Bank sektorunda islahatlar davam etdirilməlidir

Manatın məzənnəsini qoruyub saxlamaq üçün ölkənin tədiyyə balansında müsbət saldo mühafizə edilib saxlanılmalıdır

İkinci devalvasiya dalğasından sonra hökumətin proseslərə ciddi müdaxilə etməsi, antiböhran tədbirlərinin həyata keçirilməsi ölkənin maliyyə bazarında nisbi sakitlik yaradıb. Hətta bəzi hallarda Amerika dollarının əvvəlki səviyyədən bir qədər aşağı düşdüyü də müşahidə edilir. Nəticədə milli valyuta tədricən möhkəmlənir. Ancaq bu prosesin davamlı olub-olmayacağı, manatın bir qədər də dəyərinin artırıb-artırmayacağı tam bəlli deyil. Bəs görəsən iqtisadçı ekspertlər bu barədə nə düşünür?

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, manatın devalvasiyasının Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının azalması tendensiyasının qarşısını almaq üçün zəruri vasitələrdən biri olduğu haqda söyləntilərin kökündən səhv olduğu özünü bir daha əyani olaraq göstərdi. Onun sözlərinə görə, ötən ilin dekabr ayının 21-də 48 faiz ucuzlaşdırmaya baxmayaraq, 2016-cı ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatı 618,2 milyon dollar azalaraq 4,4 milyard məbləğə düşüb: "Əslində, bu, 2015-ci ilin fevral ayının 21-də ilk məzənnə dəyişikliyindən sonra da sübut olunmuşdu. Belə ki, ötən ilin dekabr ayının əvvəlində yazdığım məqaləmdə də sual etmişdim ki, Azərbaycan Mərkəzi Bankıın fevralda manatın dəyərini ucuzlaşdırması valyuta ehtiyatlarının azalması tempini zəiflətdimi? Sözsüz ki, yox. Bu mənada, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları həcminin hər ay azalmasına bahəm, hökumətin niyə devalvasiyaya getmədiyini iddia edənlər və bunu, bir qəbahət olaraq irəli sürənlər sözügedən arqumentlərindən yəqin ki, artıq, "əl çəkiblər. Ümumiyyətlə, aydın deyildi ki, devalvasiyaya tədbirinin Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının azalması prosesini guya yavaşlada bilər fikri hansı məntiqə söykənir və bunu məhz hansı iqtisadi qanunlar belə deyirdi?. Hələ üstəlik, bizdəki devalvasiya da deyil axı. Məzənnənin inzibati yolla tənzimlənməsidir". Bəs, bundan sonra vəziyyət necə olacaq və mövcud ehtiyatlar sıfırlanacaqmı?. Pərviz Heydərov bunun təkzib edir. Onun sözlərinə görə, manatın məzənnəsini qoruyub saxlamaq üçün ölkənin tədiyyə balansında müsbət saldo nəyin bahasına olursa olsun, mühafizə edilib saxlanılmalıdır: "Bünün üçün isə ölkədən valyuta axının qarşısının getdikcə, ən müxtəlif və bir az da sərt şəkildə alınması tədbirlərindən çəkinməmək lazımdır... Üstəlik, dövlət büdcəsi gəlirlərinin təminində neftin qiymətindən daxilolmalar maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Artıq, 2016-cı ilin dövlət büdcəsinə təcili olaraq ediləcək müvafiq dəyişikliklərdə neftin 1 barelinin qiymətinin 25 ABŞ dollarına salınacağı nəzərdə tutulub... Hesab edirəm ki, bu, olduqca müsbət təsirə malik olacaq". İqtisadçı deyir ki, vəziyyətdən çıxış yollarından biri də bank sektorunda islahatların davam etdirilməsindədir: " Lakin, bu islahat onların bilavasitə ucdantutma bağlanmaları ilə müşahidə edilməməlidir. Ən sərt tədbir kimi hələlik
konsolidasiyaya üstünlük verilməlidir. Çünki hazırda sosial-iqtisadi vəziyyət bir qədər gərgindir və bunu mütləq nəzərə almaq lazımdır.
İqtisadçı Samir Əliyev isə deyir ki, cari ilin yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatı 618,2 milyon dollar azalaraq 4,4 milyard dollara düşüb. Bununla da Mərkəzi Bankın ehtiyatı 2008-ci ilin mayından sonra ən aşağı səviyyəyə düşüb: "Bankın ehtiyatını müəyyən qədər Neft Fondu qoruyub. Fond ötən ay təxminən 600 milyon dollara yaxın satış həyata keçirib. Ümumilikdə 1,2 milyard dollardan çox satış olub". Samir Əliyev son günlər banklar tərəfindən az dollar alınmasının səbəbini Mərkəzi Bankın rəsmi statistikasının da təsdiq etdiyini vurğulayıb: "Belə ki, yanvar ayında pul bazası birdən-birə 16 faiz və ya 1,1 milyard manat azalıb. Pul bazasının səviyyəsi 2010-cu il həddinə düşüb. Mərkəzi Bank pul bazasını məhdudlaşdırmaqla bankların dollara olan tələbatını süni şəkildə azaldır və beləcə manata süni nəfəs verir. Pul bazasının azaldılması həmçinin inflyasiyanın cilovlanması üçün bir vasitədir. Ancaq bu, ölkədə iqtisadi aktivliyi zəiflədir, sahibkarlığın inkişafı üçün maliyyə resurslarını məhdudlaşdırır".


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31