Bank sektoruna yeni “nəfəs” verilir

Bəs, bağlanmış banklara kredit borclar necə ödəniləcək?

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqrammı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev ölkənin iqtisadi inkişafının dinamikliyini təmin etmək məqsədilə bir sıra tapşırıqlar verib. Üstəlik dövlət başçısı həmin tapşırıqların icrası üçün konkret yollar da göstərib. Məsələn, ölkənin pul-kredit siyasətinə toxunan dövlət başçısı qeyd edib ki, Azərbaycanda bank sektorunun sağlamlaşdırılması prosesi daha sürətlə getməlidir: "Bank sektoru Azərbaycan iqtisadiyyatına daha da çox fayda verməli, iqtisadiyyatın real sektoruna daha da çox kredit resursları təşkil etməlidir". Xatırladaq ki, dövlət başçısı bu sahədə islahatların həyata keçirilməsilə bağlı tövsiyələrini hələ Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vermişdi. Verilən tapşırıqların icrası məqsədilə  Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bldirmişdi ki, Azərbaycan banklarında konsolidasiya prosesi baş verəcək. Zəif banklar birləşməlidir və bu bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq. Baş banker əlavə etmişdi ki, zəif bankların birləşməsi beynəlxalq banklar üçün də əlverişlidir? "Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir. Bu addım Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımlardan biridir". Məlumat üçün qeyd edək ki, hazırda banklar iqtisadiyyatı kreditləşdirməkdə davam edir. İl ərzində 7,5 mlrd. manat, o cümlədən 5 mlrd. biznes krediti verilib. Problemli kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi 6,5%-dir". E.Rüstəmov qeyd edib ki, kapital adekvatlılığı 17%-dir. Onun sözlərinə görə, beynəlxalq standartlara görə 8% olmalıdır: "Bank sektorunun məcmu kapitalı son ildə 2 dəfə artaraq 4,2 mlrd. manata çatıb. Likdvidlik tələbi 2 dəfədən çox üstələyir. Stress testlər göstərir ki, bank sektoru ən pis ssenaridə ödəniş qabiliyyətini qoruyub saxlayacaq" . Xatırladaq ki, artıq "Gəncə Bank" ASC, "Bank of Azerbaijan", "Yunayted Kredit Bank" ASC və "NBCBank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC və "Atrabank" ASC-nin bank lisenziyaları ləğv edilib. Məlumat üçün bildirək ki, bu vaxta qədər Azərbaycanda 46 bank fəaliyyət göstərirdi. Lakin zaman göstərdi ki, bu bankların heç də hamısı nəinki iqtisadiyyata xeyir vermir, heç müştərilər qarçısında öhdəliklərini yerinə yetirə blmirlər. Ekspertlər hesab edirlər ki, ərazisinə və əhalisinin sayına görə 46 bank Azərbaycan üçün çoxdur. Odur ki, bir sıra banklara təklif olunmalıdır ki, kiçik və zəif banklar birləşmə yolu ilə daha iri təşkilata çevrilsin. Bundan başqa, alternativ yol kimi bir sıra bankların qeyri-bank kredit təşkilatına çevrilmək variantı mövcuddur. Bununla həyat qabiliyyəti olmayan banklar ümumiyyətlə bazardan çıxarılmalıdır. Mütəxəssislər hesab edirlər ki, banklardakı əsas problemlərdən biri kimi maliyyə çatışmazlığıdır. İstehlak kreditlərinin getdikcə azalması, əhalinin əmanət yerləşdirməyə maraq göstərməməsi və bank gəlirlərinin daha çox yüksək faiz əsasında formalaşması isə yaranmış vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən bankların bəzisi xidmət şəbəkəsini kiçiltmək və ixtisarlar aparmaq məcburiyyətində qalır. 

Yeri gəlmişkən qeyd edək ki, sözügedən banklar məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə bağlanıb. Bu isə o deməkdir ki, ölkədə baş verən devalvasiyadan bəzi banklar iflic vəziyyətə düşüb. İndi isə banklarda əmanəti, yaxud kredit borcu olan əhalinin vəziyyətin hansı istiqamətdə cərəyan edəcəyi, daha doğrusu banklara qoyduqları əmanətləri və ya kredit borclarının taleyi maraqlandırır. Məlumat üçün qeyd edək ki, qanunvericiliyə əsasən, bankın bağlanması oradan kredit götürmüş şəxsləri öhdəliklərdən qətiyyən azad etmir. Bank bağlansa da, ödənişlərə nəzarəti ora təyin edilmiş ləğvedici komissiya həyata keçirir. Belə ki, bank ləğv edildikdən sonra ləğvedici qurum bankın kredit və debitor borcları üçün müvafiq tədbirlər görür. Müştərilər bankın hansı filialından kredit götürüblərsə, həmin filiallar vasitəsilə ödənişlərini həyata keçirə bilərlər. Borcalanlar ödənişləri vaxtında həyata keçirməsələr ləğvedici komissiyanın məhkəməyə müraciət etmək hüququ yaranır. Qanunvericiliyə görə, bağlanmış bankın müştərisi başqa banka da köçürülə bilər. Fəaliyyətdə olan banklar etibar qazanmış müştərilərə kredit verməklə təklif edə bilərlər ki, lisenziyası ləğv edilmiş banka olan borcunu bağlasın. Bu o məqdəslə edilir ki, lisenziyası ləğv edilmiş bankın əmanətçilərinin vəsaitləri geri qaytarılması mümkün olsun. Xatırladaq ki, Mərkəzi Bankdan verilən məlumata görə, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq lisenziyası geri alınmış banklara müvəqqəti inzibatçı təyin edilib. İqtisadçı ekspert Vuqar Bayramov qeyd edib ki, əslində, bu da son deyil. Çünki, hal-hazırda Azərbaycanda elə bank və hətta banklar fəaliyyət göstərir ki, müştəri hətta əmək haqqı hesabından belə öz halal pulunu çıxara bilmir. Ev alqı-satqısı nəticəsində cari hesabındakı pula həsrət qalanların sayı da heç də az deyil. Odur ki, "axsayan bankları" zamanında ləğv edib bank sektorun özünə nəfəs verməyə ehtiyac var. İqtisadçı-ekspert Qubad İbadoğlu da bildirib ki, hazırkı situasiyada baş verən bankların ləğvi və birləşməsi prosesi düzgün idarə olunarsa və banklar yenidən strukturlaşdırılarsa, bu, son nəticədə bankların sağlamlaşmasına gətirib çıxara bilər: "Yox əgər, bu poses oliqarxlar arasında bank kapitalı uğrunda qeyri-sağlam mübarizəyə gətirib çıxaracaqsa, o halda bundan bütövlükdə maliyyə-bank bölməsi ziyan çəkəcək. Odur ki, indiki həssas zamanda bankların bağlanmasına və birləşdirilməsinə dair geniş informasiyalara xüsusilə də səhmdarların və əmanətçilərin asan çıxışı təmin olunmalıdır. Hesab edirəm ki, "parnik bankları"nın konsolidasiyası və ləğvetməsi, eləcə də özünü müflis elan etməsi prosesləri davamlı olmalıdır. Bank kapitalının təmərküzləşməsindən sonra başlayacaq növbəti mərhələdə rəqabətli mühiti təmin etmək üçün bu bazara xarici kapitalın sərbəst girişinə olan bütün inzibati və hüquqi baryerlər aradan qaldıırılmalıdır".


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31