İstehlakçılar məlumat almaq hüququndan niyə istifadə etmirlər?

İstehlak bazarının tənzimlənməsi, ən müxtəlif mal və məhsulların zəruri standartlara uyğunlaşdırılması, bütün istiqamətlərdə nəzarətin təşkili məsələləri ölkə iqtisadiyyatının faktiki keyfiyyət mərhələsinin başlıca tələblərindəndir. Mövcud qanunvericiliyə görə, hər bir istehlakçı malları seçərkən sərbəstdir və mal haqqında dolğun və düzgün məlumat almaq hüququna malikdir. İkinci məsələ həmin malların və xidmətlərin lazımi keyfiyətdə olması və təhlükəsizliyi ilə bağlıdır. İstehlakçıya dəyən zərərin müəyyənləşdirilməsi və onun ödənilməsi, həmçinin zəmanətli və müddətli satış şərtlərinin tələblərinə əməl olunması istehlakçıların hüquqlarının qorunmasının zəruri şərtlərindəndir. Məhz butün bunlar nəzərə alınaraq ölkənin ərzaq təhlükəsizliyinin təmini, istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunması, ticarət norma və qaydalarına əməl olunması qarşıya qoyulan mühüm vəzifələrdəndir.

İstehlakçı hüquqları daha çox hansı hallarda pozulur? 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirlərinə baxmayaraq, hələ də bir sıra sahibkarlıq subyektləri tərəfindən istehlakçıların hüquqlarının pozulması hallarına rast gəlinməsi istehlakçı və satıcıların maarifləndirilməsinin aktuallığını ortaya qoyur. Müşahidələr göstərir ki, istehlakçı hüquqlarının pozulması hallarına daha çox malların qablaşdırılması və etiketlənməsi, zəmanətlərin verilməsi, endirim kampaniyalarının keçirilməsi, lazımi keyfiyyətdə olmayan və ya saxta malların geri qaytarılması zamanı rast gəlinir. Bu pozuntuların baş verməsinin əsas səbəblərindən biri isə istehlakçıların öz hüquqlarını lazımi səviyyədə bilməmələri, istehsalçıların, habelə malların, işlərin və xidmətlərin satışını həyata keçirən sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşmamasıdır. Buna görə də bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün inzibati tədbirlərin gücləndirilməsi ilə yanaşı mövcud qanunvericiliyin tələblərinin istehlakçılar və sahibkarlara aşılanması, bir sözlə onlar arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bu məsələlər "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə tənzimlənir. Sözügedən Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. Qanunun 13-cü maddəsinə görə, istehlakçıların mal (iş, xidmət) haqqında dolğun və düzgün məlumat almaq hüququ vardır. Belə ki, istehsalçı, satıcı, icraçı istehlakçıya mal haqqında dolğun və düzgün məlumat verməyə borcludur. Məhz bu səbəbdən istehsalçı malın üzərində müvafiq normativ sənədə uyğun olaraq istehlakçını maraqlandıran malın adı, istehsalçının adı və ünvanı, mənşəyi və istehsal olunduğu ölkə, tərkibi, ticarət nişanı, istehsal tarixi, saxlanma şəraiti və müddəti, xalis çəkisi, qida dəyərliliyi, qiyməti, malın işlədilməsi və təhlükəsiz istifadə edilməsi qaydaları, malın hazırlanmasında istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma haqqında və s. məlumatları yerləşdirməlidir.

İdxal mallarda Azərbaycan dilində məlumatlar göstərilmir 

Eyni zamanda Azərbaycan Respublikasında istehsal edilən və ölkəyə idxal olunan malların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri xarici dillərlə yanaşı Azərbaycan dilində tərcüməsi ilə müşayiət olunmalıdır. Dövlət dilində markalanmayan malların Azərbaycan Respublikası ərazisində satılmasına icazə verilmir. Bütün bunlarla yanaşı istehlakçı bilməlidir ki, mövcud qanunvericilikdə malların, o cümlədən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlar və tələblər müəyyən edilmişdir. Bu standartlara və tələblərə əməl edilməsi isə yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Ölkədə istehsal edilən, eləcə də respublikaya idxal olunan yeyinti məhsullarının tərkibi Səhiyyə Nazirliyinin müvafiq qurumu tərəfindən kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərinə görə ekspertizadan keçirilməli və dövlət reyestrində gigiyena qeydiyyatına alınmalıdır. Dövlət gigiyena qeydiyyatına alınmış yeyinti məhsulları müvafiq qaydada sertifikatlaşdırılır, yəni onlara gigiyenik sertifikat verilir. Həmçinin, yeyinti məhsullarının standartların və digər normativ-texniki sənədlərin tələblərinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən sertifikatlaşdırılmalıdır. İstehlakçı olaraq hər kəs aldığı malın hazırlanmasında istinad olunan normativ-texniki sənəd (standart, texniki şərt və s.) və sertifikatlaşdırma haqqında məlumat almaq hüququna malikdir. Satıcı müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də istehlakçıya dolğun və düzgün məlumat verməyə borcludur. Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətləri yalnız manatla göstərməli, hesablaşma zamanı satıcı-kassir müştəri ilə malın, işin və xidmətin pulunu alarkən aldığı pulun məbləğini aydın deməli və qalıq pulu ayrıca olaraq müştəriyə yaxşı görünən yerə qoymalıdır. Kassa aparatında çek vurmalı, mal ilə birgə istehlakçıya verməlidir. Bu prosesdə hər hansı yanlışlığa yol verilərsə, istehlakçı öz hüquqlarını tələb edə bilər. Nəzərə almaq lazımdır ki, satıcıdan tələb edilən çek, sonradan alınan keyfiyyətsiz malın geri qaytarılması üçün ciddi əsasdır. Ona görə də, mal alarkən qeyd olunan məlumatları almaqda təşəbbüskarlıq göstərmək vacisdir. 

Satıcılar qiymətdə də aldada bilərlər 

İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qanunla qadağan edilir. Satıcı istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməli, istehlakçıya aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək üçün lazımi şəraiti yaratmalıdır. Zərurət yarandığı halda isə satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Ticarət və xidmət müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. İstehlakçıları maraqlandıran başqa bir məsələ də aldığı malların qiymətidir. Əgər satıcı tərəfindən qiymətdə aldanıldığınızı güman edirsinizsə, onda aldığınız malın qiyməti haqqında sənədləri tələb edin. Mövcud qanunvericiliyə görə, satıcı həmin sənədləri təqdim etməlidir. Göründüyü kimi mövcud qanunvericilikdə bu sahədə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı kifayət qədər əsaslar vardır. Odur ki, mövcud problemlərin aradan qaldırılmasına, daha sivil sahibkar-istehlakçı münasibətlərinin formalaşmasına ehtiyac duyulur.


Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31