Iqtisadi və Sosial İnkişaf Mərkəzi yenə də ən güclü beyin mərkəzi seçilib
2 Fevral 2016 11:45 İqtisadiyyatABŞ-ın Pensylvaniya Universiteti hazırladığı dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı beynəlxalq hesabat Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil qərargahında təqdim edilib. Hesabatın təqdimatı eyni zamanda dünyanın 100-dən artıq ölkəsində də təşkil edilib. Sözügedən sənədin eyni zamanda beynəlxalq maliyyə qurumlarında o cümlədən Dünya Bankında da təqdimatı həyata keçirilmişdir. Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilmiş və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilmişdir. Beynəlxalq qiymətləndirmədə Iqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçildiyi elan olunub. CESD hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib. Iqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) "Olaylar"a verilən məlumata görə, artıq CESD 7 ildir ki, Cənubi Qafqaz və Orta Asiyan regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayıb. Hələlik dünyada yeganə qlobal qiymətləndirmə olan və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, eləcə də mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhvəsinin səviyyəsini göstərir. CESD regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlar ilə rəqabət aparıb. Təbii ki, regionda birinci olmaq CESD üçün yeni prioritetlər müəyyənləşdirməklə yanaşı ciddi məsuliyyət də formalaşdırır. Bu ildə biz region ilə yanaşı qlobal arenadakı mövqeyimizi də qoruyub saxlamağa, gücləndirməyə çalışacayıq. Aparıcı beyin mərkəzlərinə mükafatların təqdim edilməsi bu ilin mayında Yaponiyanın paytaxtı Tokyo şəhərində təşkil olunacaq. CESD Cənubi Qafqaz və Orta Asiyanı sözügedən tədbirdə təmsil edəcək. Xatıradım ki, ötən ilin dekabrında Çin Elmlər Akademiyasının hazırladığı hesabatda da CESD dünyanın 100 ən güclü beyin mərkəzi siyahısına daxil edilmişdi.