Ümumdünya Ticarət Təşkilatına üzvlük yenidən gündəmdə
Təşkilata üzvlüyün hansı faydaları ola bilər?
3 Fevral 2016 12:39 İqtisadiyyatAzərbaycanda baş verən iqtisadi böhran ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsini yenidən gündəmə gətirib. Hazırda bir çox ekspertlər bununla bağlı müxtəlif fikirlər ortaya qoyurlar. İndiki situasiyada Azərbaycanın təşkilata üzvlüyünü təqdir edən, eyni zamanda buna lüzum görülmədiyini söyləyənlər də var.
İqtisadçı ekspert Elxan Mikayılov deyir ki, Azərbaycanda ÜTT-nin ölkə iqtisadiyyatına təsirləri ilə bağlı çoxlu manipulyasiya edilmiş fikirlər mövcuddur. Onun sözlərinə görə, ÜTT-yə üzvlüyü gecikdirmək üçün isə bir sıra arqumentlərdən istifadə olunur: "Həmin arqumentlər bunlardır. Birincisi, Azərbaycanda qeyri - neft sektoru yetərincə inkişaf etməyib, ölkə iqtisadiyyatı əsasən neftdən asılıdır. Ona görə Azərbaycan qeyri neft-sektorunu və bu sahədə yerli istehsalı inkişaf etdirməli, daha sonra ÜTT-yə üzv olmalıdır. İkincisi, ÜTT-yə üzvlük idxalın kəskin artımı ilə nəticələnəcək və bu öz növbəsində yerli istehsalçıları rəqabətdə sıxışdıracaq. Ona görə yerli istehsalçılar daha rəqabət qabiliyyətli səviyyəyə çatdırılmalıdır. Ondan sonra ÜTT-yə üzv olmaq olar. Yaxud ÜTT-yə üzvlük kənd təsərrüfatının və ümumulikdə yerli istehsalın inkişaf etdirilməsi üçün dövlət dəstəyini (subsidiyaları, kreditləri, güzəştləri) məhdudlaşdırır. Ona görə hələ lazımı dəstəyi göstərib inkişafa nail olmaq lazımdır. Daha sonra ÜTT-yə üzvlüyü çərçivəsində dəstək mexanizminə keçmək olar. Başqa bir arqument isə ondan ibarətdir ki, ÜTT-yə üzvlüyün zərərləri xeyrlərindən çoxdur. Ona görə bu üzvlüyə tələsmək lazım deyil. Hər halda digər MDB ölkələrinin təcrübəsi belə bir fikrin formalaşmasına səbəb olur. Bildirilir ki, ÜTT-yə üzvlük Azrbaycanın qlobal ticarətdən və həmin ticarətdə baş verən proseslərdən daha çox asılı vəziyyətə gətirəcək. Son maliyyə böhranı bu cür asılılığın təhlükəli olduğun göstərdi. Ona görə daha ehtiyatlı siyasət yürütmək lazımdır". Elxan Mikayılov deyir ki, bütün bu sadalanan arqumentlər ilk baxışdan məntiqli və əsaslı görünür: "Ancaq doğurdanmı ÜTT-yə üzvlüyün təsirləri yuxarıda qeyd edilən formada olacaq və ÜTT yerli istehsalı dəstəkləmək imkanların məhdudlaşdıracaq? ÜTT-yə üzvlüyün ölkə iqtisadiyyatına bir çox faydaları mövcuddur. Bunu digər üzv olan dövlətlərin təcrübəsi sübut edir. Bura əsasən Azərbaycanın ixrac etdiyi mallar üçün (əmtəə və xidmətlər) ÜTT-nin 157 və tezliklə 175-dən çox olacaq üzv dövlətlərinin bazarlarına etibarlı, stabil və ayrı seçkiliklə üzləşmədən daxil olması, Azərbaycan məhsullarına və xidmətlərinə qarşı ÜTT-yə üzv dövlətlərin bazarlarında ədalətsiz rəftara nəzarət imkanı, ÜTT-yə üzv ölkələrdə Azərbaycana ixrac üçün nəzərdə tutulmuş məhsullara qoyulan əsassız məhdudiyyətlərə nəzarət imkanı, Azərbaycanda səmərəli və qlobal cəhətdən rəqabətə davamlı istehsalçıların və xidmət təklif edənlərin inkişafı üçün əlverişli mühitin yaradılması və qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyasına təkan vermək məqsədilə investisiya kapitalının, texnologiyanın və nou hau-nun ölkəyə ötürülməsi və s. daxildir. Həmçinin ixrac və investisiyalarda artımın nəticəsi olaraq Azərbaycanın neft sektorundan kənarda iqtisadi göstəricilərin (məs: iqtisadi artım, məhsul, məşğulluq) yaxşılaşması, investisiya, iqtisadi fəaliyyətlər, istehsal, xidmətlə bağlı fəaliyyətlər, ticarət dövriyyəsi və iş yerlərinin artmasının nəticəsi olaraq maliyyə gəlirlərinin artması, istehlakçıların ucuz qiymətlərə geniş çeşidli, yüksək keyfiyyətli məhsul və xidmətlər əldə etmək imkanlarının çoxalması, biznes mühitinin yaxşılaşması və investisiya cəlbi imkanlarının genişlənməsi, artması; biznesin əməliyyat xərclərinin azalmasını da bura aid etmək olar". Elxan Mikayılov deyir ki, ÜTT-nin qeyd edilən səmərələri içərisində Azərbaycan üçün xüsusi əhəmiyət kəsb edənləri ixracın artırılması, rəqabət mühitinin yaxşılaşması və inhisarçılığın azalması, məhsulların istehlak qiymətlərinin ucuzlaşması və infilyasiyanın azalması, maliyyə sektorunu liberallaşması nəticəsində faiz dərəcələrinin aşağı düşməsi, daha çox xarici investisiyaların, texnologiyaların cəlbi edilməsidir: "ÜTT ilə bağlı mühüm məqamlardan biri üzvlük prosesinin gecikdirilməsinin ölkə iqtisadiyyatına vurduğu zərərlərdir. Belə ki, Azərbaycanda ÜTT-yə üzvlüyün istənilən vaxt mümkünlüyü haqqında fikir formalaşdırılıb. Yəni Azərbaycan nə vaxt hazır olsa, onda üzv olacaq. Ancaq ÜTT üzvləri belə fikirləşmir. İlk növbədə onlar Azərbaycanın danışıqlar prosesində əhəmiyyəli islahatlar etməməsini və danışıq predmeti olmayan məsələlər üzrə öhdəlik götürməməsini üzvlük prosesinə qeyri-ciddi yanaşma kimi qəbul edirlər və bu vəziyyət davam etdikcə onların Azərbaycanın üzvlüyünə marağı və dəstəyi daha da azalır. Bu isə Azərbaycana baha başa gələ bilər. Bir vaxtlar əldə edilməsi mümkün olan şərtləri bu cür yanaşmanın yaratdığı təəsürat nəticəsində artıq əldə etmək olmur. Bundan əlavə üzvlüyün gecikdirilməsinin real zərərləri mövcuddur. Belə ki, Azərbaycan ÜTT sistemindən kənarda qaldığı müddətcə ÜTT-yə üzv ölkələrin istehsalçıları beynəlxalq bazarlarda öz üstünlüklərini qazanırlar və bazar paylarını əldə edirlər. Azərbaycan istehsalçıları üçün sonrakı mərhələlərdə digər ölkələrdən olan rəqibləri ilə yaxşı qurulmuş sistemdə rəqabət aparmaq getdikcə daha da çətin olacaq. ÜTT razılaşmalarını yerinə yetirməyi və əlverişli, stabil və proqnozlaşdırıla bilən ticarət və investisiya mühiti yaratmağı daha çox gecikdirdikcə, əksər MDB və Qərbi Avropa dövlətləri daxil olmaqla ÜTT-nin tələblərini yerinə yetirən digər ölkələr Azərbaycana qoyula biləcək investisiyaları özlərinə cəlb edirlər. Bu investisiyalara beynəlxalq standartlar və təhlükəsizlik tələblərinə cavab verən məhsul və xidmətlərin istehsalı üçün yalnız kapital deyil, eyni zamanda zəruri texnologiya və bacarıqların ötürülməsi daxildir. Digər ölkələr ÜTT qaydaları ilə ticarət etmək sahəsində daha çox təcrübə və bu onlara öz istehsalçılarını və ticarət hüquqlarını daha səmərəli şəkildə qorumağa imkan əldə edirlər. Azərbaycan ÜTT-yə üzv olmadıqca bir çox regional ticarət sazişlərindən kənarda qala bilər. Çünki, həmin sazişlərə qoşulmaq üçün ilkin şərt ÜTT-yə üzvlükdür. Məsələn, Avropa Birliyinin şərq tərəfdaşlıq proqramına qoşulmaq üçün ÜTT-yə üzvlük zəruridir. Digər ölkələrin isə ÜTT-nin gələcək qaydalarının onların öz ticari maraqlarını qoruyacaq şəkildə formalaşdırılmasında iştirak etmək imkanı var. ÜTT-nin razılaşmaları və qaydaları onun üzvləri tərəfindən formalaşdırılır və məcburən qəbul etdirilmir. Ölçüsündən asılı olmayaraq hər bir ölkənin gələcək ÜTT qaydalarının formalaşmasında əhəmiyyətli təsiri ola bilər. Azərbaycanın üzvlüyə qəbul olunmasında bundan sonrakı gecikdirilmələr Azərbaycanın beynəlxalq iqtisadi sistemdə çoxtərəfli danışıqlarda aktiv iştirak etməklə öz düzgün yerini tapmaq bacarığını təhlükə altına qoya bilər". İqtisadçıhesab edir ki, Azərbaycan öz üzvlüyünü gecikdirdikcə üzvlük tələbləri daha da artacaq: "Çünki hazırda davam edən çoxtərəfli danışıqlar çox güman ki, yeni sazişlərin qəbulu ilə nəticələnəcək və Azərbaycan üzvlüyə qəbul olmazdan əvvəl bunlara əməl etməli olacaq. Bu isə Azərbaycanın təşkilata qəbulunu daha da çətinləşdirəcək və gecikdirəcək. Azərbaycana qonşu ölkələrin və onun əsas ticarət tərəfdaşlarının çoxu qəbul üçün danışıqlar aparırlar. Bəziləri danışıqlar prosesinin yekun mərhələləsindədir. Öz qəbulunu gecikdirməklə Azərbaycan lazımsız öhdəliklər götürmək və əhəmiyyətli dərəcədə gecikmək riski ilə üz üzə qala bilər. Çünki bu ölkələrin bəziləri çox güman ki Azərbaycanla danışıqlar aparacaqlar və əlavə güzəştlər və öhdəliklər tələb edəcəklər". Elxan Mikayılovun sözlərinə görə, Azərbaycanın qeyri- neft sektoru məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının əsas ixrac edildiyi ölkələr MDB ölkələri, ən əsası isə Rusiyadır: "Rusiyanın ÜTT-yə üzv olması və Rusiyanın Azərbaycanın ən əsas ticarət tərəfdaşı olması vəziyyəti gərginləşdirir. Belə ki, artıq Rusiya ÜTT qaydalarına keçir və yaxın gələcəkdə öz standartların beynəlxalq standartlara uyğunlaşdıracaq. Bu isə o deməkdir ki, indi rahatlıqla Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsulları artıq bu ölkəyə də ixrac edilə bilməyəcək və ya həmin standartlara uyğunlaşdırılmalı olacaq. Odur ki, Azərbaycan ticarət tərəfdaşlarının ÜTT-yə üzv olması ixracı daha da darlaşdırır. Digər tərəfdən, Rusiyanın ÜTT-yə üzv olması bu ölkəyə digər dövlətlərdən daha yaxşı və beynləlxalq standartlara uyğun məhsul idxal etmək imkan yaradır. Yəni, Rusiya bazarı üçün beynəlxalq rəqabət kəskinləşəcək . Nəticədə Azərbaycana Rusiyaya məhsul ixrac etmək daha da çətin olacaq. Beləliklə, Azərbaycan ÜTT-yə üzvlüyü gecikdirdikcə ixrac imkanların da buna uyğun olaraq məhdudlaşdırır. ÜTT-ə üzv olmaqla Azərbaycan oz mallarını yeni alternativ bazarlara ixrac etmək üçün daha çox imkanlara malik olacaq".
Füzuli